Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "II Azərbaycan-Türkiyə ortaq hepatoloji kursu” keçirilib. Türkiyədən 20-ə qədər qastroenteroloji-hepatoloji uzmanın qatıldığı tədbirdə viral hepatitlər və qaraciyər transplantasiyası, hepatologiya ilə bağlı müxtəlif mövzulara dair müzakirələr aparılıb.
Azərbaycan və Türkiyənin himni səsləndikdən sonra ATU-nun Elmi işlər üzrə prorektoru Rauf Bəylərov çıxış edərək bu kursların hər iki ölkənin tibb mütəxəssisləri üçün önəmli olduğunu bidirdi. Belə toplantıların təcrübə mübadiləsi və yeni biliklərin əldə olunması baxımından əhəmiyyətli olduğu vurğulandı.
Daha sonra prof.dr. Yusuf Bayraktar son illərdə Azərbaycanda bir çox sahələr kimi tibb elminin də inkişaf etdiyini bildirdi: “Əgər bir ölkədə qaraciyər nəqli kimi əməliyyat icra olunursa, demək o ölkənin tibbi inkişaf edib. Lakin səhiyyədə təcrübə mübadiləsi böyük önəm daşıyır və bu baxımdan bügünkü tədbirimizi müsbət qiymətləndirmək olar”.
Türkiyə nümayəndə heyətinin üzvü, Türk Qaraciyər Vəqfinin rəhbəri prof.dr. Yılmaz Çakaloğlu ATU-da təşkil olunan kursların davamlı olacağına çalışacaq.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev iki ölkə arasında həm mədəni, həm təhsil, həm də tibb sahəsində əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirdi: “Türkiyəli həmkarlarımızı yenidən burada görmək çox xoşdur. Türkiyədə təhsil almış bir çox şəxslər artıq burada mütəxəssis kimi çalışırlar. Bu da bizi qürurlandırır”.
Türkiyədən böyük nümayəndə heyətinin iştirak etdiyi tədbirin rəsmi hissəsi bitdikdən sonra kəskin qaraciyər çatışmazlığı, yağlı qaraciyər xəstəliyinin genetikası və müalicəsi, xroniki hepatit D və digər xəstəliklərin müalicəsi kimi mövzular müzakirə olundu.