İnsanlığa sığmayan vəhşilik, qəddarlıq rəmzi, bəşəriyyəti silkələyən cinayət. Azərbaycan Tibb Universitetində (ATU) Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş toplantıda həmin gecə baş verənlər məhz bu cür qiymətləndirildi.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli Xocalı faciəsi haqqında qısa tarixi arayış səsləndirdi. Qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində soyqırım törədilib. 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olmaqla, 613 nəfər şəhid olub, 8 ailə tamamilə məhv edilib: "25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Bu, ermənilərin həyata keçirdiyi yeganə cinayət deyil. Tarix boyunca ermənilərin “böyük Ermənistan” xülyası ucbatından azərbaycanlılara qarşı müxtəlif vaxtlarda soyqırım siyasəti reallaşdırılıb. Bu qeyri-insani siyasət nəticəsində həmvətənlilərimiz öz yaşadıqları yerlərdən didərgin düşərək, çox pis vəziyyətlərə düşüblər”.
Xocalı soyqırımına ilk dəfə hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xatırladan G.Gəraybəyli son illər “Xocalıya ədalət” kampaniyası çərçivəsində bu hadisənin tanınması istiqamətində güclü işlər görüldüyünü bildirdi: “Bu kampaniya sayəsində ermənilərin vəhşiliyi barəsində dünyanın bir çox ölkələrində məlumat var. Bir çox ölkələrin parlamentləri Xocalı soyqırmının tanıyan qətnamələr qəbul ediblər. Soyqırımının ildönümü Azərbaycanla yanaşı, xarici ölkələrdə də qeyd edilir”.
Rektor G.Gəraybəyli yaxın illədə Azərbaycanın öz torpaqlarını geri qaytaracağını və bundan sonra yalnız zəfərləri qeyd edəcəyimizdən əminliyini bildirdi.
ATU-nun İnsan anatomiyası kafedrasının professoru, Xocalı sakini Mübariz Allahverdiyev soyqırım zamanı valideynlərinin hər ikisini itirənlərin indi əvvəlki illərdən daha çox fərqli dünyagörüşünə malik olduqlarını bildirdi: “Bu 25 nəfər həmin vaxt körpə idilər. Hazırda bu uşaqlar təkcə fiziki cəhətdən deyil, idrak cəhətdən də böyüyüb, kamilləşiblər. Onlar özlərini – “25-lər” adlandırırlar və ermənilərə qarşı aparılan ideoloji mübarizədə fəallıq göstərirlər ki, bu da mənim zənnimcə, çox nikbin əlamətlərin nəticəsidir. 25-lərin mübariz çıxışlarını, Vətənə ürəkdən, candan bağlı olduqlarını görəndə xeyli təsəlli tapmaq olur”. M.Allahverdiyev Xocalı sakinləri arasında gələcəyə ümid və inam bəsləyən belə bir gəncliyin yetişməsindən qürur duyduğunu bildirdi.
Daha sonra ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov və ATU-nun II Müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi, Prezident təqaüdçüsü Xatın Məmmədova Xocalı faciəsi iə bağlı fikirlərini açıqladılar, ermənilərin işğalçılıq siyasəti və vəhşi əməlləri barədə həqiqətlərin dünyaya çatdırılması naminə gənclərin görə biləcəyi işlərlə bağlı təkliflərini səsləndirdilər.