AMEA nümayəndələri ilə görüşdə elmi konfransın detalları müzakirə olundu
Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə elektron təbabət üzrə ümumrespublika elmi konfransı baş tutacaq. Burada tibb sahəsində İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi ilə bağlı müxtəlif məsələlər müzakirə olunacaq. Konfransda İKT sahəsi ilə yanaşı, tibb elminin öncülləri, o cümlədən Azərbaycan Tibb Universitetinin nümayəndələrinin çıxışları da nəzərdə tutulub.
Bu gün konfransın təşkilat komitəsinin üzvləri bu gün Azərbaycan Tibb Universitetində oldular, universitet rəhbərliyi ilə bu geniş tədbirə hazırlıq işlərini müzakirə etdilər. Komitə üzvləri ilə görüşdə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə bu mövzuda elmi yığıncağın təşkilinin böyük əhəmiyyət daşıdığını dedi:
“Belə bir tədbirin təşkili həm Azərbaycan təbabəti, həm də tibb təhsili üçün çox önəmlidir. Bu mövzu tibb sahəsində yeniliklərlə bağlı olduğundan, bizim üçün gələcəyə aparan bir yoldur”.
Tibb Universiteti konfransın işində fəal iştirak edəcəyini bildirən professor G.Gəraybəyli qeyd etdi ki, ali məktəbin professorları öz məqalələrini rlmi toplantıya təqdim edəcəklər. Rektor İKT sahəsində biliklərin artırılmasına ehtiyac olduğunu da söylədi:
“Etiraf edək ki, elektron təbabətin bir çox imkanlarından hələlik istifadə etmirik. Hazırda bizim ali məktəbdə elektron universitetin yaradılması üzrə işlər aparılır. Gələcəkdə ATU əməkdaşları üçün elektron təbabət üzrə təlimlərin keçirilməsi də istisna deyil”.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev isə görüşün təşkili üçün təşəkkürünü bildirərək konfransın məqsədləri haqqında məlumat verdi. Onun sözlərinə görə, ölkəmizdə İKT geniş tətbiq olunur: “Artıq elektron Azərbaycan formalaşır və e-hökumətin ayrı-ayrı seqmentləri ortaya çıxır. Bunlardan biri də elektron səhiyyədir. Tibb fəaliyyətində ayrı-ayrı sahələr üzrə virtual təbabətin geniş tətbiqi imkanları var. Konfransın məqsədi elektron tibbin bütün komponentlərinə diqqət cəlb etməkdən, bu sahədəki problemləri müzakirə etməkdən ibarətdir”.
Daha sonra konfransın formatı, davam etmə müddəti, çıxışçılar haqqında məlumat verildi. Qeyd edək ki, görüşdə ATU-nun prorektorları, kafedra və klinika rəhbərləri iştirak edirdilər.