Bu günlərdə Moskvanın Vega İzmailovo Konqres Mərkəzində Rusiya uşaq cərrahlarının XI Forumu keçirilib. Bu, 2002-ci ildən Rusiya Uşaq Cərrahları Assosiasiyasının himayəsi altında hər il keçirilən və 1800-ə yaxın iştirakçını birləşdirən böyük peşəkar tədbirdir. Uşaq cərrahiyyəsi, neyrocərrahiyyə sahələri üzrə aparıcı mütəxəssisləri, ixtisaslaşmış xəstəxanaların rəhbərləri və gənc həkimləri bir araya gətirən forumda üç gün ərzində Rusiyadan və qonşu ölkələrdən uşaq cərrahiyyəsi və müvafiq sahələr üzrə mütəxəssislər tərəfindən 120-dən çox təqdimat olub. Mütəxəssislər öz fikirlərini və şəxsi təcrübələrini bölüşərək, ümumi həll yollarını müzakirə edib, geniş spektrli aktual problemlərə toxunublar. Əyani tədbirə 700-dən çox iştirakçı qatılıb.
Azərbaycanı bu forumda ATU-nun Uşaq cərrahiyyəsi kafedrasının assistenti Namiq Xəlilov təmsil edib. O, bölmələr üzrə moderator, “Mühazirələr dövrü” bölməsinin həmsədri olub.
Forumun simpoziumunda “Uşaqlarda pilonidal sinus diaqnostikası və müalicəsi” mövzusunda məruzə ilə çıxış edən N.Xəlilov, müxtəlif dəyirmi masalarda, ustad dərsləri, cərrahi simpoziumlar, elmi şuranın iclasları və gənc alimlərin müsabiqəsində də fəallıq göstərib.