Beynəlxalq simpozium
Beynəlxalq simpozium
Mayın 3-də ATU-nun Tədris Terapevtik Klinikasında "Xəstəxanadaxili infeksiyalar, antibiotiklərə rezistentlik, dezinfeksiya, antiseptika və sterilizasiya problemləri" mövzusunda beynəlxalq simpoziumun açılışı oldu.
Azərbaycan Tibb Universiteti, Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyi (TMİİB) və Türkiyə Cümhuriyyətinin DAS (dezinfeksiya, antiseptika, sterilizasiya) dərnəyinin birlikdə təşkil etdiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş beynəlxalq tədbiri giriş sözü ilə açan ATU-nin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov iki gün davam edəcək simpoziumda antibiotiklərə davamlılıq, bakterial və parazitar infeksiyalar, vərəm, hepatitlər, sterilizasiya, dezinfeksiya, molekulyar diaqnoz üsulları və infeksion xəstəliklərdən qorunma mövzularında məruzələrin dinləniləcəyini bildirdi.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, ATU-nun TədrisTerapevtik Klinikasının direktoru, professor Surxay Musayev, Türkiyə Cümhuriyyətinin DAS (dezinfeksiya, antiseptika, sterilizasiya) dərnəyinin sədri, professor Murat Günaydın və ATU-nun mikrobiologiya kafedrasının müdiri, Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin (TMİİB) sədri, professor Zakir Qarayev çıxış edərək hər iki ölkənin həkimləri arasında dostluq əlaqələrinin yaradılması və təcrübə mübadiləsi baxımından proqramında aktual mövzular olan simpoziumun işini yüksək dəyərləndirdilər.
Qeyd etdilər ki, ulu öndər həmişə həkimlərin dostu olmuş və bu müqəddəs peşə sahiblərinə xüsusi qayğı göstərmişdir. Ona görə də beynəlxalq simpoziumun Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması təsadüfi deyildir.
Azərbaycan Tibb Universiteti və Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin infeksion xəstəliklərlə mübarizəni gücləndirmək üçün dünya ölkələri ilə əlaqələrə xüsusi önəm verdiklərini vurğulayan natiqlər bu elmi simpoziumun da respublikamızda klinik mikrobiologiya və infeksion xəstəliklər sahələrinin inkişafında əhəmiyyətli rol oynayacağını söylədilər.
Çıxışlarda bütün həkimlərin və tədqiqatçıların qarşısında infeksion xəstəliklərin yayılma təhlükəsini anlamaq və bu xəstəliklərlə mübarizə aparmaq kimi məsuliyyətli bir vəzifənin dayandığı, məhz belə bir məqamda ən son elmi yeniliklər və nailiyyətlərin müzakirəyə çıxarılmasının zəruriliyi xüsusi vurğulandı.
Çıxışlardan sonra simpozium öz işini panel iclaslarında davam etdirdi və mayın 4-də yekunlaşdırdı.