Yazıçı Əkrəm Əylislinin Rusiyanın Drujba narodov jurnalında çap olunan Daş yuxular romanı artıq neçə gündür ki, ölkə ictimaiyyətinin böyük etirazına səbəb olub.
Yazıçı Əkrəm Əylislinin Rusiyanın "Drujba narodov" jurnalında çap olunan "Daş yuxular" romanı artıq neçə gündür ki, ölkə ictimaiyyətinin böyük etirazına səbəb olub. Bu baxımdan da yaradıcı ziyalılar, o cümlədən elm - mədəniyyət xadimləri tərəfindən bu əsər geniş müzakirə obyektinə çevrilib.
Bu məqsədlə fevralın 8-də ATU-nun Azərbaycan tarixi kafedrasında tədbir keçirilmişdir. Tədbiri açan kafedranın müdiri, professor Fəxrəddin Məmmədov dedi ki, əsərin məzmunu və ideyası məlumdur. Əsərin adından da göründüyü kimi müəllif özü daş yuxusuna gedib ki, iyirmi faiz torpaqlarımızın işğal olunduğunu, bir milyondan artıq qaçqınımızın yurd-yuvasından didərgin salındiğını, otuz mindən çox şəhid verdiyimizi görmür. Natiq bu romanda tarixin bir- mənalı şəkildə saxtalaşdırılması faktının olduğunu və əsl həqiqətin gizlədildiyini vurğuladı. O baxımdan ki, romanda 1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycanı məhz erməni işğalından azad etməyə gəlməsi təhrif olunub. Yəni, Əkrəm Əylisli özünün "erməni təfəkküründə yaşatdığı" yalanları qələmə almaqla məsələnin əsl mahiyyətini gizlətməyə çalışır. Həmin dövrdə ermənilərin Naxçıvan, Zəngəzur, Dərələyəz bölgələrində, o cümlədən Şirvan, Ağsu, Şamaxı, Göyçay, Quba, Bakı və digər ərazilərdə həyata keçirdiyi iri miqyaslı soyqırmları nədənsə Ə.Əylislinin ermənilərə xidmət göstərən "beyninə" girməyib. Türk qoşunlarının Azərbaycana Vətənimizi məhz daşnaklardan xilas etməyə gəlməsi Ə. Əylislinin gözündən yayınıb.
"Təbib"qəzetinin baş redaktoru, şair- publisist Eldar İsmayıl çıxışınıda qeyd etdi ki, mənim bir yazıçı kimi əvvəldən Əkrəm Əylisliyə rəğbətim olmayıb. Çünki onun heç bir əsərində milli ruh, milli düşüncə və milli dəyərlərimizə hörmət görməmişəm. Əslində onun simasında Çingiz Ayıtmatovu təqlid etmək istəyində olan, lakin buna istedadı və qabiliyyəti çatmayan bir cızma- qaraçı görmüşəm. Məlum həqiqətdir ki, təqlidçilər nə qədər özlərini təbliğ etsələr də, bəşəri fikir arenasına çıxa bilməyiblər. Daha doğrusu, öz dəsti-xətləri olmadığına görə durduqları yerdə saymışlar.
Əkrəm Əylislini incidən nədir? O, nədən "yeraz"lara qarşı bu qədər qəzəblidir? Hətta təhqirə keçməkdən də vaz keçə bilmir. Onların ermənini amansızlıqla döydüyünü ürək ağrısı ilə təsvir edir... Belə bir adamın bu millətin içində yaşamağa haqqı varmı? Olmasa da, yaşayır və qan qardaşlarına xidmət edir. Əgər bir erməni yazıçısı təmsil etdiyi xalqı bu qədər kiçildərsə ermənilər onu daş-qalaq eləyərlər. Biz isə məhəl qoymadığımıza görə başımıza hər oyun gəlir...
Azərbaycan dili kafedrasının müdiri, dosent Akif Miriyev çıxışına milli məfkurəmizin böyük daşıyıcısı, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin hələ 1998-ci ildə Əkrəm Naibovun dönüklüyünə, satqınlığına həsr edilmiş şeiri ilə başladı. O, müharibənin bitmədiyi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl iş aparıldığı vaxtda belə bir əsərin ortaya çıxarılmasını Vətənə, xalqa xəyanət adlandırdı.
Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev 12 yaşından tanıdığı Əkrəm Naibovun aldığı mükafatlara layiq olmadığını bildirdi: "Bu millətin çınqılını da, külünü də, gülünü də, qanqalını da sevin Allah eşqinə", "Bizi bölgələrə, məhəllələrə, tayfalara bölənə lənət" deyən, ürəyi daim Vətən eşqiylə döyünən, "Ağzımda dilim də Azərbaycandır", "Məndən ötrü Ermənistan yoxdu, yox"-deyə hayqıran Eldar İsmayıl dövlət mükafatlarından kənarda qalıb. Erməni sevgisini gizlətməyən, nadürüstlüyü, qanının xarablığı şübhə doğurmayan Əkrəmin Vətənin, xalqın ali təltiflərini daşımağa haqqı çatmır".
"Daş yuxular" əsəri ilə bağlı İqtisadiyyat və hüququn əsasları kafedrasının müdiri, dosent Yavər Vəliyev, Azərbaycan dili kafedrasının dosenti Məfkurə Hüseynova, əczaçılıq fakültəsinin dekanı Tahir Süleymanov və digər etirazını bildirənlər özünü xalqa, millətə qarşı qoymağın heç vaxt bağışlanmadığını dedilər. Tədbirdə suyunu içib, çörəyini yediyi Vətənə arxa çevirməklə bu torpaq üzərində yaşamaq haqqını itirən nankor yazıçının Azərbaycan vətəndaşlığından məhrum olunmasını da tələb etdilər. Çünki Ə.Əylisli xalqına iftira atmaq və həqarət etməklə təkcə azərbaycanlılara deyil, bütün insanlığa, bəşəri dəyərlərə xəyanət edib. O, bu xəyanətin cəzasını çəkməlidir. Məhz bunu və xalqın etirazlarını nəzərə alan möhtərəm prezidentimiz İlham Əliyev Ə.Əylislinin "Xalq yazıçısı" adından və Prezidentin fərdi təqaüdündən məhrum olunması barədə sərəncam imzalayıb. Bu sərəncamlar cəmiyyətdə çox yüksək qarşılanıb və xalqımız prezidentin bu qərarını müsbət hal kimi dəyərləndirirlər.