Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) “Kök hüceyrələrinin müasir kliniki tətbiq sahəsi” adlı konfrans keçirildi.
Konfransı ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov açaraq bildirdi ki, çatmayan və ya pozulmuş hüceyrələrin əvəz edilməsinə əsaslanan müasir hüceyrə terapiyası adlanan sahə son illər sürətlə inkişaf edir. Onun sözlərinə görə, bu gün bir çox irəliləyişlər əldə edilib və hüceyrə terapiyası sahəsi meydana gəlib: “Artıq bəzi sahələrdə hüceyrə terapiyasını standart olaraq tətbiq edirlər. Bunlara sümük ilik transplantasiyalarını və s. aid etmək olar. Hazırda klinik və eksperimental tədqiqatlar aparılmaq üçün dünyanın bir çox yerlərində müasir laboratoriyalar yaradılıb. Ölkəmizin bu sahədə təcrübəsi hələ böyük olmasa da, artıq bir neçə xəstəxanada, o cümlədən ATU-nun Tədris Cərrahiyyə Klinikasında kök hüceyrənin tədqiqinə başlanılıb”.
Konfransda Yıldız Teknik Universitetinin biomühəndislik kafedrasının professoru, dr. Adil Allahverdiyevin “Kök hüceyrə mühəndisliyi”, Bağcılar Eğitim ve Araşdırma Hastenesi prof.dr. Mehmet Bozkurtun “Rekonstruktiv və plastik cərrahiyyə kök hüceyrələrinin tətbiqi”, Kolan Hastanesi doç.dr. Hilmi Karadenizin “Ortopediya və travmatologiya sahəsində mezenximal kök hüceyrə və PRP tətbiqi”, Medilife Sağlıq Qrupu prof.dr. Güven Erdoğun “Kök hüceyrələrinin kardiovaskulyar tətbiqi”, ATU-nun Tədris Cərrahiyyə Klinikasının transplantologiya şöbəsinin müdiri Ruslan Məmmədov və şöbənin rezidenti Mehriban Hüseynovanın “Qaraciyər sirrozları zamanı kök hüceyrə transplantasiyası”, ATU-nun histologiya, embriologiya və sitologiya kafedrasının PHD Orxan İsayevin “Xərçəng kök hüceyrələri”, ATU-nun Tədris Cərrahiyyə Klinikasının ortepediya və travmatologiya şöbəsinin MD PHD. Ass. Cəfər Nəsirlinin “Trombositlərlə zəngin qan plazması PRP itifadə sahələri”, Dr.Vaqif Qələndərin “Plastik və rekonstruktiv cərrahiyyədə kök hüceyrələrinin tədbiqi”, Dr.Kamran Musayevin “Kardiologiyada kök hüceyrələrin tətbiqi” mövzularında mühazirələri dinlənildi.
Daha sonra sözügedən mövzuda müzakirələr və qarşılıqlı fikir mübadilələri aparıldı.