Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında klinika rəhbərliyi ilə UNİCEF-in Azərbaycandakı ictimai səhiyyə və rabitə məsləhətçisi Dr.Gleen Laverack arasında görüş keçirilib.
İngiltərəli ekspertlə görüşün məqsədi onu Azərbaycanda körpələrin qidalanması üzrə mövcud vəziyyətlə tanış etmək, bu məsələdə UNİCEF-in təqdim etdiyi hansı vasitələrdən yararlanmağın mümkünlüyünü müzakirə etməkdən ibarət idi.
Dr.Gleen Laverack UNİCEF-in müstəqil məsləhətçisi qismində ana südü ilə qidalanma sahəsində araşdırma apardığını və bu məqsədlə bir sıra qurumlarda görüşlər keçirdiyini qeyd edib. O, tədqiqatın daha dolğun və faktlara əsaslanan olması üçün Tibb Universitetinin təcrübəsi ilə tanış olmaq istəyi haqqında bildirdi.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev əvvəlcə qonağa klinika haqqında və xüsusilə ginekologiya şöbəsinin fəaliyyəti haqqında geniş məlumat verdi.
Qeyd etdi ki, 2013-cü ildən fəaliyyətə başlayan klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 24 şöbə fəaliyyət göstərir. Klinikanın laboratoriyalarında dünya universitetlərinin referens laboratoriyalarında istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi, mikrobioloji, immunoloji, genetik və digər analizatorlar mövcuddur. Bu da müəssisədə yüksək səviyyəli araşdırmalar aparılmasına imkan verir.
Görüşdə daha sonra UNİCEF məsləhətçisinin bir sıra sualları cavablandırıldı. Müzakirə zamanı vurğulandı ki, dünyanın bir sıra ölkələrində o cümlədən respublikamızda döşlə əmizdirmənin səviyyəsi arzu olunan deyil. Bu sahədə maarifləndirməni gücləndirmək məqsədilə digər ölkələrdə olduğu kimi, Azərbaycanda da UNİCEF və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir. Belə tədbirin təşkilində əsas məqsəd ana südünün üstünlüklərini, döşlə əmizdirmənin vacibliyini, süni qidaların ana südünə nisbətdə fərqini analara çatdırmaq, habelə döşlə əmizdirmədə ananın məsuliyyətini artırmaqdır.
Görüşdə ATU-nun I mama-ginekologiya kafedrasının müdiri Hicran Bağırova, II mamalıq-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva, ATU-nun Tədris Cərrahiyyə Klinikasının mamalıq-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov və kafedranın dosenti iştirak edirdilər.