Azərbaycan Tibb Universitetinin həkimləri bir-birinin ardınca mürəkkəb cərrahi əməliyyatları icra edirlər. Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında belə əməliyyatlardan biri - total tireoidektomiya əməliyyatı uğurla icra olunub.
1989-cu il təvəllüdlü xəstə boyunda şişkinlik, boğulma, təngnəfəslik, əsəbilik kimi əlamətlərlə klinikaya müraciət edib. Qalxanabənzər vəzidə problemləri olan xəstə biopsiya olunduqdan sonra onun üzərində cərrahi əməliyyat aparılması haqqında qərar verilib. Beləliklə, xəstədə total tireoidektomiya – qalxanabənzər vəzin tamamilə çıxarılması əməliyyatı icra olunub.
ATU-nun I cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, cərrah-endokrinoloq Azər Hümmətovun sözlərinə görə, çıxarılan vəzidə təxminən 2 santimetrə yaxın ölçüdə düyün aşkarlanıb. Sağ payda yerləşən bu düyün 18 mmX21mm ölçüdə soyed və sistoz komponentlərindən təşkil olunmuş çoxlu sayda makro- və mikrokalsinatlara malik perinodulyar qanlanması olan düyün idi. Total intubasion narkoz altında sinir cihazının müşayiəti ilə total tireoidektomiya əməliyyatı icra olundu. Məlumdur ki, qalxanabənzər vəzin arxa səthində qayıdan qırtlaq siniri yerləşir.
Məhz həmin qayıdan qırtlaq siniri bilavasitə bizim səs tellərimizi inervasiya edir. Bu əməliyyatın üstünlüyü ondadır ki, sinir cihazından istifadə etməklə biz bu sinirin zədələnməsinin qarşısını alırıq, onu qoruyuruq. Bu sinir cihazının iş prinsipi əsasında sinirə göndərilən impuls nəticəsində səs telləri yığılır və hərəkətə gəlir. Bu hərəkət həmin cihazın intubasiya borusuna bağlanan aktiv aparat tərəfindən qəbul olunur və monitora görüntü şəklində çıxarılır. Bununla da həmin sinirin zədələnməsinin qarşısını alırıq”.
Beləliklə, Tədris Cərrahiyyə Klinikasında xəstənin səs tellərinə toxunulmadan total tireoidektomiya əməliyyatı uğurla tamamlanıb. Xəstə elə həmin gün evə buraxılıb. Klinikanın həkimlərinin bacarığı sayəsində səs tellərini innervasiya edən siniri zədələnməyən bu xanım ATU-nun həkim briqadasına səmimi təşəkkürünü bildirib.