Bəzən valideynlər uşaqların ürək ritmlərinin çox olmasından şikayətlənirlər. Onlar köprənin nəbzini tutub ürəyin tez döyünməsini müşahidə edirlər və həkimə müraciət edirlər. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayev isə bunun adi hal olduğunu bildirir.
E.Rzayevin sözlərinə görə, uşaqların ürəyi böyük insanlara nisbətən daha tez vurur: “Məsələn, böyüklərdə ürək dəqiqədə 60, 70, 80 dəfə döyünürsə, uşağın yaşından asılı olaraq döyüntü 110, 120, 130 da ola bilər. Bu, xəstəlik deyil. Bir halı da nəzərə almaq lazımdır ki, hətta uşağın kardioqramması çəkiləndə belə, döyüntüləri yüksək göstərilir. Bunun səbəbləri müxtəlifdir.
Yenidoğulmuş körpənin bədənində kardio alətlər normal dayanmaya bilər. Orta yaşlı uşaq müayinədən qorxa bilər. Bilirik ki, qorxu zamanı da ürək döyünmələri arta bilir. Lakin, istənilən halda yoxlanmaq lazımdır. Çünki hər bir halda problem ola da bilər. Ona görə də hansısa narahatlıq yaranarsa, kardioqramma çəkilməsi vacibdir”.
Həkim Elşən Rzayev bildirir ki, ürək döyünmələrinin aşağı olması daha ciddi problemdən xəbər verir: “Əgər doğurdan da uşağın ürək döyüntüsü zəif və azdırsa, o halda uşaqda ciddi kardioloji müayinə aparılmalıdır. Bəzən valideynlər bizə müraciət edirlər ki, uşağın nəbzində döyüntü 60-dır, qolunda isə 120. Bu halda, yalnız və yalnız ölçmə səhvi ola bilər”.
Həkimin sözlərinə görə, ürəklə bağlı hansısa narahatlıq yarandıqda, uşağı ümumi pediatr və ya nevropatoloqa yox, sırf kardioloqun yanına aparmaq lazımdır: “Pediatr uşağın ümumi durumunu dəyərləndirir. Respublikamızda peşəkar pediatrlar var, onlar çox sərbəst qaydada ürəkdə küyü də eşidə bilirlər, patologiyanı da aşkar edə bilirlər və növbəti müayinə - müalicəyə yönəldirlər. Amma bir uşaqda nədənsə şübhə varsa, uşaq fiziki inkişafdan qalıbsa, yaşına uyğun normal kilo ala bilmirsə, fiziki tolerantlığı, yəni qaçmağı, oynamağı o biri uşaqlardan daha zəifdirsə, yaşıdlarından daha tez yorulursa, onun ürəyini heç olmasa bir dəfə yoxlamaq daha faydalı olar”.
Elşən Rzayev xatırladır ki, ürək müayinələrinin - kardioqramma, exokardioqrafiya müayinələri zamanı ultrasəs dalğalarından istifadə olunur ki, bunun da uşaqlara heç bir ziyanı yoxdur.