Akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır
Akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır
Aprelin 17-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov hər bir xalqın həm də onun övladlarının tarix boyu din, mədəniyyət, incəsənət xəzinəsinə verdiyi töhfələrlə tanındığını vurğulamışdır. Bu baxımdan oftalmologiya sahəsində Azərbaycanı nəinki keçmiş SSRİ məkanında, bütün dünyada tanıdan, şöhrətləndirən korifey alimlərimizdən biri olan Zərifə xanım Əliyevanın həyatından, zəngin elmi və yaradıcılıq fəaliyyətindən söhbət açaraq bildirmişdir ki, akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.
Rektor böyük səhiyyə təşkilatçısı Zərifə Əliyevanın yetişməsində onun doğulub boya-başa çatdığı mühitin xüsusi rolu olduğunu diqqətə çatdırmış, universitetimizin dünya şöhrətli məzunu ilə qürur duyduqlarını söyləmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, professor Paşa Qəlbinur, akademiklər Adilə Namazova, Böyükkişi Ağayev və başqaları Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər. Qeyd olunmuşdur ki, Zərifə xanım Əliyeva sadəlik və xeyirxahlıq mücəssəməsi, Azərbaycan qadınının mükəmməl nümunəsi idi.
II müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Xatun Məmmədova akademik Zərifə Əliyevanın ömür yolunun həkimlik peşəsini özlərinə həyat yolu seçən gənclər üçün örnək olduğunu demişdir.
Çıxışlarda müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanımın tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etdiyi diqqətə çatdırılmışdır.
Alim dünyada ilk dəfə peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür.
Vurğulanmışdır ki, Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülmüşdür.