Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tibb elmləri doktoru, professor Surxay Axundovun anadan olmasının 120 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov iştirakçıları ATU rektoru professor Gəray Gəraybəyli adından salamlayaraq, onlara konfransın işində uğurlar arzulayıb.
R. Bəylərov S.Axundovun keçdiyi həyat yolu ilə bağlı konfrans iştirakçılarına məlumat verib və bildirib ki, S.Axundov Respublikada neyrocərrahiyə xidmətinin inkişafında böyük xidmətləri olan bir alim olub.
Daha sonra ATU-nun nevrologiya və tibbi genetika kafedrasının müdiri, professor Şərif Mahalov çıxış edərək, S.Axundovun həyat və yaradıcılığı haqda danışıb.
O bildirib ki, bizlər heç zaman görkəmli alimlərimizi, həkimlərimizi unutmamalıyıq:”Onların fəaliyyəti xalqın və dövlətin rifahı naminə yeni nailiyyətlərlə gənc həkimlərə ilham mənbəyi olub. S.Axundov da belə şəxsiyyətlərdən idi. O, daima gənclərə diqqət və qayğı göstərirdi. Onların yüksək səviyyədə təhsil almaları üçün böyük təşəbbüslər həyata keçirirdi”.
Ş.Mahalov onu da qeyd edib ki, S.Axundov Respublikada neyrocərrahiyə xidmətinin inkişafında böyük səylə çalışıb:”Akademik N.N.Burdenko şagirdləri haqqındakı xatirələrində S. Axundovun dəqiq topoqrafik diaqnozu olmadan hətta təcrübəli cərrahların belə, akademikin özü də daxil olmaqla, əməliyyatlardan əvvəl tərəddüd və narahatlıq hissi keçirdiyini qeyd edirdi. S.Axundov sözün əsl mənasında canlı kompüter tomoqrafiya rolunu oynayırdı.
S. Axundovun tibb sahəsində gördüyü işlər mənə cəsarətlə onun akademik Mustafa bəy Topçubaşovla birgə Azərbaycanda neyrocərrahiyə xidmətinin banisi olmasını deməyə əsas verir”.
S.Axundovun xatirəsi ilə bağlı onun ailə üzvləri adından kinorejissor Oqtay Mirqasımovun çıxışı dinlənilib.
O, bu təşəbbüsə görə ATU rektoru, professor Gəray Gəraybəyliyə və nevrologiya kafedrasının professor və müəllim heyətinə minnətdarlığını bildirib: “Surxay Axundov canlı ensiklopediya idi. Neyrocərrahiyənin əsasını qoyan bir alim kimi bu gündə onun yetişdirdiyi tələbələrin səsi daha yüksəklərdən gəlməkdədir. O, beyni bir obyekt kimi seçmişdi. Əqli və fiziki baxımdan inkişaf etmiş bir mütəfəkkir olaraq, onun üçün beynin funksiyalarının və xəstəliklərinin öyrənilməsi daha vacib idi”.
Konfransın davamında neyrocərrah Rəşid Musayevin, travmatoloq Nadir İsmayılovun S.Axundovla bağlı xatirələri dinlənilib.
Bədii hissədə professor S.Axundovun həyat və yaradıcılığına həsr olunmuş videofilm konfrans iştirakçılarına təqdim edilib.
Konfrans öz işini gənc alimlərin elmi məruzələri ilə yekunlaşdırıb.