Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın genişləndirilmiş (36 saylı) iclası keçirilib.
İclası giriş sözü ilə açan klinikanın direktoru, professor Hüseyn Qabulov bu tədris ilinin keçən illərdən fərqli olduğunu diqqətə çatdırdı. Klinikanın 2016-cı ilin sonuna kimi büdcədən maliyyələşdiyini deyən, direktor 2017-ci ilin yanvar ayından sonra dəyişdiyini və tam təsərrüfat hesablı xəstəxana kimi fəaliyyət göstərməyə başladığını deyib:”Bu müddət ərzində klinikada bir sıra struktur dəyişiklikləri aparıldı. Şöbələrin müraciətini nəzərə alaraq və işimizi daha da optimallaşdırmaq məqsədi ilə bəzi şöbələr birləşdirildi, yeni şöbələr yaradıldı. Və bu dəyişikliklərin zamanla müsbət nəticələr verdiyinin şahidi oluruq”.
H. Qabulov şöbələrin fəaliyyətindən də danışıb:”Azərbaycanda ilk dəfə olaraq ATU-nun Tədris Terapevtik Klinikasında Heriatriya şöbəsi yaradıldı. Hazırda bu şöbənin fəaliyyətinin artırılması istiqamətində işlər də görülür. Bununla əlaqədar universitetin beynəlxalq şöbəsi və İsrail səfirliyinin dəstəyi ilə klinikamızda İsraildən Heriatriya üzrə tanınmış alim dəvət olunub. Digər şöbələr də üzərlərinə düşən işlərin öhdəsindən layiqincə gəlirlər. Şöbələrdə son zamanlar irəliləyiş və əməkdaşların aktivliyi nəzərə çarpır. Laboratoriyada yeni avandanlıqlar alınıb, bu cihazların sayəsində analizlərdən çox dəqiqliklə cavablar alınır ”.
Daha sonra gündəlikdə olan birinci məsələ ilə bağlı direktorun müalicə işləri üzrə müavini Adil Nuriyev çıxış edərək klinikanın iyun ayındakı müalicə-diaqnostik fəaliyyəti haqqındakı hesabatı şura üzvlərinin diqqətinə çatdırıb.
İyun ayı ərzində klinikanın şöbələrində stasionar və gündüz rejimdə müalicə alan pasiyentlər barədə ətraflı məlumat verən A.Nuriyev şöbələrin fəaliyyəti haqqında bildirib ki, iyun ayı ərzində ən çox xəstə - hematologiya, uşaq kardiorevmatologiya, kardiologiya, nefrologiya şöbələrində qəbul edilib.
Sentyabrın 1-dən iyunun 30-a kimi klinikada görülən işlər barəsində danışan A. Nuriyev tədris ili müddətində şöbələr üzrə xəstələrin sayı ilə bağlı hesabatı və görülən işləri şura üzvlərinin diqqətinə çatdırıb.
Heritariya şöbəsi haqda sözügedən şöbənin müdiri Azadə Ələkbərova məlumat verib. O bildirib ki, şöbənin fəaliyyətinin artırılması istiqamətində işlər görülür və inanırıq ki, bu, öz müsbət nəticələrini göstərəcək.
Daha sonra klinikanın təsərrüfat işləri üzrə müavini Malik Məmmədovun, laboratoriya rəhbəri Nurlanə Mamyayevanın və marketinq şöbəsinin mütəxəssisi Tural Mirzəyevin görülən işlər barəsində hesabatları dinlənilib.
İclas işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.