Azərbaycan Tibb Universitetində təhsil alan tələbələr üçün aparıcı istiqamət tədris olsa da, elm və praktiki fəaliyyətə də xüsusi önəm verilir. Onların elmi-tədqiqat işlərinə cəlb edilməsi Tələbə Elmi Cəmiyyətinin xətti ilə həyata keçirilir.
Bu sahədə ilk addımlarını atan tələbələri daim diqqət mərkəzində saxlayan kafedralardan biri də Patoloji fiziologiya kafedrasıdır. Burada aparılan elmi-tədqiqat işlərinin müasir tibbin ən ağrılı və aktual problemlərindən birinə - şəkərli diabetin və onun ağırlaşmalarının patogenezində limfa sisteminin rolunun öyrənilməsinə, adekvat müalicə üsullarının işlənib hazırlanmasına həsr edildiyini deyən kafedra üzrə tələbə elmi cəmiyyətinin sədi, professor Məmməd Əliyev bizimlə söhbətində kafedranın müdiri, professor Sabir Əliyevin tapşırığı ilə bütün qruplarda və mühazirə patoklarında TEC-in xətti ilə aparılan elmi-tədqiqat işləri haqqında tələbələrə geniş məlumat verildiyini, hər tədris ilinin əvvəlində onların əvvəlki illərdə əldə olunan nailiyyətlərlə tanış edildiyini də söylədi: “Qeyd etmək istəyirəm ki, ötən tədris ilində bizim kafedrada hazırlanan 2 elmi-tədqiqat işi - “Diabetik nefropatiyaların patogenezində lipid mübadiləsinin pozulmasının rolu” və “Diabetik retinopatiyaların patogenezində qan və limfanın damardaxili laxtalanmasının rolu” - keçən il ATU-da keçirilmiş Tələbələrin və Gənc Həkimlərin III Beynəlxalq Tibb Konqresinin gündəliyinə daxil edilmiş və tələbələr orada məruzə ilə çıxış etmişlər. Bu elmi işlərdən birincisi (Kəmalə Qaraisalı ) isə Dağıstanda keçirilən Ümumrusiya Gənc Alimlərinin Bilik Forumunda diploma layiq görülmüşdür. Müraciət edən və elmi tədqiqat aparmaq arzusunda olan bütün tələbələr qeydiyyata götürülür və tədqiqatın bütün mərhələləri ilə tanış edilir. Sonra tələbələr seçdikləri mövzulara aid referat hazırlayır və təqdim edirlər. Yalnız bundan sonra tələbə elmi- tədqiqat aparmaq hüququ qazanır. Həmişə olduğu kimi bu tədris ilinin əvvəlindən yenə belə qeydiyyatlar aparılmış və 2016/2017-ci tədris ilində 30-a qədər tələbə elmi-tədqiqat aparmaq arzusunda olduğunu bildirmişdir. Hazırda 7 tələbənin apardığı elmi-tədqiqat işlərindən 4-ü başa çatmaq üzrədir və biz onların nəticələrini fakültə TEC-nin konfransına təqdim edəcəyik”.
Kafedranın elmi-tədqiqat laboratoriyasında təcrübə dovşanı üzərində aparılan ekspertin gedişini izləyərkən bir daha şahid olduq ki, tələbələr kafedrada aparılan elmi-tədqiqat işlərinin bütün mərhələləri ilə yaxından tanış olur, şəkərli diabet modeli yaradılmış dovşanlarda qanın və limfada gedən lipid mübadilənin göstəricilərini təyin edirlər. Dovşanda süni yaradılmış gözə qan sızmanın və miokard infarktının gedişini də yoxlayaraq böyrəkdə, qanda, gözdə və ürəkdə gedən dəyişikləri öyrənir, baş verən fəsadları aradan qaldırmağın yollarını axtarmağa çalışırlar.
Qeyd edək ki, əczaçılıq fakültəsinin kafedraları ilə birgə əməkdaşlıq daxilində əsas müalicə üsulu kimi Azərbaycan florasına aid dərman bitkilərindən istifadəyə üstünlük verən tədqiqatçılar kafedranın maddi-texniki bazasından, o cümlədən Almaniya istehsalı olan 2 müasir aparatın imkanlarından da səmərəli istifadə edə bilirlər.