Azərbaycan Tibb Universiteti ölkəmizdə tibb sahəsində təhsil verən ali təhsil müəssisəsi olmaqla yanaşı daim yeni (yerli və beynəlxalq) təşkilatlarla əməkdaşlıq edib təhsilin keyfiyyətinin artırılması, həmçinin beynəlxalq proqram və layihələrdə aktiv iştirak etmək istiqamətində işlər aparır.
Bunlara misal olaraq bu günlərdə universitetin Erasmus Mundus proqramının koordinatoru, dosent Rəhimə Qabulovanın təşəbbüsü, Əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının müdiri, dosent Şəhla Balayevanın təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Proqramlar və Layihələr Sektorunun müdiri, həmçinin “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin İcraçı direktoru Arif Nəcimov birgə beynəlxalq (Erasmus+, HORİZON 2020 və digər) layihələrin işlənib hazırlanması və strateji əməkdaşlığın qurulması məqsədilə universitetə dəvət olunmuşdur. Görüşdə əsasən, hər iki universitetin ortaq milli və beynəlxalq (Erasmus+, HORİZON 2020 və digər) layihələrinin işlənib hazırlanması müzakirə olundu. Eyni zamanda “Ətraf mühitin qorunması və gigiyenası”, “Sənaye müəssisələrinin istehsal-texnoloji proseslərinin ekologiyası”, “Əməyin mühafizəsi və gigiyenası”, “İnşaatda peşə travmaları və əmək gigiyenası”, “İstehsalatda istifadə edilən inşaat materiallarının düzgün istifadəsi və gigiyenası”, “Xidmət sahələrində əməyin mühafizəsi və gigiyenası”, “Ekoloji təmiz (yaşıl) binaların gigiyenası və insan sağlamlığının mühafizəsi”, “Uşaq və yeniyetmə müəssisələrinin tikintisi və istismarında ekoloji sağlamlıq”, “İlkin, orta və ali peşə təhsili müəssisələrinin tikintisi və istismarında ekoloji sağlamlıq”, “Müxtəlif peşələr üzrə sağlam qidalanma” və bir çox digər aktual problemlərin milli və beynəlxalq layihələr çərçivəsində həlli yolları və istiqamətləri müzakirə edilib.
Müzakirələr zamanı həmçinin “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi ilə əməkdaşlıq və Azərbaycan Tibb Universitetinin Əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrası ilə birgə fəaliyyət imkanları nəzərdən keçirilib, hətta təşkilatın nəzdində “Ətraf mühit və əməyin mühafizəsi” şöbəsinin qurulması ideyası təklif olunub.
Görüş məhsuldar müzakirələr və hər iki universitetin birlikdə hazırlaya biləcəyi milli və beynəlxalq layihələrin istiqamətlərinin müəyyən edilməsi ilə yekunlaşdı.
Sözügedən görüşdə universitetin ümumi gigiyena və ekologiya kafedrasının müdiri, professor Mirzə Kazımov, qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov, Əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının əməkdaşları professor Rüxsarə Əliyeva, dosent Minayə Nəbiyeva, dosent Səyyad Gürzəliyev və dosent Cəmilə Salehova da iştirak edirdilər.