Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan Tibb Universitetində (ATU) anım mərasimi keçirilib. Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Toplantını ATU-nun rektor əvəzi, professor Sabir Əliyev açaraq 31 Mart – Azərbaycanlıların soyqırımı gününün tarixi haqqında qısa məlumat verdi. Onun sözlərinə görə, XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xalqı təqiblərə, müəyyən mənada deportasiyalara, əzab və iztirablara, soyqırımları məruz qalıb. Bu hadisələr 1918-ci ilin martında öz kulminasiyasına çatdı. Yüz minlərlə azərbaycanlılar, türklər, müsəlmanlar ermənilər tərəfindən qətlə yetilrildi. Onlar elə vəhşiliklər ediblər ki, bu işləri heç faşistlər belə görməyib. Bunların hamısını sübut edən tarixi sənədlər mövcuddur”.
S.Əliyevin sözlərinə görə, iki əsr ərzində ermənilərin müxtəlif bəhanələrlə Azərbaycan ərazilərinə yerləşdirilməsi baş verib. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları XIX əsrin əvvəllərindən etibarən azərbaycanlıları tarixən yaşadıqları dədə-baba torpaqlarından zor gücünə kütləvi surətdə çıxararaq Azərbaycan ərazilərində özlərinə dövlət qurublar.
ATU-nun rektor əvəzi bildirib ki, 1905-1907-ci illərdə Bakıda və Azərbaycanın digər bölgələrində, habelə indiki Ermənistan ərazisində xalqımıza qarşı qanlı qırğınlar həyata keçirilib.
Ermənilər hələ 1918-ci ilin yanvarında nəinki Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Gəncə və Qazax bölgələrində kütləvi soyqırımlar törətməyə cəhd etsələr də, onların bu planı baş tutmayıb. Lakin sonradan mart ayında yüz minlərlə günahsız insanı qətlə yetirdilər. Qəribəsi budur ki, ermənilərin bu həyasızlığına dünya dövlətləri göz yumublar. 1918-ci ildən sonrakı cümhuriyyət dövründə bu soyqırım haqqında tarixi faktlar toplanılıb, bir çox beynəlxalq qurumlarda, Fransada, ABŞ-da rəhbərlik səviyyəsində məruzə edilib”.
Professor S.Əliyev qeyd edib ki, uzun illər ərzində tarixi və siyasi şərait səbəbindən həmin vaxtda baş verən hadisələrə, törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmayıb: “Yalnız müstəqillik dövründə, 1998-ci il martın 26-da Azərbaycan prezidenti ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə 31 Mart Azərbayacanlıların Soyqırımı Günü elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib. Bu, çox ciddi bir sərəncam, dünyaya böyük bir mesaj idi. İndiki dövrdə dünyaya qarşı durmaq çox çətindir. Prezident İlham Əliyev isə bu işin öhdəsindən layiqincə gəlir”.
Professor çıxışının sonunda qeyd edib ki, gənclərdə bu tarixi unutmamalı, indiki və gələcək nəsillərdə milli yaddaşımızı möhkəmləndirməlidirlər.
Daha sonra ictimai fənnlər kafedrasının müdiri Qoşqar Əliyev çıxış edərək bir sıra tarixi faktları xatırladıb. Qeyd olunub ki, XX əsrin əvvəllərində ermənilər ilk dəfə Azərbaycanın tarixi torpaqlarında yerli əhalini sıxışdırıb çıxarmağa başlayıb.Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törədilib.
Toplantı iştirakçıları bu qırğının xalqımızın tarixindən silinməyəcəyini bildiiblər.