Rektor Gəray Gəraybəyli: Bu, sadəcə hərbi qələbə deyil, həm də xalqımızın inamının, birliyinin və iradəsinin təntənəsidir
Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə ATU-da 44 günlük Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “Zəfərə gedən yolda həkimin mübarizəsi” adlı elmi-praktik konfrans keçirilib.
Tədbirdən əvvəl ATU-nun rektoru, professor Gəray Gəraybəyli, universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti, eləcə də Müdafiə Nazirliyinin məsul əməkdaşları universitetin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Sonra iştirakçılar Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Elmi Cəmiyyəti təşkilatçılığı ilə təqdim olunan rəsm sərgisinə baş çəkiblər. Sərgidə universitet tələbələrinin Zəfər mövzusunda 31 rəsm əsəri və 5 əl işi nümayiş olunub. Rektor tələbələrlə söhbət edib, bir-birindən maraqlı əsərlər ziyarətçilər tərəfindən yüksək qiymətləndirilib.
Oftalmoloq-cərrah, tibb xidməti kapitanı Rəhman Hüseynzadənin aparıcılığı ilə konfrans öz işinə Dövlət Himninin səsləndirilməsi və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhunun ehtiramla yad edilməsi ilə başlayıb. Tədbirin məqsədi odlu silah yaralanmaları zamanı həkimlərin multidisiplinar yanaşmasını gücləndirmək, ilkin tibbi yardım və ixtisaslaşmış cərrahi müdaxilə üzrə müasir protokolları müzakirə etmək, real döyüş şəraitində qazanılmış təcrübələri paylaşmaq idi.
Müharibə zamanı həkimlərimizin fəaliyyətini əks etdirən video-rolikin nümayişindən sonra universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edib. Tədbir iştirakçılarını salamlayan rektor, 8 Noyabr - Zəfər Günü münasibəti ilə hamını təbrik edib. O, Nobel mükafatçısı, böyük türk alimi Əziz Səncərin Qarabağ Zəfəri ilə bağlı fikirlərini yada salıb: “Əziz Səncər Qarabağ Zəfərini türk dünyasının son 200 ildə qazandığı ən böyük qələbə kimi qiymətləndirmişdi. Bu qələbə, sadəcə hərbi qələbə deyil, həm də xalqımızın inamının, birliyinin və iradəsinin təntənəsidir. Hər bir qələbə, hər bir zəfər bu dəyərləri qorumağa, gələcək nəsillərə ötürməyə xidmət edir. Qələbəyə olan inamı isə bizdə Ulu Öndər Heydər Əliyev yaradıb. Onun aşıladığı inam və Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” sayəsində Azərbaycan qalib gəldi. Ordumuzun rəşadəti, sücaəti, xalqımızın birliyi sayəsində torpaqlarımız qarış-qarış, kənd-kənd işğaldan azad edildi”.
Professor G.Gəraybəyli torpaqlarımızın düşmən işğalından azad olunmasında ATU məzunlarının fədakarlığına toxunaraq, döyüş meydanında onların yaralı hərbçiləri necə təxliyə etmələrindən danışıb. Həmçinin bu qələbənin xalqımıza itkisiz başa gəlmədiyini, müharibə zamanı Tibb Universitetinin 18 məzununun qəhrəmancasına şəhid olduğunu bildirib.
Müdafiə Nazirliyinin Tibb baş idarəsinin rəisi, polkovnik Anar İsmayılov da şanlı qələbəmizin qazanılmasında hərbi həkim və digər tibb işçilərinin müstəsna rolundan söhbət açıb, onların bu qələbədə əvəzolunmaz payı olduğunu vurğulayıb. Müharibə zamanı 42 həkim və tibb işçisinin şəhid olduğunu, 149 nəfərin isə yaralandığını diqqətə çatdıran idarə rəisi, hərbi tibb sahəsində aparılan islahatlar, yeniliklər, yeni inşa edilmiş hospitallar və s. barədə məlumat verib.
Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar Assosiasiyasının sədri Eldar Əhmədov həkimlərin döyüşlər zamanı göstərdiyi fədakarlıqları, neçə-neçə hərbçinin həyatını qurtarmalarını, özü və rəhbəri olduğu qurumun üzvlərinin də bu prosesdə yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Konfransın sədri, tibb xidməti polkovnik-leytenantı Anar Aslanov həkimlərimizin şərəfli döyüş yoluna toxunub, nümunələr səsləndirib. Bildirib ki, Vətən müharibəsində şəhidlərin sayı digər müharibələrlə müqayisədə daha az olub. Bunun səbəbi isə həkimlərimizin birbaşa döyüş meydanında yaralılara ilkin tibbi yardım göstərməsi və onları təxliyə etməsi olub. Onun Zəfərlə bağlı təqdimatı və sonda səsləndirdiyi “Mənim Şuşam” şeiri alqışlarla qarşılanıb.
Açılış mərasimindən sonra konfrans öz işini travmatologiya, reanimasiya, ortopediya, neyrocərrahiyyə, ümumi cərrahiyyə, plastik və rekonstruktiv cərrahiyyə sahələrində çalışan mütəxəssislərin məruzələri ilə davam etdirib.