

Azərbaycan Tibb Universitetində (ATU) həkim-rezidentlər üçün Təkrar Yekun Attestasiya təşkil olunub. 27 aprel 2026-cı il tarixində universitetin İmtahan Mərkəzində müvafiq ixtisaslar üzrə baş tutan attestasiya 2025-ci ilin noyabr ayında keçirilmiş yekun prosesdə sağlamlıq vəziyyəti və sosial məzuniyyət səbəbilə iştirak edə bilməyən, həmçinin attestasiyadan keçə bilməyən həkim-rezidentlər üçün gerçəkləşdirilib.
Təkrar Yekun Attestasiyanı ATU-nun tədris işləri üzrə prorektoru, professor Anar Ağayev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin həkim-metodisti Natavan Məmmədova, eləcə də ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva müşahidə ediblər.
Attestasiyada ATU və müxtəlif klinik bazalarından 47 nəfər həkim-rezident müraciət edib, onlardan 43 nəfəri təkrar yekun attestasiyada iştirak edib.
