ATU-nun rektoru Gəray Gəraybəyli universitetdə tətbiq olunan yeniliklərdən danışdı
Bir il öncə Azərbaycan Tibb Universitetində yeni təyinat baş verdi. Professor Gəray Gəraybəyli bütün karyerasını həsr etdiyi doğma universitetin rektoru təyin olundu.
İstənilən sahədə bir il - hesabat vermək üçün ilkin mərhələ sayılır. Bu müddətdə Azərbaycan Tibb Universitetində nələr dəyişdi, yeni rektor hansı sahələrə diqqəti daha da artırdı?
Hədəflər nə idi və bir ildən sonra gözləntilərin doğrulduğunu demək olarmı? Bütün bunlar haqqında ATU rektoru, professor Gəray Gəraybəyli ilə müsahibəni təqdim edirik:
-Artıq bu işə başlamağınızın bir il tamam oldu. Yəqin ki, yeni işə başlayanda müəyyən dövr üçün hədəfləriniz olub. İndi keçən müddətə baxanda, nə demək olar – qarşıya qoyulan hədəflərlə nə dərəcədə nail olundu?
-Bir il - bir tərəfdən qısa, digər tərəfdən isə kifayət qədər böyük bir dövrdür. İndi geriyə baxanda, deyə bilərəm ki, 1 il çox tez keçib getdi. Və bu bir ilin hər gününü çox gözəl xatırlayıram. Çünki bu günlər çox gərgin, hadisələrlə zəngin günlər oldu.
Əlbəttə ki, əsas hədəf universitetin gələcək inkişafı ilə bağlıdır. Bunun üçün ilk əvvəl universitetdə bütün istiqamətlər üzrə fəaliyyətini monitorinq etmək qərarını verdim. Məqsəd də o idi ki, ən çətin, ən zəif bəndləri aşkarlayım və imkan olduqca, bu problemlərin həlli yollarını tapaq. Hesab edirəm ki, bu bir ildə qarşıya qoyulan hədəflərin böyük əksəriyyətinə nail olmuşuq.
-Bu bir ildə tədris prosesində nələr dəyişdi? Bildiyimiz qədər, dövlət imtahanlarına qədər bir çox yeniliklər tətbiq olundu. Artıq hansısa nəticələrdən danışaq olarmı?
-Əsas strateji hədəfimiz tədrisin keyfiyyətinin yaxşılaşdırılmasıdır. İstəyirik ki, ATU-nun məzunları artıq bilikli, tam yetişmiş həkim kimi universiteti bitirsinlər. Bunun üçün də imtahanlar, tədris prosesinin təkmilləşdirilməsi ən vacib meyarlardan biridir. Bu məsələ ilə bağlı əsasən 2 istiqamətdə işlər aparılıb. Birincisi obyektivliyin, şəffaflığın artırılması, hansısa subyektiv faktorların aradan qaldırılması, ikincisi - tələbələrin praktiki vərdişlərinin yüksəldilməsi.
Bizim tələbələrimizin əksəriyyəti yüksək nəzəri biliklər nümayiş etdirirlər. Lakin praktiki vərdişlər istədiyimiz səviyyədə deyil. Məhz bu istiqamətdə bu bir il ərzində konkret işlər görülüb. Məsələn, artıq dövlət imtahanları iki formada aparılır: həm şifahi nəzəri biliklərin yoxlanılması üçün test imtahanları, həm də bilikləri və praktiki vərdişləri nümayiş etdirmək üçün beynəlxalq OSKİ imtahanları tətbiq edilir. Bu sistem ötən ilin yayında universitetimizdə ilk dəfə tətbiq olundu. Bu imtahanlarda iştirak edən tələbələrin həqiqi rəyini öyrənmək üçün imtahan aparılan mərkəzlərdə anonim qutular yerləşdirdik. Nəticədə, fərqli məktublar aldım. Tələbələr yeni sistemin tətbiqindən razılıq edirdilər. Hətta OSKİ imtahanlarının digər kurslarda, yəni kliniki fənnlərdə də tətbiqini təklif edirdilər. Bu, çox sevindirici bir haldır. Gələcəkdə kliniki bazaya gedən tələbənin öz imtahanını həm vərdiş, həm kliniki formada verə bilməsi üçün işləri davam etdiririk.
Digər tərəfdən, bu ildən birinci kursların kurs imtahan forması də dəyişdi. Çünki bir neçə il bundan öncə universitetin keçmiş rəhbərliyinin təşəbbüsü ilə ATU- da test imtahanları tətbiq edildi. Məqsəd şəffaflığa nail olmaq, müəllim-tələbə münasibətlərində xoşagəlməz və neqativ halların qarşısını almaq idi. Buna da nail olundu. Təəssüf ki, artıq bu test imtahanlarında da problemlər yaşanır. Məsələn, tələbələr cavabları öncədən əldə edirdilər. Açıq deyirəm, bəzən tələbələrə cavabları satırdılar. Biz də istədiyimiz obyektivliyi itirdiyimiz üçün beynəlxalq təcrübədən istifadə etdik, mütəxəssisləri dəvət etdik. Bu şəxslər ATU-nun müəllimləri deyil, sırf testlə məşğul olan nümayəndələrdir. Onların artıq bir neçə Avropa ölkələrində: Almaniya, İsveçrə və s. Digər ölkələrdə təcrübələri var. Biz onları dəvət etdik, fikirlərini öyrəndik.
Artıq birinci kursların qış imtahan sessiyasında sınaqlar yeni üsulla aparıldı. Bu yenilik həm imtahan zamanı tələbəyə verilən vaxtda, həm də sualların keyfiyyətində özünü göstərdi. Biz imtahandan bir ay öncə sualları internetə yerləşdirdik. Bu, tələbəyə öz-özünü təkmilləşdirməsinə imkan verir. Müşahidə edirdik ki, tələbələr hər dəfə suallardan daha çox bal toplayır. Demək tələbə hər dəfə daha yaxşı hazırlaşır, özünü təkmilləşdirir.
-Universitetin özəyini peşəkar kollektiv təşkil edir. Bəs müəllim heyətinin ixtisasını artırmaq üçün hansı addımlar atılır?
-Tamamilə razıyam, peşəkar kollektiv hər bir ali təhsil ocağının əsasıdır.
Əvvəla, son bir ildə biz professor məsləhətçi vəzifəsini təsis etdik. Hər bir kollektivdə olduğu kimi, bizdə də ağsaqqal, böyük təcrübəyə malik mütəxəssislərimiz, müəllimlərimiz var. Onlar bizim Qızıl fondumuzdur, onların təcrübəsindən daim yararlanmalıyıq. Eyni zamanda, elm və səhiyyə daim inkişaf edir. Biz xaricdə təhsil alan, orada praktikadan keçən, müxtəlif dillər bilən həkimlərimizdən, gənc kadrlardan da müəllim kimi istifadə etməliyik. Ona görə də professor məsləhətçisi vəzifəsini təsis etməklə həm yaşlı kadrların sosial statusunu, kafedradakı yerlərini qoruya bildik, həm də gənc kadrlara yol açmış olduq.
Digər tərəfdən, müəllim də daim öz üzərində işləməlidir.
Müəllim nə vaxtsa aldığı biliyi, hər il eynilə tələbəyə ötürə bilməz. Bəzən elə olur ki, müəllimlər elə 30 il bundan əvvəl oxuduğu mühazirəni yenə auditoriya qarşısında oxuyur. Artıq hər kəsin internetə çıxışı var, tələbələr hər şeydən məlumatlıdırlar. Buna görə də biz bu il müəllimlərin biliklərini yoxlamaq üçün reytinq bal şkalası üzrə xüsusi komissiya yaratdıq. Bu bal reytinq şkalasında müəyyən bəndlər tələbənin müəllim haqqında fikrini ifadə edir. Ola bilər ki, müəllim güclü bir mütəxəssisdir, amma pedaqoq kimi zəifdir.
Bir neçə ay bundan öncə ilk olaraq innovasiya şöbəsinin nəzdində yeni “Təhsilin keyfiyyətinin təminatı və innovasiya” şöbəsi yaradıldı. Məhz bu şöbə tələbələri deyil, müəllimlərin necə dərs apardıqlarını yoxlayacaq. Bizim universitetdə xaricdə oxumuş, Avropanın tədris sistemini bilən mütəxəssislərimiz də var. Mən onlarla görüşmüşəm, onların tədris prosesinə qatılmasının tərəfdarı olduğumu bildirmişəm. Biz artıq beynəlxalq əlaqələrimizdən də istifadə etməyə başlamışıq. İnanıram ki, bunların hər biri bu işə müsbət təsirini biruzə verəcək.
-Tələbə olmasa universitet də olmaz. Bildiyimiz qədər, tələbələrin rəyi sizin üçün önəmlidir. Hətta onları daha yaxşı eşitmək, istəklərini öyrənmək üçün xüsusi görüşlər də keçirirsiniz. Tələbələr nə istəyirlər?
-Tələbələrin istəklərinin böyük əksəriyyəti keyfiyyətli tədrislə bağlıdır. Bəzən, müəyyən müəllimlərdən şikayətlər olur. Dərsliklər və informasiya mənbələrinin qıtlığından da gileylər olur. Bizim tədris proqramımızın digər xarici ölkələrin proqramlarından fərqli olduğunu da deyirlər. Çünki sonradan bu, təhsilini xaricdə davam etdirmək istəyən tələbələrə çətinlik yaradır. Bəzi tələbələr praktiki məşğələlərin az olmasından şikayət edirlər, müəyyən patologiyalar üzrə xəstələr klinikalara daxil olmadığından, həmin xəstəliyin gedişini əyani müşahidə edə bilmirlər. Azsaylı sosial xarakterli şikayətlər də olur.
-Tibb elmi yerində saymır, hər gün hansısa yeniliklər barədə xəbərlər yayılır. ATU həm də elm ocağıdır. Elmi tədqiqatların aparılması üçün hansı şərait var və gənc alimlərimizdən gözləntilər özünü doğruldurmu?
-Elm hər bir universitetin vacib tərkib hissəsidir, bu olmasa, keyfiyyətli təhsildən danışa bilmərik. Elmi Şurada səslənən son hesabata arxalanaraq deyə bilərəm ki, universitetimizdə elmi işlərin yüksək səviyyədə araşdırılması üçün kifayət qədər şərait var. Azərbaycanda ayrı heç yerdə olmayan elektron mikroskop ATU-da var. Müxtəlif sahələrdə araşdırma aparmağa imkan verən labarotoriyalarımız, elmi tədqiqat mərkəzimiz var. Onların bəzilərini yeniləməyi planlaşdırırıq.
Hazırda əsas hədəfimiz xarici ölkələrin universitetləri ilə qarşılıqlı elmi işlər aparmaqdır. Bunun üçün biz müxtəlif universitetlərlə qarşılıqlı əməkdaşlıq sazişləri bağlayırıq. Və bu haqda müraciətlərin sayının artması sevindirici haldır.
ATU-da rezidentlərin və gənc alimlərin konfranslarınn keçirilməsi bizim gözəl ənənələrdən biridir. Bunlar artıq ənənəvi xarakter alıb. Bir neçə ay əvvəl Tələbə Elmi Cəmiyyətin konfransı baş tutub. Bir neçə gün öncə 3 tələbəmiz Rusiyada keçirilən elmi festivalda iştirak ediblər, hətta 1-ci yeri qazananı da olub. Bunlar da tələbələrimizin fəallığını göstərir. Ancaq hələlik tələbələrimizin elmi tədqiqat sahəsində iştirakından tam razı olduğumu deyə bilmərəm.
-Və sonda – həkim-müəllim olmaq rahatdı, yoxsa rektor?
-Əlbəttə, həkim-müəllim olmaq asandır. Yəqin ki, hər bir insanda anadangəlmə hansısa bir sahəyə maraq, daxili cəzbetmə qüvvəsi olur. Mən həmin hissin təsiri ilə ATU-ya gəldim. Qismət elə gətirdi ki, elə bu universitetdə çalışmağa davam etdim. Uzun illər həkim və müəllim kimi fəaliyyət göstərdim. Açığı, indinin özündə də kafedramızda həm müəllim, həm həkim olaraq çalışıram. Və bu fəaliyyət hazırda rektor kimi üzərimdə olan məsulliyyətin öhdəsindən gəlməyə, emosional baxımdan bərpa olunmağıma kömək edir.