ATU-da Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib. Tədbir ATU-nun Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Müsabiqənin əsas məqsədi tələbələrin yaradıcılıq bacarıqlarını nümayiş etdirməsi, elmi düşüncə tərzini, vətənpərvərlik və zəfər ruhunu sənət vasitəsilə ifadə etmək olub. Tələbələr təqdim etdikləri əsərlərdə həm tibb və sağlamlıqla bağlı elmi mövzuları, həm də xalqımızın mübarizə və qəhrəmanlıq ruhunu, doğma Vətənə və mədəniyyətə sevgini əks etdiriblər. Əsərlərdə sülh, birlik, mərhəmət və bəşəri dəyərlər motivləri ilə yanaşı, gəncliyin gələcəyə baxışı, inkişaf və yenilik arzuları da öz əksini tapıb.

Müsabiqəyə ümumilikdə 36 eksponat təqdim olunub. Onlardan 31-i rəsm əsəri, 5-i isə əl işidir. Əl işləri arasında gildən hazırlanmış əsgər fiquru, Şuşa qalası maketi, plastilindən hazırlanmış diş modeli, “Dəmir yumruq” heykəli və sabun nümunələri yer alıb.

Yaradıcılıq müsabiqəsində ATU-nun müxtəlif fakültələrindən tələbələr iştirak ediblər. Onların arasında Müalicə-profilaktika fakültəsinin I kursundan 17, II kursundan 7, Əczaçılıq fakültəsindən 4, Stomatologiya fakültəsindən 5, Tibb bacılığı fakültəsindən isə 6 tələbə yer alıb. Ümumilikdə iştirakçılar arasında 6 xarici tələbə də olub.

Qaliblərin müəyyənləşdirilməsi səslərin hesablanmasından sonra aparılacaq. Mükafatlandırma mərasiminin 12–14 noyabr tarixlərində keçirilməsi planlaşdırılır. Qaliblər diplom və hədiyyələrlə təltif ediləcəklər.