Ömür vəfa etsəydi bu günlərdə Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, əməkdar həkim tibb elmləri doktoru, professor gözəl insan, əsil dost, nümunəvi ailə başçısı, bacarıqlı pedaqoq – alim Məhərrəm Əhəd oğlu Bayramovun 80 yaşı olacaqdı. Amma, təəssüf ki, bu gün dostları, tanışları, tələbələri, ailəsi onun özü olmadan, xoş xatirələrlə yad edəcəklər. Məhərrəm müəllimin dünyasını dəyişməsindən 20 ilə yaxın bir vaxt keçir. Bu illər ərzində çox şey dəyişib, kafedramızın professor-müəllim heyətinin tərkibi əsasən gənc kadrların hesabına yenilənib, gəncləşib. Onların bir qismi Məhərrəm müəllimlə sağliğında təmasda olmasa da yaşlı nəslin xatirələri, söhbətləri əsasında, dekanlıq və kafedra səviyyəsində gördüyü işlər haqqında müfəssəl məlumatları olduğundan onu xoş təəssüratla anırlar.
Bayramov Məhərrəm Əhəd oğlu 1937-ci ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olmuşdur. 1953-cü ildə Gəncə Tibb məktəbinə daxil olmuşdur. Tibb məktəbini bitirdikdən sonra 1958-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş, 1964-cü ildə institutu bitirmişdir. Həmin ildə təyinatla Gəncə şəhərinə qayıdaraq həkimlik fəaliyyətinə başlamış, 4 №-li uşaq məsləhətxanasının müdiri, 1 №-li uşaq poliklinikasında həkim-revmatoloq, tibb məktəbində şöbə müdiri vəzifələrində çalışmışdır. Amma böyük potensialına layiqli çıxış tapmaq, daha çox insanlara yardımçı olmaq, elmə töhvə vermək məqsədilə Məhərrəm Bayramov yenidən Bakıya dönmüş və 1967-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Uşaq xəstəlikləri kafedrasına aspiranturaya daxil olmuşdur. 1970-ci ildə aspiranturanı bitirdikdən sonra həmin kafedranın assistenti vəzifəsinə təyin olunmuşdur. Kafedrada çalışdığı ilk gündən pedaqoji, müalicə və elmi-tədqiqat işlərinə fəal qoşulmuşdur.
1971-ci ildə “Revmatizm zamanı uşaqlarda qalxanabənzər vəzinin funksional vəziyyəti” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildə Uşaq xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilmişdir.
Elmi, tədris və müalicə işləri ilə yanaşı, institutunun ictimai işlərində də fəal iştirak etmişdir. Belə ki, institut istehsalat təcrübəsi şöbəsinin rəhbəri, müxtəlif vaxtlarda 2 dəfə pediatriya fakültəsinin dekanı vəzifələrində çalışmışdır.
1970-ci illərin axırlarında Azərbaycan Tibb İnstitutunda tibb elmləri doktorlarının kəskin azaldığını nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bir çox gənc alimlər SSRİ-nin müxtəlif elmi mərkəzlərinə, universitetlərinə doktoranturaya göndərilirdilər. Həmin vaxt Məhərrəm müəllim də gənc və perspektivli alim kimi,Moskva şəhərinə böyük elm mərkəzi olan SSRİ Tibb Eımləri Akademiyasının Elmi-Tədqiqat Pediatriya İnstitutunda doktoranturaya göndərildi. 1980-ci ildə orada müvəffəqiyyətlə “Uşaqlarda bronx-ağciyər və ürək-damar xəstəlikləri zamanı qanın kallikrein-kinin sistemi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 1980-ci ildə yenə Bakıya qayıdaraq, Azərbaycan Tibb İnstitutunun hospital pediatriya kafedrasında (indiki uşaq xəstəlikləri kafedrası) çalışmağa davam etmişdir. 1981-ci ildən həmin kafedranın professoru vəzifəsinə seçilmişdir. Çalışdığı dövrdə onlarla elmi əsər, praktik tövsiyələr çap etdirmiş, elmi kadrlar yetişdirmişdir.
Məhərrəm Bayramovun Azərbaycanda tibb elminin inkişafına verdiyi töhvələr, tibbi kadrların yetişdirilməsinə yönələn fəaliyyəti və ictimayətdə qazandığı yüksək nüfuzu nəzərdən qaçmamış və layiqincə dəyərləndirilmişdir. Belə ki, müxtəlif illərdə “Səhiyyə əlaçısı” döş nişanı, bir çox Fəxri Fərmanlarla təltif edilmiş, Azərbaycan SSR-ın Əməkdar Həkimi fəxri adına layıq görülmüşdür. 1982-ci ildə “Azərbaycanda uşaq və yeniyetmələrdə ilkin arterial hipertoniya və hipotoniyanın yayılmasının inkişaf mexanizminin öyrənilməsi, kliniki xüsusiyyətləri, yeni müalicə və profilaktika üsullarının işlənməsi və tətbiqi” istiqamətindəki elmi-tətqiqat işlərinə görə Məhərrəm Bayramov Respublika Dövlət Mükafatına layiq görülmüşdür.
Məhərrəm müəllim çox iradəli, müdrik, həyatsevər insan idi. Tale belə gətirdi ki, avtomobil qəzasında aldığı böyük travmadan sonra həyatının son illərini çarpayıda, hərəkətsiz keçirməli oldu. Amma son günlərinə qədər bir dəfə də olsun ruhdan düşmədi, aydın təfəkkürü, düşüncəsi, müdrikliyi bir gün də olsun onu tərk etmədi. Elə danışar, elə söhbətlər edər, gələcək planlarından elə həvəslə danışardı ki, sanki sabah işə çıxacaq, mühazirə oxuyacaq, xəstələtə baxacaq, elmi işlə məşğil olacaqdır. Qəlbi həyat eşqi, yaşamaq arzusu ilə döyünən bu insanın ağır xəstəliyə, ölümə tabe olmaq fikrini bir an belə yaxın buraxmırdı.
Buradaca haşiyə çıxaraq, bir məsələni qeyd etmək istərdik ki, bu dövr Məhərrəm müəllimin necə gözəl ailə başçısı, necə bir nümunəvi ailəyə sahib olduğunu göstərdi. Həyat yoldaşı Həqiqət xanım, övladları Anar və Mətanət, qohumları onun qulluğunda layiqincə dayanır, qayğısını çəkir, bütün arzularını həyata keçirirdilər.Bu hər zaman təbliğə və təqdirəlayiq,çox ailələlərə örnək ola biləcək, bir azərbaycanlı ailəsinin nümunəsidir.
1997-ci ilin dekabrın ikisində həyatla vidalaşan Məhərrəm Bayramov gözəl həkim, savadlı alim, təcrübəli pedaqoq, səmimi insan, yaxşı dost və sevilən ailə başçısı kimi daim xatırlanacaqdır. Həmin gün biz onun müdrik məsləhətlərindən, dəyərli sözlərindən, məzəli zarafatlarından məhrum olduq.
Böyük tatar şairi Musa Cəlil yazırdı ki, “elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən.Həyatın mənası məhz bundan ibarətdir”.Məhərrəm müəllim ölməzliyə qovuşmuş, daim xatırlanan insanlardandır. Allah ona rəhmət eləsin!
Azərbaycan Dövlət Mükafatı Laureatı, respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Məhərrəm Əhəd oğlu Bayramovun əziz xatirəsi onu tanıyanların, dostlarının, iş yoldaşlarının və tələbələrinin qəlbində daim yaşayacaqdır.