Ötən il dekabrın 29-dan etibarən Azərbaycan Tibb Universitetində qış semestr imtahanlarına start verilib. Şənbə və bazar günü istisna olmaqla hər gün imtahan zallarında tələbələr imtahan verirlər. İmtahan vermək üçün gözləyən tələbələrin üzündə isə bir nigarançılıq hiss olunur. Bu da təbiidir. Fikirləşirlər ki, görəsən, imtahan zamanı bildikləri sual düşəcəkmi? Yaxud bilmədikləri sual çoxmu olacaq?
Hər il olduğu kimi, bu il də ənənəyə uyğun olaraq imtahanın gedişi ilə bağlı “Təbib” qəzeti üçün reportaj hazırlamağa qərar verdik.
Tələbə, müəllim, nəzarətçilərlərlə görüşüb, onların imtahanın gedişi ilə bağlı fikirlərini bölüşdük. Elə ilk görüşümüz də imtahandan yenicə çıxmış Türkiyə vətəndaşı, II MPF-nin IV kurs tələbəsi Həzni Çingizlə oldu. Əhvalı yaxşı görünürdü. Deyəsən imtahandan müvəffəqiyyət qazanmışdı. Zəndimizdə yanılmamışdıq. Həzni bəylə söhbətimiz zamanı məlum oldu ki, o, həqiqətən də yoluxucu xəstəliklər fənnindən imtahanı uğurla verə bilib. İndiyədək verdiyi imtahan-larda heç bir süni maneənin olmadığını bildirən tələbə müəllimlərindən razı qaldığını da dilə gətirdi.
Türkiyə vətəndaşı Ələddin Başak isə universitetin I MPF-nə yeni tədris ilində qəbul olanlardandır. Əvvəl gələndə bir az darıxdığını desə də, hazırda mühitə əməlli-başlı öyrəşib. Sanki Azərbaycanda anadan olduğunu deyir. Elə tibb universitetinə qəbul olmasından da çox razıdır. Özünə dostlar da tapıb. Dostlarından və müəllimlərdən razıdır. O da heç bir subyektiv müdaxilə olmadan imtahandan maksimum bal toplaya bilib.
“Bu semestr 22 ölkədən 664 tələbə imtahan verir”
İldən-ilə əcnəbi tələbələrin universitetə marağının artmasını nəzərə alıb, Xarici tələbələrlə iş üzrə dekan müavini Niyazi Hacızadənin də fikirlərini öyrəndik:
- Universitetimizdə bu semestr 22 ölkədən 664 tələbə imtahan verir. Onlar özlərini olduqca nizam-intizamlı aparır, əksəriyyəti bu vaxtadək müvəffəqiyyətlə imtahan veriblər. Sevindirici haldır ki, universitetimizin beynəlxalq aləmdə nüfuzu ildən-ilə çoxalır. Getdikcə yeni ölkələrdən müraciətlər edirlər. Bu tədris ilində siyahımıza yeni olaraq Nigeriya və Liviya kimi ölkələrin adları daxil olub. Xarici tələbələrlə iş üzrə dekan, dosent İsmayıl Əfəndiyevin Hindistanda, İordaniyada, o cümlədən bir sıra Avropa və ərəb ölkələrində universitetimizlə bağlı apardığı təbliğat kam-paniyasının müsbət nəticəsi oldu. Yəni tələbələrin sayı ötən illərə nisbətən bu il daha çoxdur və hesab edirik ki, ildən-illə onların sayı daha da artacaq.
Dekanlıq universiteti bitirən əcnəbi tələbələri də yaddan çıxarmır. Onlarla daim əlaqə saxlayır. Qeyd edim ki, ötən il universitetimizi bitirən 149 məzunun 118-i öz ölkələrində imtahan verərək ATU-nun diplomlarını tanıdıblar. Bu da olduqca sevindirici haldır və diplomlarımızın xaricdə tanınması sübut edir ki, universitetimizdə tədrisin keyfiyyəti yüksək səviyyədədir. Tələbələr praktik və nəzəri cəhətdən bilik-bacarıqları yaxşı mənimsəyirlər. Savadlı mütəxəssis hazırladığına görə hər il universitetimizə qəbul olan tələbələrin sayı artır.
“İmtahanları heç bir kənar müdaxilə olmadan verdim”
İmtahanı verərək zaldan çıxan digər bir tələbəyə yaxınlaşırıq. Özünü təqdim edir. I MPF-nin I kurs tələbəsi Aidə Köçərli:
- İndiyədək iki imtahan vermişəm. Doğrudur, özümə güvənsəm də, hər ikisində həyəcanlı idim. Hazırlaşdığım üçün hər ikisindən də maksimum bal toplaya bildim. İmtahanların gedişindən razıyam. Heç bir narazılığım yoxdur.
II MPF-nin I kurs tələbəsi İsmayıl Hacıyev:
- “Anatomiya I”-dən imtahan verərək 45 bal topladım. Bunu yaxşı göstərici hesab edirəm. İmtahan rahat keçdi. İndən sonra 4 imtahan verəcəyəm. Yaxşı hazırlaşdığım üçün nəticələr əldə etdim. Gərək o biri imtahanlara da yaxşı hazırlaşam ki, problem olmasın.
II MPF-nin III kurs tələbəsi Özcan Qızıldərə (Türkiyə vətəndaşı) :
- Verdiyim imtahan im¬munologiya fənnindən idi. Universitetdə imtahanların götürülməsi Türkiyə sistemi ilə eyniyyət təşkil etdiyindən problemlə qarşılaşmadım. İmtahana yaxşı hazırlaşmışdım. Adətən mən imtahanlara yaxşı hazırlaşıram ki, uğur qazana bilim. Hesab edirəm ki, gələcəkdə verəcəyim imtahanlardan da uğur qazanacağam.
“Çox həyəcanlıydım... sevinirəm”
II MPF-nin I kurs tələbəsi Fidan Bəylərova da imtahanı yeni verən tələbələrdəndir. Ən çətin imtahanlardan biri hesab olunan “Anatomiya I” dən uğur qazanıb: “ Çox həyəcanlıydım. Bu imtahan biz tələbələr arasında çətin imtahan hesab olunur. Amma müvəffəqiyyət qazandım–47 bal topladım. Sevinirəm”–deyərək sevincini bizimlə bölüşdü və biz də öz növbəmizdə onu müvəffəqiyyət qazanması münasibəti ilə təbrik etdik.
II MPF-nin I kurs tələbəsi Sənan Camalov da 27 balla müvəffəqiyyət qazandığını dedi. İnanır ki, o biri fənlərdən də uğur qazanacaq. İmtahanın obyektiv və heç bir müdaxilə olmadan keçdiyini qeyd etdi.
Bu tədris ilində universite¬tin tələbə statusunu qazanan Türkiyə vətəndaşı Eslin Yıldırım isə 34 bal toplayıb. Bu universiteti seçdiyindən peşman deyil.
Əczaçılıq fakültəsinin II kurs tələbəsi Ümid Abdulhüseynov da uğur qazanıb. Onlar da imtahanın gedişindən məmnundurlar.
İmtahanın gedişi ilə bağlı zallarda olduq. Virtual Test Mərkəzinin direktoru Şahin Bayramovla görüşdük:
“Tələb nədirsə, onu qarşılamağa çalışırıq”
- İmtahan ötən il dekabrın 29- da başlayıb və bu ilin fevralın 1-dək davam edəcək. Ötən ildən fərqli olaraq, bu il həftənin şənbə və bazar günlərindən başqa hər gün imtahan olacaq. İndiyədək haradasa 10 minə yaxın tələbə imtahanda iştirak edib (bu məlumat yanvarın 7-də alınıb-red.). İmtahan zamanı bu vaxtadək hansısa qeyri-adi bir hadisə qeydə alınmayıb. Özünüz gördüyünüz kimi, tələbələrdən imtahanlar heç bir sub¬yektiv müdaxilə olmadan, zallarda kompyuter vasitəsi ilə götürülür. Bu günkü tələb nədirsə, biz onu qarşılamağa çalışırıq. Tələbənin qış sessiyası dövründə gündəlik və imtahan zamanı topladığı ballar hesablanır, əgər balların cəmi 51-dən yuxarı olarsa, tələbə uğur qazanmış hesab olunur. Mərkəzə tələbələrin gündəlik balları barədə məlumat daxil olmadığından biz yalnız imtahan zamanı 17 baldan az toplayan tələbələrin uğur qazanmadığını müəyyən edə bilirik. Yəni ancaq onu bilirəm ki, 17-dən az bal toplayan tələbələr imtahandan kəsilib. Çünki tələbə 17 baldan az toplayıb, gündəlik baldan 50 bal toplasa belə, gündəlik balla imtahan balı toplanmır və hesab olunur ki, tələbə müvəffəqiyyət qazanmayıb.
- Heç indiyədək imtahandan 17-dən az bal toplayan tələbələr olubmu?
- Bəli, var. İndiyədək 50-yə yaxın tələbə 17-dən az bal toplayıb.
-Bəs müvəffəqiyyət qazanmayan tələbələrin gələcək taleyi necə olur? Onlar növbəti imtahana buraxılırmı? Ümumiyyətlə, mexanizm necədir?
- “Kredit sisteminin” Əsasnaməsinə görə, imtahandan uğur qazanmayan tələbələr kəsildiyi fənni yenidən keçməli və yenidən imtahanlara qatılmalıdır.
Amma tələbələrin növbəti imta¬hana qatılmaları tələbənin kəsildiyi fənnin statusundan asılıdır. Statusuna görə isə fənlər 3 qismə bölünür.
a) məcburi və ardıcıl fənlərə,
b) məcburi fənlərə,
c) seçim fənlərinə;
Məsələn, “Anatomiya I” məcburi və ardıcıl fənn hesab olunur. Əgər tələbə bu fəndən kəsilirsə, o, “Anatomiya II”ni başlaya bilməz.
Tutaq ki, tarix fənni məcburi fənn hesab olunur. Fəlsəfə-iqtisadiyyat isə seçim fənləridir. Məsələn, tələbə əgər fəlsəfədən imtahan verib kəsilirsə, növbəti dəfə o, imtahan vermək üçün iqtisadiyyat fənnini seçə bilər.
Tələbənin həmçinin belə bir ixtiyarı da var ki, “Anatomiya I” və “Anatomiya II”-yə girmədən imtahanlarını Yay Məktəbində verə bilərlər. Bu, artıq onun istəyindən asılıdır.
Amma lazımdır ki, nəzərdə tutulmuş vaxtda, yəni 6 ildə bütün borcları verib qurtarsın.
Şahin müəllimdən həmçinin əcnəbi tələbələrin imtahanları necə verməsinə aydınlıq gətirməsini xahiş etdik: “ Biz bu sistemə yeni başladığımız ili əcnəbi tələbələr ya adətən az bal toplayır, ya da kütləvi şəkildə kəsilirdilər. Bu sistem yerinə oturduqdan sonra onlarda kəsilmə ilə bağlı kəskin azalmalar müşahidə olunmağa başladı. Çünki tələbələr gördülər ki, imtahan götürülən zaman heç bir subyektiv müdaxilə mümkün deyil. Hazırda əcnəbi tələbələrin qazandığı uğurlarla bizim tələbələrin uğurları arasında elə bir fərq yoxdur. Təbii, aralarında kəsilənlər də var. Amma onlar artıq yaxşı bilirlər ki, oxumaq, hazırlaşmaq, çalışmaq lazımdır”.
Ş.Bayramov imtahanın gedişi ilə bağlı texniki cəhətdən hazırlıq məsələsinə də aydınlıq gətirdi: “Texniki cəhətdən etibarlı bir sistem qura bilmişik. Bir məqamı qeyd etmək istərdim: İmtahana başladığımız ilk gün, yəni dekabrın 29-da səhər tezdən elektrik enerjisi kəsilmişdi. Amma bizdə heç bir problem olmadı. Enerji kəsilən kimi generatorlar işə düşdü və tələbələr normal şəkildə imtahan verdilər. Tələbələr heç enerjinin kəsilməsini belə hiss etmədilər. Hazırda kompyuterlərimiz hamısı saz vəziyyətdədir. Hansısa avadanlıq lazım olanda rəhbərlik anındaca yardım edir.
“Hansısa qeyri-adi hadisə qeydə alınmayıb”
Zallarda imtahanın gedişini izləyən bir neçə nəzarətçi ilə də görüşdük. Onlardan Günel Əliyeva və Səbinə Əliyeva imtahanların normal keçdiyini və hər hansı qeyri-adi hadisənin qeydə alınmadığını bildirdi.
Nəzarətçi Nəsimi Vahabov da imtahanın getdiyi müddət ərzində hər hansı xoşagəlməzliklə üzləşmədiyini bildirdi. Amma bir nəfərin tələbə biletini yadından çıxarıb evdə qoyduğunu və bu səbəbdən onun müvəqqəti imtahandan uzaqlaşdırıldığını, şəxsiyyəti dəqiqləşdikdən sonra yenidən imtahana buraxıldığını bildirdilər.
Qeyd edək ki, imtahanın obyektiv və şəffaf keçirilməsi universitet rəhbərliyinin daim nəzarəti altındadır. Rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir Əliyev mütəmadi olaraq imtahanın gedişi ilə maraqlanır və imtahan zallarında olur. Texniki cəhətdən təminata zərurət yaranarsa, lazımi göstərişlərini verir və tələbələrin imtahanın gedişi ilə bağlı fikirlərini dinləyir.
Hər halda, həmin gün təlaşı sevinclə əvəz edən tələbələrlə görüşdük. Onları qazandıqları uğura görə təbrik etdik. İmtahana hazırlaşan tələbələrə nailiyyətlər diləyərək imtahan auditoriyasından xoş təəssüratla ayrıldıq.