Böyük Elmi Şurada
Böyük Elmi Şuranın yanvarın 28-də keçirilən növbəti yığıncağını açan ATU-nun rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov əvvəlcə biokimya kafedrasının müdiri, professor Arif Əfəndiyevi 70 illik yubileyi münasibətilə təbrik etdi. Universitetin "Fəxri fərmanı" yubilyara təqdim olundu. A.Əfəndiyev ona göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, elmi şuranın üzvlərinə təşəkkürünü bildirdi.
Bundan sonra rezidentura şöbəsinin müdiri, dosent Rizvan Məmmədovun "Azərbaycan Tibb Universitetində rezidentura təhsili mərhələsində həkim-mütəxəssislərin hazırlanmasının vəziyyəti və kollektiv qarşısında duran vəzifələr" barədə hesabatı dinlənildi.
R.Məmmədov uzun müzakirələrdən sonra 19 iyun 2009-cu ildə Milli Məclisdə qəbul olunan və möhtərəm prezident İlham Əliyev cənabları tərəfindən təsdiqlənən "Təhsil haqqında" Qanunun müvafiq bəndlərini şərh edərək rezidentura təhsilinin məzmunu və təşkili qaydaları haqqında şura üzvlərinə məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan təhsil, elm müəssisələri və klinikaların siyahısı təsdiq edilmişdir. Bazaların sayı 2012-2013-cü tədris ilində 10-dan 28-ə çatdırılmışdır. Təhsil müddətinin 9 ixtisas üzrə 2 il, 8 ixtisas üzrə 3 il, 13 ixtisas üzrə 4 il və 19 ixtisas üzrə 5 il olmaqla 2 ildən 5 ilə qədər müəyyən edildiyini söyləyən şöbə müdiri rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəlinin tərtib olunduğunu, baza ali tibb təhsili səviyyəsində istiqamətlərin müalicə işi və pediatriya, stomatologiya, tibbi-biologiya, tibbi-profilaktika üzrə qruplaşdırıldığını dedi. Qeyd etdi ki, 2011-2012-ci tədris ilində rezidenturaya ilk qəbul aparıldı və respublika üzrə rezidenturaya birinci il 300-dən çox rezident qəbul olundu. Bunlardan 148 nəfəri 32 ixtisas üzrə Azərbaycan Tibb Universitetinə qəbul olanlardır. Azərbaycan Tibb Universitetinin təqdimatına və Səhiyyə Nazirinin əmrinə əsasən universitetimizin 99 nəfər professor-müəllim heyəti həmin il qəbul olunmuş rezidentlərə kurator təyin edildilər. Növbəti 2012-2013-cü tədris ilində isə respublika üzrə 532 nəfər rezident qəbul edildi ki, onun 143 nəfəri yenə də 32 ixtisas üzrə Azərbaycan Tibb Universitetinə qəbul edildi. Bu il rezidenturaya sənəd verən 1190 nəfərdən 684 nəfəri keçid balı yığmışdır ki, bunlardan da 608 nəfəri, o cümlədən I kursa qəbul olunmuş 143 nəfər rezidentimizdən 139 nəfəri Azərbaycan Tibb Universitetinin məzunlarıdır.
Rezidentlərlə aparılan görüşlərə, onların attestasiyadan keçirilməsi və rotasiyası məsələlərinə də toxunan məruzəçi bəzi təkliflərini də diqqətə çatdırdı: "İlk növbədə istərdim ki, rezidenturada nəzərdə tutulan ixtisasların siyahısına ailə həkimi ixtisası da əlavə edilsin. İkincisi, rezidenturanı qurtaranların karyera məsələsi, onların statusu və üstünlüklərin nədən ibarət olmasına aydınlıq gətirilsin. Başqa Avropa ölkələrində olduğu kimi bizim klinikalarda da rezidentlər kuratorların rəhbərliyi altında sərbəst xəstə qəbul edilməsində assistent statusu səviyyəsində fəaliyyət göstərsinlər". O, sonda rezidentura təhsilinin səviyyəsini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğun qurmaq üçün müəyyən işlər görülməsinə baxmayaraq hələ də çatışmazlıqların olduğunu, müzakirələr zamanı əməli təkliflər gözlədiyini bildirdi.
Kafedra müdirləri Amalya Əyyubova, Yaqub Qurbanov, Nuru Bayramov, Elmira Əliyeva, Mirzə Kazımov və akademik Böyükkişi Ağayev çıxışlarında hesabatı qənaətbəxş qiymətləndirərək bu sahədə qazanılan uğurlardan, həmçinin mövcud çətinliklərdən söhbət açdılar. Həllini gözləyən problemlərlə bağlı təkliflərini irəli sürdülər.
Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayeva rezidentura təhsilinin təşkili, bu sahədə görülən nəzəri və praktiki işlərdən söhbət açaraq ortaya çıxan suallara aydınlıq gətirdi.
Məruzə və çıxışlarda səslənən fikirlərə yekun vuran Ə.Əmiraslanov müzakirə olunan məsələnin vacibliyini önə çəkərək rezidentlərin rotasiyası, proqramların hər il yenilənməsi, ailə həkimi institutunun təkmilləşdirilməsinə dair fikirlərini şura üzvləri ilə bölüşdü: "Mən əminəm ki, bizim hazırla¬dığımız proqramlar əsas kimi götürülərək beynəlxalq rəylərə göndərilir. Hətta təsdiq olunduq¬dan sonra da hər il yenilənir. Elə sahələr var ki, təhsil müddətinin artırılması məqsədə uyğundur. Təbii ki, qısa müddətdə yüksək səviyyəli psixiatrlar hazırlamaq mümkün deyil. Xüsusilə, ailə həkiminin reytinqinə münasibət bildirmək istəyirəm. Əgər dünya təcrübəsini götürsək görərik ki, ailə həkimi klinikalarda çalışan həkimlərdən 50% artıq maaş alır. Ailə həkimi üçün müsabiqədə iştirak edənlərin sayı da çoxdur".
Rezidentlərin rotasiyası ilə çox ciddi məşğul olduqlarını bildirən rektor onlara rəhbər təyin edilən şəxslərin öz işlərinə məsuliyyətlə yanaşmalarını zəruri saydı. Rezident rəhbərlərinin zəhmətlərinin müqabilində əmək haqqı alacaqlarını da vurğuladı.
Elmi Şura müsabiqə məsələ¬lərini həll etməklə işini yekunlaşdırdı.