Azərbaycan Tibb Universitetinin rəhbərliyi şəhid ailə üzvü olan əməkdaşlarla görüşüb

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan universitet əməkdaşları ilə görüşüb

Rektor, professor Gəray Gəraybəyli bildirib ki, 30 il həsrətində olduğumuz doğma torpaqlarımız artıq beş ildir ki, qəhrəman Ordumuzun igidliyi və yenilməzliyi sayəsində azadlığa qovuşub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində yetişən vətənpərvər nəsil Qarabağın azadlığı uğrunda canından keçərək xalqımıza qürur bəxş edib. Bütün şəhidlərimizin, o cümlədən şəhid tibb işçilərinin fədakarlığı və sonsuz Vətən sevgisi daim minnətdarlıqla anılır.

Rektor vurğulayıb ki, Azərbaycan xalqı qəhrəman şəhidlərini heç vaxt unutmayacaq, dövlətimiz isə hər zaman şəhid ailələri və qazilərin yanındadır.

Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov isə qeyd edib ki, universitet rəhbərliyi şəhid ailəsi üzvü olan əməkdaşlara daim diqqət və qayğı ilə yanaşır, onların sosial problemlərinin həllinə xüsusi önəm verir.

Görüşün sonunda professor Gəray Gəraybəyli 8 Noyabr – Zəfər Günü münasibətilə hər kəsi təbrik edib, xalqımıza sülh, rifah və xoş günlər arzulayıb.