
Almaniya Federativ Respublikasının Patent və Ticarət Nişanları İdarəsi (DPMA) Azərbaycan Tibb Universitetinin (ATU) dosentinin yeni elmi-texnoloji ixtirasını rəsmi şəkildə qeydiyyata alıb. Nanobiotexnologiya sahəsində mühüm bir yenilik olan bu ixtira, Delphinium brunonianum bitkisinin yarpaq ekstraktından istifadə edərək gümüş nanohissəciklərin (AgNPs) “yaşıl” üsulla sintezini təmin edən xüsusi bir texniki qurğu ilə tanınır. Bu metod, ekoloji təhlükəsiz yanaşması ilə diqqət çəkir və texniki yeniliyin hüquqi mühafizəsini təmin edir. Bu ixtiranın hüquqi sahibləri arasında Azərbaycan, Pakistan, Oman, Səudiyyə Ərəbistanı və Çin alimləri yer alır. Azərbaycan tərəfdən layihənin həmmüəllifi, Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi və Bioloji Fizika kafedrasının dosenti Xəyalə Məmmədovadır. Layihə beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirilib və müxtəlif elmi məktəblərin bilik və təcrübəsini bir araya gətirib.
Tədqiqatçılar, bitki ekstraktı ilə gümüş nitratın reaksiyası nəticəsində əldə edilən nanohissəciklərin 42 nanometr ölçüsündə və sferik formada olduğunu bildirirlər. Bioloji sınaqlar göstərib ki, bu nanohissəciklər şəkərli diabet müalicəsində əhəmiyyətli olan α-qlükozidaza fermenti ilə aktiv təsir göstərir və həmçinin Helicobacter pylori bakteriyasına qarşı antimikrob təsir göstərir.
Qeyd edək ki, mütəxəssislərin sözlərinə görə yaşıl nanotexnologiya sahəsi, ətraf mühitə təsirin azaldılması və insan sağlamlığı üçün təhlükəsiz materialların hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Bu texnologiyanın gələcəkdə şəkərli diabet və mədə-bağırsaq infeksiyalarının müalicəsində istifadə edilən yeni preparatların hazırlanmasında mühüm rol oynaması gözlənilir.