Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Koç Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı rektor G.Gəraybəyli ATU-nun bir çox xarici ölkə universitetləri ilə əməkdaşlıq etdiyini, son illər bu münasibətlərin daha da gücləndiyini bildirdi. Bu ölkələr arasında Türkiyə ali təhsil ocaqlarının üstünlük təşkil etdiyini vurğulayan rektor, Koç Universitetini də ATU-nun əməkdaşlıq etdiyi universitetlər siyahısında görməkdən məmnun olacağını bildirdi.
Qonaqlara Tibb Universitetinin fəaliyyəti, mövcud fakültələr, tədris sistemi, rezidentura pilləsi, klinikaları və yataqxanaları haqqında ətraflı məlumat verən G.Gəraybəyli hazırda ATU-da bir çox sahələrdə islahatlara start verildiyini dedi. Qeyd olundu ki, ATU Azərbaycanda həkim və əczaçılıq sahəsində mütəxəssis hazırlayan yeganə universitetdir: “Universitetimizə ildə təxminən 1000 tələbə qəbul edilir. Hazırda 7000-ə yaxın tələbəmiz var. Avropa universitetləri ilə müqayisədə böyük olmasa da, amma bütövlükdə Azərbaycanın aparıcı ali ocaqlarından biriyik” .
Rektor yarım əsrdən çoxdur fəaliyyətdə olan Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, xəstəxana və klinikaları ilə Azərbaycanın ən iri elm və tibb ocaqlarından biri olduğunu bildirdi. Universitet elmi-tədqiqat laboratoriyaları, müasir cihazlar və avadanlıqla təchiz edilib ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan verir. ATU-nun 4 klinikası ilə yanaşı, 6 tədris binası, inzibati binası, tələbə yataqxanası olduğunu qeyd etdi.
“ATU-da 5 il öncə ikipilləli təhsil siteminə keçib. Lakin bu bölmədə də çatışmamazlıqlar var. Biz bu sahəyə çox önəm veririk, sizin universitetlə də rezident mübadiləsinə çox şad olarıq, sizin bu sahədə olan bacarıqlarınızdan bəhrələnməyə də çox şad olarıq”.
Koç Universiteti Xəstəxanasının direktoru Sergin Akper də ilk təmasdan məmnun olduğunu bildirdi. Təmsil etdiyi təşkilat haqqında məlumat verən S.Akperin sözlərinə görə, Koç Universiteti Xəstəxanası - Koç Universiteti Tibb Fakültəsinin araşdırma və təhsil xəstəxanasıdır:
“Bizim universitetdə rezidentura sistemi uzun müddətdir ki, tətbiq olunur. Bu sahədə olduqca ciddi nailiyyətlərimiz var”. Sergin Akper yaxın vaxtlarda Koç Universitetində təşkil olunacaq elmi seminara ATU-nun nümayəndə heyətini dəvət etdi.
Qarşılıqlı fikir mübadiləsindən sonra universitet rəhbərləri arasında əməkdaşlığa dair memorandum imzalandı. Bu sənəd Azərbaycan Tibb Universiteti və Koç Universiteti arasında həkim, mütəxəssis, rezident mübadiləsi, qarşılıqlı layihələrin reallaşdırılmasını nəzərdə tutur.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov və beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov da iştirak edirdilər.