
Bakıda “VII Beynəlxalq Bariatrik-Metabolik cərrahiyyə və Metabolik xəstəliklər” adlı konqres keçirilib. Tədbirin təşkillatçıları Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, TƏBİB, Azərbaycan Metobalik və Bariatrik Cərrahlar Assosiasiyası, TOSS (Türk Bariatric Cərrahlar Dərnəyi), TCD (Türk Cərrahi Dərnəyi) dərnəkləri və “MODERN Hospital” klinikasıdır. Konqres İFSO (International Federation for the Surgery and Other Therapies for Obesity) və EASO (European Association for the Study of Obesity) - nun dəstəyi ilə reallaşdırlıb.
Konqres zamanı III Xəzər dənizi ətrafı dövlətlərin Bariatrik cərrahiyyə konfransı və V Türkdilli xalqların Bariatrik cərrahiyyə konfransı da təşkil olunub.
Tədbirdə 11 ölkədən - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Rusiya, Gürcüstan, Almaniya, Misir, Hindistan, Böyük Britaniya və ABŞ-dən olan mütəxəssislər, beynəlxalq bariatrik metabolik, piylənmə ilə mübarizə assosiasiyalarının sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bariatrik, o cümlədən metabolik cərrahiyyənin cərrahiyyədə nisbətən yeni bir istiqaməti olduğunu, keçən əsrin 60-cı illərindən tətbiq olunmasına başlandığını diqqətə çatdırıb, həmçinin bu sahədə həyata keçirilən mühüm yeniliklərdən söz açıb.
Azərbaycan Tibb Universitetinin prorektoru, professor Məlahət Sultanova bu sahənin tədrisinə xüsusi diqqət yetirildiyini, ölkəmizdə bariatrik cərrahiyyəni tək əməliyyatların aparılması ilə deyil, həmçinin elmi -praktiki məqalərləin yazılması, dərsliklərin hazırlanması ilə aparıldığını nəzərə çatdırıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, professor Rəşad Mahmudov piylənmə ilə mübarizədə xüsusi profilaktik tədbrilərin əhəmiyyətindən bəhs edib və bu sahədə digər vacib məqamlara aydınlıq gətirib.
Milli Məclisin Səhiyyə komitəsinin üzvləri - İlham Məmmədov, Müşfiq Məmmədli isə səhiyyə sahəsində aparılan ciddi islahlatlardan söz açıblar.
Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov hazırda dünya əhalisinin 30 faizdən çoxunun piylənmə və artıq çəki ilə mübarizə aparmasını bildirib. Sədr ölkəmizdə artıq 13 ildir ki, fəaliyyət göstərən dərnəyin apardığı işlərə toxunaraq, bu sahənin davamlı inkişafı, beynəlxalq protokolların bu sahdə tətbiqi, milli tövsiyələrin hazırlanması, milli kadr hazırlığı və bu inkişafda Azərbaycan Tibb Universitetinin xüsusi rolunu vurğulayıb.
Qeyd edək ki, tədbirdə ”Bariatrik-Metabolik cərrahiyyə (ABMCA, TOSS, İFSO, TCD)”, “Piylənməli xəstələrdə mini-invaziv və ümumi cərrahiyyə (ABMCA,TCD, AELCA)”, “Kardiologiya (AKC)”, “Reanimasiya - anesteziologiya (AzRAC)”, “Endokrinologiya (EDTTA, AEC)”, “Dietologiya-Nutrisiologiya (ANDOP, MBCDD)”, “Hepatologiya- Qastroenterologiya (AQİEC, AQHİB)” mövzuları üzrə elmi panellər təşkil olunub. Panellərdə piylənmə xəstəliyinin multidissiplinar müalicəsi müzakirə edilib.