Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasında universitetin Həmkarlar İttifaqı Komitəsinin yığıncağı keçirilib.
Yığıncağı HİK sədri, dosent Cahangir Qasımov açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Tibbi-profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, dosent Sahib Əhmədov “Terapevtik stomatologiya, örtopedik stomatologiya, uşaq stomatologiyası kafedralarında, həmçinin mülicə-profilaktika və digər fakültələrinin tələbələri üçün stomatologiya kafedrasında əməkdaşların əmək və nizam- intizamın pozulması haqqında” tərtib edilən arayışla bağlı ətraflı məlumat verib. Bildirilib ki, ATU-nun kafedralarında əməkdaşların işə davamiyyətinin yoxlanılması haqqında tərtib edilmiş arayışlar və işdə olmayanların izahatları komissiya tərəfindən araşdırılıb. O, yoxlamanın nəticələrini, konkret olaraq əmək intizamını pozan əməkdaşların siyahısını, hər əməkdaşın ayrı-ayrılıqda izahatını açıqlayıb.
Araşdırma zamanı məlum olub ki, 15 nəfər Əmək Məcəlləsinin tələblərini pozub. Nəticədə işəgecikmələr və işburaxma hallarının olması meydana çıxıb. Bunlardan 6 nəfərinin isə bir neçə gün işə gəlməmələri bəlli olub.
Bəzi əməkdaşlar isə səhər işə gəlmələri ilə bağlı qeydiyyatdan keçmələrinə baxmayaraq həmin gün üçün xəstəlik haqqında arayış təqdim ediblər.
Sonra HİK büro üzvü Firdovsi Məmmədov “Tədris Stomatoloji Klinikasının direktoru dosent Alqış Səfərovun rektora ünvanladığı 8 favral 2017-ci il tarixli təqdimatına əsasən HİK tərəfindən aparılmış araşdırmanın nəticəsi haqqında” məruzə ilə çıxış edib. O da klinikada işləyən əməkdaşların işə davamiyyəti, əmək və nizam-intizam qaydalarının pozulması, eləcə də bir sıra digər çatışmazlıqlarla bağlı ətraflı məlumat verib. Əmək intizamını pozan işçilərin qanunun tələblərinə müvafiq cəzəlandırılmasını təklif edib.
Adları işə gəlməyənlərin siyahısında olan əməkdaşların fikirləri də dinlənilib, müzakirələr aparılıb.
Gündəlikdə duran məsələlərlə bağlı çıxış edən digər komitə üzvləri öz çıxışlarında bu cür yoxlamaların nizam-intizamı möhkəmləndirmək baxımından əhəmiyyətini xüsusi vurğulayıblar. Humanizm prinsiplərini əsas götürərək ilk yoxlamanın nəticələrinə görə əməkdaşlar verilən cəzanın yüngülləşdirilməsini təklif ediblər.
Klinikanın direktoru dosent Alqış Səfərov əməkdaşların işə davamiyyətinə nəzarət etmək məqsədilə ötən ilin oktyabrından etibarən elektron qeydiyyatın tətbiqini bildirib. Son 4 ay ərzində nizam-intizamın daha da möhkəmləndiyini, bu istiqamətdə davamlılığı qoruyub saxlamaq üçün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
Cahangir Qasımov bu məsələnin rektorun nəzarətində olduğunu bildirərək yoxlamaların bundan sonra da müntəzəm olaraq aparılacağını, heç kəsə güzəşt edilməyəcəyini deyib.
Sonda çıxışları və təklifləri, həmçinin nizam-intizamı pozan əməkdaşların izahat və etiraflarını nəzərə alan Həmkarlar İttifaqı Komitəsinin üzvləri əmək məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndini pozan əməkdaşlara yazılı xəbərdarlıq elan olunmasına razılıq verməklə kifayətləniblər.İşburaxan əməkdaşlarla bağlı baş mühasibatlığa məlumat veriləcəyini qeyd edilıb.
İntizam qaydalarını pozanların bundan sonra daha sərt şəkildə cəzəlandırılacaqları diqqətə çatdırılıb.