Noyabrın 5-də “GİNius Tələbə-Gənclər Kuboku 2025” çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyunun respublika final mərhələsi keçirilib
Yarış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Fibonacci” MMC-nin tərəfdaşlığı ilə Azərbaycan İdman Akademiyasında baş tutub.
Açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva və ATGTİ-nin sədri Rəşad Zeynalov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Final mərhələsində ölkənin müxtəlif şəhər və regionlarını təmsil edən 33 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Azərbaycan Tibb Universiteti (ATU) yarışda ATU THİK İntellektual Oyunlar Klubunun “OLD School”, “Hiphoprat” və “Vastator” komandaları ilə təmsil olunub.
Yekun nəticələrə əsasən, ATU-nun “OLD School” komandası respublika üzrə üçüncü yerin qalibi olub. Komandanın üzvləri — Rəsul Rzayev (222A11a), Bəhruz Abasov (122A8a), Emil Şəfizadə (422A3a), İlahə Sadıqova (121İ1a) və Günay Əzimova (123İ1a) bu uğurun əldə olunmasında böyük pay sahibi olublar. Qaliblər sertifikat və pul mükafatı ilə təltif ediliblər.
Layihə çərçivəsində cari ilin 16 oktyabr tarixindən etibarən ümumilikdə 10 yarımfinal oyunu təşkil olunub. Yarımfinal mərhələləri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Tərtər və Naxçıvan şəhər və rayonlarını əhatə edib. Ümumilikdə 86 ali və orta ixtisas təhsili müəssisəsindən 164 komanda (820 tələbə) layihədə iştirak edib.