Sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının bu aya nəzərdə tutulan sentyabr üçün son toplantısı keçirildi. Böyük Elmi Şuranın 2016-2017-cı tədris ilindəki ilk yığıncağını açan ATU rektoru, professor Gəray Gəraybəyli əvvəlcə yeni tədris ilinin başlanması münasibətilə şura üzvlərini təbrik etdi. Daha sonra bir müddət əvvəl dünyasını dəyişən ağız, üz və çənə cərrahiyyəsi kafedrasının professoru Teymur Babayevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Xeyirlə şərin qardaş olduğunu xatırladan rektor həmin müddətdə bir neçə əməkdaşımızın yubileylərinin olduğunu da dedi. İlk növbədə uşaq xəstəlikləri kafedrasının müdiri, ə.e.x., akademik Ədilə Namazovanı yubileyi münasibətilə təbrik edən rektor onu universitetimizdə olan tarixi şəxsiyyətlərdən biri kimi dəyərləndirdi. Ədilə xanımın yubileyi münasibətilə ölkəmizin prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamı diqqətə çatdıran universitet rəhbəri kollektiv adından, şəxsən öz adından hörmətli akademikə möhkəm cansağlığı, həmişə belə şən qalmağı və universitetin həyatında yenə də yaxından iştirak etməyi arzuladı. Rektor həmçinin professor Cəbrayıl Məmmədovu və məhkəmə təbabəti kafedrasının müdiri, professor Mənsur Bünyadovu da yubileyləri münasibətilə təbrik etdi.
Daha sonra “Azərbaycan Tibb Universitetində 2015/2016-ci tədris ilinin yekunları haqqında hesabat və 2016/2017-cı tədris ilində universitet kollektivi qarşısında duran vəzifələr” barədə universitetin tədris işləri üzrə prorektoru, professor Sabir Əliyevin məruzəsi dinlənildi. Prorektor qeyd etdi ki, universitetimizin professor-müəllim heyəti, inzibati-təsərrüfat işçiləri və tədris-köməkçi heyəti, həmçinin tələbə və magistrant, doktorantları 2015/2016-cı hesabat ilində var gücləri ilə çalışmıblar, müstəqil ölkəmiz üçün yüksək ixtisaslı həkim, hərbi həkim, hərbi feldşer və əczaçı kadrlarının hazırlığında müəyyən nailiyyətlər əldə edilib.
Hesabat ilində Universitetimizdə 1360-dan çox əməkdaş çalışıb ki, onlardan 1243 nəfəri professor-müəllim heyətini və elmi işçilərini təşkil etmişdir: “Onların arasında AMEA-nın 4 nəfər həqiqi, 6 nəfər müxbir üzvü, 28 nəfər «Əməkdar Elm Xadimi», 39 nəfər «Əməkdar müəllim», 46 nəfər «Əməkdar həkim», 2 nəfər «Fəxri bədən tərbiyəsi işçisi», 127 nəfər professor, 310 nəfər dosent, 163 nəfər Elmlər doktoru, 833 nəfər elmlər namizədi və s. vardır ki, onlardan keçən tədris ilində 2 nəfərinə fəxri ad verilib”.
2016/2017-ci tədris ilinin əvvəlindən ATU-da 25 ölkədən 739 tələbə, 8 ölkədən 400-ə yaxın dinləyici (bunlardan 40 nəfəri - YÖK), 10 ixtisasartıran, 30 nəfər rezident, 5 nəfər magistrant, cəmi 1187 nəfər xarici vətəndaşın təhsil aldığını diqqətə çatdıran prorektor qeyd etdi ki, bu tələbələrdən 6 nəfəri (6 - İordaniya) dövlət xətti ilə, 130 nəfəri isə Türkiyə Cümhuriyyəti Seçmə və Yerləşdirmə Mərkəzi ( YÖK) yolu ilə təhsilini davam etdirir.
S. Əliyev hesabat dövründə Universitetin elmi-tədqiqat hissəsinin də xeyli məhsuldar çalışdığını diqqətə çatdırdı: “Universitetin nəzdində 1 elmlər doktoru, 4 fəlsəfə doktoru üzrə dissertasiya şuraları fəaliyyət göstərmişdir. Həmin şuralarda 51 iş müdafiəyə çıxarılmış, onlardan 6 iş elmlər doktoru dərəcəsinə, 45 iş isə fəlsəfə doktoru dərəcəsinə layiq görülüblər. Universitetin əməkdaşları xaricdə 399, eləcə də Respublika dövri mətbuatında 810 elmi iş çap etdirmiş və müntəzəm olaraq çıxış ediblər. 2015-ci ildə 1 ixtiraya görə Azərbaycan patenti alınıb. Universitetin əməkdaşları il ərzində Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF xətti ilə Respublikanın bir sıra rayonlarında seminarlar aparmış və mühazirələr oxuyublar.2015-ci il ərzində 16 elmi-praktik konfrans və universitetin görkəmli alimlərinin yubileylərinə həsr olunmuş konfranslar təşkil edilib”.
Məruzəsində universitetin tədris binalarında, klinikalarında, yataqxanalarında və həmçinin sağlamlıq düşərgəsində müəyyən əsaslı və cari təmir işləri görülməsinə də yer ayıran prorektor keçən tədris ilinin payız və yaz semestrlərinin imtahan sessiyalarının nəticələri üzərində xüsusi dayandı: “2015/2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanğıcından 16 nəfər akademik məzuniyyətdə olub, 11 tələbə universitetdən xaric edilmişdir. 5134 nəfər tələbə imtahanda iştirak edib, 880 nəfər iştirak etməyib. İmtahan verməli olanlardan 4702 nəfəri bütün imtahanlardan müvəffəq qiymətlər alaraq sessiyanı başa vurublar. Bu, ötən ilin göstəricilərinə əsasən artım deməkdir. İmtahan sessiyasını “əla” qiymətlərlə başa vuranlar 1100 nəfər (21,4%, keçən il 15,8%), “əla” və “yaxşı” qiymətlərlə 2074 nəfər (40,4%, keçən il 45,1%), qarışıq qiymətlərlə 1528 nəfər (29,7%, keçən il 33,9%) təşkil edib. 432 nəfər (8,4%, keçən il 5,1%) “qeyri-kafi” alıb ki, bunlardan da 275 nəfərin yalnız bir fənndən, 85 nəfərin 2 fənndən, 72 nəfərin isə 3 və daha artıq fənndən akademik borcu qalıb. 130 tələbə Türkiyənin aparıcı klinikalarında, 72 tələbə Almaniyada, 9 tələbə digər Avropa ölkələrində təcrübədə olublar”.
S. Əliyev universitetimizə bu il qəbul olunmuş tələbələrin test imtahanlarında yüksək nəticələr göstərməsini xüsusi qabardaraq bildirdi ki, 954 tələbənin 419 nəfəri 600-dən yuxarı bal toplayaraq universitetə daxil olublar. Müalicə-profilaktika fakültəsinə dövlət hesabına qəbul olunmuş və 600-dən çox bal toplamış I əlaçılardır. Prezident sərəncamına əsasən təyin olunmuş 102 Prezident təqaüdçüsünün 25 nəfəri ATU-ya daxil olublar.
S. Əliyev çıxışının sonunda universitet kollektivinin cari tədris ilində əvvəllər buraxılmış nöqsanları aradan qaldırmağa, tələbələrlə aparılan tədris və tədris-metodik işi günün tələblərinə uyğun qurmağa çalışacaqlarına əminliyini bildirdi.
Məruzə ətrafında çıxışlar zamanı təməl fənlərində dərs saatlarının azaldılması, rezidenturaya qəbul və rezidentlərin rotasiyası, Boloniya sisteminə keçidlə bağlı yaranmış problemlər, tələbələrin imtahana gəlməmələrinin səbəbləri və digər məsələlərdən söz açıldı.
Rektor Gəray Gəraybəyli müzakirələrə yekun vuraraq məruzə və çıxışlarda səslənən fikirlərə münasibətini açıqladı, əsas diqqəti qarşıdakı hədəflərə yönəltməyi təklif etdi. Qərara alındı ki, mövcud test üsulu ilə aparılan imtahanları hansı yollarla təkmilləşdirməyin mümkünlüyünü araşdırmaq üçün yaxın günlərdə işçi qrup yaradılsın.
Yay aylarında universitetin nizamnaməsinin həm Səhiyyə Nazirliyi, həm Ədliyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq təsdiq olunduğunu diqqətə çatdıran G. Gəraybəyli əməkdaşların və tələbələrin öz fəaliyyətini bu nizamnamə çərçivəsində qurmalarının zəruriliyini önə çəkdi.
Məruzədə cari ildə görülən işlərin və qarşıda duran vəzifələrin tam əhatə olunduğunu söyləyən rektor birinci məsələni yekulaşdıraraq gündəlikdəki digər məsələləri müzakirəyə çıxardı.
Tədris hissə müdiri, dosent Nəsimi Qasımov məsləhətçi-professor vəzifəsini təsis etmək haqqında bəndin də daxil edildiyi “Azərbaycan Tibb Universitetinin Nizamnaməsi”nin tam mətnini şura üzvlərinin nəzərinə çatdırdı.
Universitetin elmi katibi, professor Hüseyn Qabulov kafedra müdirləri və dekan seçkisi üzrə komissiyasının keçən dərs ilində öz fəaliyyətini sona çatdırması haqqında məlumat verərək bildirdi ki, Təhsil Nazirliyində yeni təkliflər hazırlanır. Kollegiyada yeni meyarlar və təkliflər təsdiq olunmalıdır. O, mövcud qanuna əsasən həmin komissiyanın iş müddətinin yeni əsasnamə çıxana qədər davam etdirilməli olduğunu deyərək, komissiyanın qismən dəyişdirilmiş tərkibi ilə şura üzvlərini tanış etdi.
Eyni zamanda, elmi vəzifəyə keçmək üçün beynəlxalq təcrübəyə əsaslanan kriteriyaların hazırlanması məqsədiləyaradılan yeni komissiyanın tərkibi də açıqlandı.
Yeni nizamnaməni, komissiyaların tərkibini və ATU-da bəzi fənlər üzrə semester ərzində tədris fəaliyyəti haqqında aralıq məlumat cədvəlinin ləğv edilməsi haqqında təklifi təsdiqləyən Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.