ATU-nun nümayəndə heyəti Özbəkistana səfər edərək, Səmərqənd Dövlət Tibb Universiteti (SDTU) və Daşkənd Dövlət Tibb Universitetində (DDTU) olub
Səfərin ilk hissəsində universitetimizin rektoru, professor Gəray Gəraybəyli SDTU-nun həmtəşkilatçılığı ilə keçirilən “Əsas lokalizasiyalarda cərrahiyyənin və onkologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfransın açılış hissəsində çıxış edib.
Sonra SDTU və ATU rektorlarının görüşündə iki ali təhsil müəssisəsinin sıx əməkdaşlıq etdiyi vurğulanıb. Qeyd olunub ki, universitetlər arasında əməkdaşlığa dair anlaşma memorandumu mövcuddur. Bu memorandum çərçivəsində tələbə və müəllim mübadiləsi, qarşılıqlı səfərlər və birgə elmi layihələr mütəmadi şəkildə həyata keçirilir.
Rektor Gəray Gəraybəyli səfərin əhəmiyyətini vurğulayaraq bildirib: “Səmərqənd Tibb Universiteti ilə əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanır. Biz tədris, elmi araşdırma və innovativ layihələr sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq”.
SDTU-nun rektoru, professor Jasur Rizayev isə azərbaycanlı həmkarlarını Səmərqənddə qarşılamaqdan məmnun olduğunu qeyd edib: “Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq bizə tədrisin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq təcrübə mübadiləsinin gücləndirilməsi üçün geniş imkanlar yaradır. Xüsusilə Özbəkistandan ATU-ya praktikaya gedən tələbələrimizin tədris şəraitindən və oradakı peşəkar mühitdən razı qalması bizi çox sevindirir. Bu, tərəfdaşlığımızın səmərəli nəticələrinin bariz nümunəsidir”.
Səfər zamanı ATU nümayəndə heyəti universitetin tədris binaları, kafedraları, klinik bazası, muzeyləri, Simulyasiya Mərkəzi ilə tanış olub. Görüşlərdə təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Daha sonra universitetimizin nümayəndə heyəti DDTU-da olub. Universitetin rektoru Şuxrat Boymuradov ATU rektorunun başçılıq etdiyi nümayəndə heyətini görməkdən çox məmnun olduğunu ifadə edib. DDTU-nun tarixi haqqında məlumat verən rektor qeyd edib ki, universitet 2025-ci ildə Daşkənd Tibb Akademiyası, Daşkənd Pediatriya İnstitutu və Daşkənd Stomatologiya İnstitutunun əsasında qurulub.
Rektor G.Gəraybəyli adıçəkilən qurumlarla daha əvvəl əməkdaşlıqların həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrin yeni yaradılmış DDTU ilə davam etdiriləcəyinə inandığını söyləyib.
Görüş çərçivəsində ATU və DDTU arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum birgə elmi-tədqiqat proqramları, alim və mütəxəssislərin, eləcə də inzibati heyətin mübadiləsi, onların peşəkar inkişafı, bakalavr, magistr və rezidentlərin mübadiləsi, birgə seminarlar, konfranslar və görüşlərin həyata keçirilməsini özündə əks etdirir.
Sonra professor Gəray Gəraybəyli ilə DDTU-nun Psixiatriya kafedrasının professor-müəllim heyəti və tələbələri arasında görüş keçirilib. Görüşdə tədris prosesi, klinik və elmi fəaliyyət, həmçinin mübadilə imkanları haqqında geniş müzakirələr aparılıb.
Həmçinin ATU-nun nümayəndə heyəti DDTU-nun kafedraları, kitabxanası, Elektron Qeydiyyat Mərkəzi və Simulyasiya Mərkəzi ilə yaxından tanış olub.