“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
2.2. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2017-ci il № 3236
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı
1. Giriş
1991-ci ilin oktyabrında - Azərbaycan Parlamenti respublikamızın dövlət müstəqilliyini rəsmən bəyan etdiyi dövrdə ölkəmiz dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma və vətəndaş müharibəsi təhlükəsinə, separatçılıq meyillərinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına, iqtisadi tərəqqiyə zəmin yaratdı və bunların nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasında yer tutdu. Hazırda “Qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verməkdədir.
Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmiş, 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində isə daha böyük vüsət almışdır. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır. Son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər ev”ləri gənclərin maraq dairəsini genişləndirmiş, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaratmışdır.
Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması onların maddi durumunun, rifah halının daha da yaxşılaşdırılmasına imkan vermişdir.
İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesləri gənclərin həyat və düşüncə tərzinə də ciddi təsir göstərməkdədir. Bu amillərin yaratdığı problemlərin müzakirəsi üçün BMT Baş katibinin müraciəti ilə 2014-cü ilin oktyabrında Dünya ölkələrinin I Qlobal Forumu keçirilmişdir. Qlobal Forumun Bakıda keçirilməsi ölkəmizdə gənclər siyasəti sahəsində təcrübə və müsbət tendensiyaların əldə edilməsinin təzahürü olmuşdur.
Dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və müstəqilliyimizin şüurlu dərk edilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək, ekoloji tarazlığın pozulması və sağlam təbii mühitin məhdudlaşması ilə mübarizədə yeni təsirli formaların tətbiqində gənc nəslin fəal iştirakını dəstəkləmək mühüm əhəmiyyət daşıyır. Gənclərin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodları tətbiq edilməlidir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı (bundan sonra – Dövlət Proqramı) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmışdır.
2. Dövlət Proqramının məqsəd və vəzifələri
2.0. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
2.1. Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:
2.1.1. gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması;
2.1.2. gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;
2.1.3. gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi;
2.1.4. gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi;
2.1.5. sağlam həyat tərzinin təbliğ edilməsi və narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası;
2.1.6. gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi;
2.1.7. ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi;
2.1.8. gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılması;
2.1.9. gənclər arasında ixtisas və peşə seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsinin artırılması;
2.1.10. gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi;
2.1.11. gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, onların hazırlığı və yenidənhazırlığı üçün mütəmadi tədbirlərin həyata keçirilməsi;
2.1.12. gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması;
2.1.13. ölkədə gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi;
2.1.14. gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi;
2.1.15. xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi;
2.1.16. gənclərin insan hüquqları, gender bərabərliyi haqqında, eyni zamanda, insan alverinə, zorakılığa qarşı mübarizə ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması;
2.1.17. gənclərin ekologiya və ətraf mühitlə bağlı biliklərinin artırılması;
2.1.18. gənclər arasında ailə dəyərləri haqqında və erkən nikahlara qarşı profilaktik maarifləndirmə işinin gücləndirilməsi;
2.1.19. gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi;
2.1.20. istedadlı və yaradıcı gənclərlə işin daha effektiv və ünvanlı qurulması;
2.1.21. gənclərə xidmət göstərən dövlət müəssisələrinin (Gənclər evləri və mərkəzlərinin) fəaliyyətinin inkişaf etdirilməsi;
2.1.22. yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması;
2.1.23. gənclərin asudə vaxtının səmərəli təşkili;
2.1.24. gənclərin həyat və düşüncə tərzinin öyrənilməsi və müvafiq təhlillərin aparılması.
3. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə mənbələri
3.0. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
3.0.1. dövlət büdcəsi;
3.0.2. büdcədənkənar dövlət fondları;
3.0.3. kreditlər və qrantlar;
3.0.4. qanunvericiliyə zidd olmayan digər mənbələr.
4. Dövlət Proqramının icrasından gözlənilən nəticələr
4.0. Dövlət Proqramının icrasının nəticəsi olaraq 2021-ci ilin sonuna qədər aşağıdakılara nail olunması gözlənilir:
4.0.1. gənclər siyasətinin səmərəliliyinin artırılması;
4.0.2. gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi;
4.0.3. gənclərin fiziki və psixi sağlamlığının möhkəmləndirilməsi;
4.0.4. gənclərin iqtisadi fəallığının artırılması və sahibkarlığın inkişaf etdirilməsi;
4.0.5. gənclərin intellektual inkişafının və elmi fəaliyyətinin stimullaşdırılması;
4.0.6. qeyri-formal təhsil vasitəsilə gənclərin inkişaf etdirilməsi;
4.0.7. mədəniyyət və incəsənət sahələrində istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi;
4.0.8. regionlarda yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması;
4.0.9. gənclərin ictimai həyatda daha fəal iştirakının stimullaşdırılması;
4.0.10. gənclərin hüquqi biliklərinin artırılması;
4.0.11. informasiya texnologiyaları sahəsində gənclərin bilik və bacarıqlarının artırılması;
4.0.12. gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi.
5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı
Sıra | Tədbirin adı | İcraçılar | İcra müddəti (illər üzrə) |
5.1.1. |
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi |
Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.1.2. |
Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin, o cümlədən Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
2017-2021 |
5.1.3. |
Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması |
Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası |
2017-2021 |
5.1.4. |
Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
2017-2021 |
5.1.5. |
“Gənclər Evləri”ndə interaktiv vətənpərvərlik guşələrinin yaradılması |
Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2017-2018 |
5.1.6. |
Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərini təbliğ edən layihələrin həyata keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti |
2017-2021 |
5.1.7. |
Milli-mədəni irsin və təbiətin gənclərə tanıdılması məqsədi ilə diyarşünaslığın inkişaf etdirilməsi |
Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.1.8. |
Hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə və onların asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə müxtəlif tədbirlərin keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti |
2017-2021 |
5.1.9. |
Hərbi-idman oyunlarının keyfiyyəti və kütləviliyinin artırılması, keçirilməsi üçün şəraitin yaradılması |
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, yerli icra hakimiyyəti orqanları |
hər il |
5.1.10. |
Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda əyani vəsaitlərin hazırlanması |
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.1.11. |
Yeniyetmə və gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yolasalma, eləcə də ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının qarşılanması mərasimlərinin təşkili məqsədi ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.2. Gənclərin sağlamlığının qorunması və xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi |
|||
5.2.1. |
Gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi |
Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti orqanları |
mütəmadi |
5.2.2. |
Gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.2.3. |
Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi |
Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi |
mütəmadi |
5.2.4. |
Gənclər arasında könüllü qan donorluğunun inkişafına dair maarifləndirmə tədbirləri və kampaniyalarının həyata keçirilməsi |
Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi |
2017-2021 |
5.2.5. |
Gənclərin psixi sağlamlıqla bağlı biliklərinin, mövqelərinin və davranışlarının təkmilləşdirilməsi |
Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi |
mütəmadi |
5.2.6. |
Gənclərə psixo-sosial xidmətin, “Qaynar xətt” layihəsinin əhatə dairəsinin genişləndirilməsi |
Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi |
2017-2021 |
5.2.7. |
Sosial müdafiəyə ehtiyacı olan gənclərin səhiyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi |
Səhiyyə Nazirliyi |
mütəmadi |
5.2.8. |
Sosial müdafiəyə ehtiyacı olan gənclərin ölkənin mədəni və idman həyatında iştirakının təmin edilməsi |
Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi |
2017-2021 |
5.2.9. |
Sosial müdafiəyə ehtiyacı olan gənclərin sosial müdafiəsinin və sosial xidmətlərdən istifadə imkanlarının artırılması |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
mütəmadi |
5.2.10. |
Sosial müdafiəyə ehtiyacı olan gənclər üçün peşə reabilitasiyası və abilitasiyasının təmin edilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi |
mütəmadi |
5.2.11. |
Dövlət uşaq müəssisələrinin məzunları və əlilliyi olan gənclər üçün məşğulluq imkanlarının genişləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.2.12. |
Sosial müdafiəyə ehtiyacı olan gənclərin beynəlxalq tədbirlərdə iştirakının dəstəklənməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi |
mütəmadi |
5.2.13. |
Risk qrupunda olan gənclərə sosial-psixoloji və hüquqi yardımın göstərilməsi üçün məsləhət və yönləndirmə sisteminin formalaşdırılması |
Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi |
2017-2021 |
5.2.14. |
Sosial müdafiəyə ehtiyacı olan gənclərə göstərilən xidmətlərin qiymətləndirilməsi və monitorinqi üçün standartların müəyyənləşdirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi |
2017-2018 |
5.3. Gənclərin məşğulluğunun və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi |
|||
5.3.1. |
Gənclər üçün peşə məsləhətlərinə və karyera inkişafına dair metodiki vəsaitlərin hazırlanması və məsləhət xidmətlərinin təşkili |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi |
mütəmadi |
5.3.2. |
Gənclər üçün əmək yarmarkalarının keçirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi |
2017-2021 |
5.3.3. |
Gənclərin qeyri-formal təhsil almaq imkanlarının genişləndirilməsi |
Gənclər və İdman Nazirliyi, aidiyyəti təşkilatlar |
mütəmadi |
5.3.4. |
Gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi üçün təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi |
İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi |
mütəmadi |
5.3.5. |
Gənclər arasında biznes fəaliyyətinə dair intellektual yarış və müsabiqələrin keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2017-2021 |
5.3.6. |
Gənclərin müəssisə və təşkilatlarda onlar üçün müəyyən edilmiş kvota əsasında işə düzəlmələrinə dövlət nəzarətinin gücləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
mütəmadi |
5.3.7. |
Gənclərin məşğulluğunun dəstəklənməsi məqsədi ilə aidiyyəti dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatların iştirakı ilə birgə layihələrin həyata keçirilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi |
mütəmadi |
5.3.8. |
İnsanların həyat tərzinin yaxşılaşdırılmasına yönəlmiş yeni texnologiyaların, mobil aplikasiyaların və digər proqramların Azərbaycanda tətbiqi ilə bağlı gənclər arasında startap layihələri üzrə qrant müsabiqəsinin keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2017-2021 |
5.3.9. |
Gənclərin dövlət qulluğuna cəlb edilməsinin təşviq edilməsi |
Dövlət İmtahan Mərkəzi |
mütəmadi |
5.3.10. |
Gənclərin peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması işinin genişləndirilməsi |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi |
2017-2021 |
5.4. Gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının təşkili |
|||
5.4.1. |
İstedadlı və Yaradıcı Gənclərin III Respublika Toplantısının keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu |
2018 |
5.4.2. |
Gənc istedadların beynəlxalq səviyyəli festival, müsabiqə, yarış və yay məktəblərində iştirakının dəstəklənməsi |
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu |
mütəmadi |
5.4.3. |
Mədəniyyət və incəsənət (rəssamlıq, musiqi, rəqs, kino, ədəbiyyat, foto, memarlıq, teatr və s.) sahəsində gənc istedadlar üçün festival, müsabiqə, yay məktəbi, ustad dərsləri, yaradıcılıq axşamları, konsert proqramları və digər tədbirlərin təşkili |
Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
hər il |
5.4.4. |
Teatr tamaşası, bədii, sənədli və animasiya filmlərinin hazırlanması üçün yaradıcı və istedadlı gənclərə dövlət sifarişlərinin verilməsi |
Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi |
mütəmadi |
5.4.5. |
Gənc rejissor, rəssam, heykəltəraş və fotoqrafların əsərlərindən ibarət yerli və beynəlxalq sərgi və kino nümayişlərinin təşkili |
Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.4.6. |
Beynəlxalq və respublika səviyyəli olimpiada, festival, müsabiqə və yarışlarda xüsusi nailiyyətlər əldə etmiş gənclərin 2 fevral Gənclər Günü münasibəti ilə mükafatlandırılması |
Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
hər il |
5.4.7. |
Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi |
2017-2021 |
5.4.8. |
“Şən və Hazırcavablar Klubu”nun Azərbaycan Liqası çərçivəsində oyunların keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi |
hər il |
5.4.9. |
Yeniyetmə və gənclərin iştirakı ilə istirahət düşərgələrinin təşkili |
Gənclər və İdman Nazirliyi |
mütəmadi |
5.4.10. |
İstedadlı və yaradıcı gənclərin nailiyyətlərinin ölkədə və onun hüdudlarından kənarda təbliğ edilməsi |
Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
2017-2021 |
5.5. Tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin dəstəklənməsi |
|||
5.5.1. |
Ali və orta ixtisas təhsili müəssisələrində tələbə-gənclər təşkilatlarının layihə və proqramlarının dəstəklənməsi |
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası |
2017-2021 |
5.5.2. |
Tələbələrin elmi-tədqiqat işlərinə həvəsləndirilməsi və yaxından cəlb edilməsi |
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Gənclər və İdman Nazirliyi |
2017-2021 |
5.5.3. |
Azərbaycan Tələbələrinin II Qurultayının keçirilməsi |
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi |
2018 |
5.5.4. |
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında festivalların və müsabiqələrin keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi |
2017-2021 |
5.5.5. |
Gənclərin təhsil müəssisələrinin idarəçiliyində yaxından iştirakına şərait yaradılması, özünüidarəetmə orqanlarının inkişafına dəstəyin artırılması |
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi |
mütəmadi |
5.5.6. |
Yay tətili müddətində ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə arxeoloji və digər ixtisas qrupları üzrə təcrübə düşərgələrinin təşkil edilməsi |
Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
2017-2021 |
5.6. Gənclərin insan hüquqları, gender bərabərliyi, ekologiya və s. məsələlər üzrə maarifləndirilməsi |
|||
5.6.1. |
Gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması |
Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) |
mütəmadi |
5.6.2. |
Gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işinin gücləndirilməsi |
Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
mütəmadi |
5.6.3. |
Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi |
2017-2021 |
5.6.4. |
Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması |
Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi |
mütəmadi |
5.6.5. |
Gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.6.6. |
Gənclər və yeniyetmələr arasında yol-nəqliyyat təhlükəsizliyi mövzuları üzrə maarifləndirmə tədbirləri və kampaniyaların həyata keçirilməsi |
Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi |
mütəmadi |
5.6.7. |
Gənc ailələrə psixoloji dəstəyin verilməsi və ailə dəyərləri haqqında maarifləndirmə işinin gücləndirilməsi |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi |
2017-2021 |
5.6.8. |
Gənclər arasında anti-sosial davranışın qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi |
Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) |
2017-2021 |
5.7. Gənclər təşkilatlarının fəaliyyətinin və gənclərin ictimai həyatda iştirakının dəstəklənməsi |
|||
5.7.1. |
Azərbaycan Gənclərinin VIII və IX Forumlarının keçirilməsi |
Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2017 və 2020 |
5.7.2. |
Müsabiqə yolu ilə ölkənin “Gənclər Paytaxtı”nın müəyyən edilməsi |
Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
hər il |
5.7.3. |
Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili |
Gənclər və İdman Nazirliyi, Mərkəzi Seçki Komissiyası, yerli icra hakimiyyəti orqanları |
2018-2020 |
5.7.4. |
Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi |
Gənclər və İdman Nazirliyi |
2017-2021 |
5.7.5. |
Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi |
Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
mütəmadi |
5.7.6. |
Gənclər siyasətinin əsas istiqamətləri üzrə gənclər təşkilatları layihələrinin maliyyələşdirilməsi |
Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası |
2017-2021 |
5.7.7. |
Gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsilə gənclərin qərarvermə proseslərində, ictimai əhəmiyyət kəsb edən məsələlərdə və dövlət gənclər siyasətinin həyata keçirilməsində daha geniş iştiraklarının təmin edilməsi |
Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.7.8. |
Kəndlərdə yaşayan gənclərin ictimai həyatda daha fəal iştirakının təşviq edilməsi |
Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.8. Gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi |
|||
5.8.1. |
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi |
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.8.2. |
Beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi |
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.8.3. |
İdarəetmə orqanlarında çalışan, seçkili orqanlarda təmsil olunan, eyni zamanda, müxtəlif sahələrdə ictimai fəallıqla seçilən gənclərin mübadilə proqramlarının həyata keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.8.4. |
Xarici ölkələrin gəncləri arasında Azərbaycanla bağlı biliklərin artırılması və tədqiqatların aparılması üçün layihələrin həyata keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.8.5. |
41-ci Dünya Skaut Konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti |
2017 |
5.8.6. |
Xarici ölkələrdə “Azərbaycan Gəncləri Günləri” və Azərbaycanda “Xarici Ölkələrin Gənclər Günləri”nin keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi |
mütəmadi |
5.8.7. |
Beynəlxalq təşkilatlarda gənclərin təcrübə keçmələrinin dəstəklənməsi |
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.8.8. |
Azərbaycanda beynəlxalq gənclər forumlarının, konfranslarının, təlim kurslarının, seminarlarının keçirilməsi, düşərgə və yay məktəblərinin təşkili |
Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.8.9. |
“BMT Modeli” klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi |
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.9. Gənclər və informasiya texnologiyaları |
|||
5.9.1. |
İnformasiya-kommunikasiya texnologiyaları vasitəsilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə gənclərin bilik və bacarıqlarının artırılması |
Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
2017-2021 |
5.9.2. |
Azərbaycan tarix və mədəniyyətini əks etdirən gənclərin inkişafına təsir göstərən kompüter oyunları və mobil tətbiqi proqramların hazırlanması |
Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
2017-2021 |
5.9.3. |
İnternet jurnalistikası, bloqçuluq sahələrində və sosial şəbəkələrdən gənclərin səmərəli istifadəsi üçün bacarıqlarının inkişaf etdirilməsi |
Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
mütəmadi |
5.9.4. |
Gənclərin bilik və bacarıqlarını inkişaf etdirən rəqəmsal məhsulların yaradılması |
Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
2017-2021 |
5.9.5. |
Gənclər evlərinin informasiya texnologiyaları infrastrukturunun və texniki bazasının gücləndirilməsi |
Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
2017-2021 |
5.9.6. |
İnternet televiziyası məkanında gənclər kanalının yaradılması |
Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
2017-2021 |
5.9.7. |
Gənclik auditoriyası üçün maraq kəsb edən və müasir dövrün tələblərinə cavab verən yeni televiziya və radio layihələrinin hazırlanması |
Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası |
2017-2021 |
5.9.8. |
Region gənclərinin informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlərin görülməsi |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
2017-2021 |
5.10. Gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və elmə həvəsləndirilməsi |
|||
5.10.1. |
Gənclərin intellektual inkişafa və elmi fəaliyyətə həvəsləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi |
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu |
mütəmadi |
5.10.2. |
Gənc alim və mütəxəssislərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili |
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu |
2017-2021 |
5.10.3. |
Gənc alimlərin təcrübə mübadiləsi üçün şəraitin yaradılması, yerli və beynəlxalq elmi-praktiki konfrans, forum, festival, seminar və digər tədbirlərin keçirilməsi |
Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu |
2017-2021 |
5.10.4. |
Gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədi ilə layihələrin həyata keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu |
hər il |
5.10.5. |
İstedadlı şagird və tələbələrin, gənc alimlərin ölkə üçün prioritet olan beynəlxalq olimpiada, konfrans, forum, simpozium, seminar və məşğələlərdə iştirakının dəstəklənməsi |
Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu |
mütəmadi |
5.10.6. |
Gənclərin elmi-texniki yaradıcılıq fəaliyyətinə həvəsləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsi |
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
mütəmadi |
5.10.7. |
Gənclərin sosial təşəbbüskarlığını artırmaq və innovativ təfəkkürünü inkişaf etdirmək məqsədi ilə layihələrin dəstəklənməsi |
Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
mütəmadi |
5.10.8. |
Gənclərin elm, texnika və innovasiyalar sahəsinə marağını artırmaq məqsədi ilə televiziya proqramlarının hazırlanması |
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu |
2017-2021 |
5.10.9. |
Ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçiddə gənclərin rolunu artırmaq məqsədi ilə müvafiq tədbirlərin keçirilməsi |
Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
2017-2021 |
5.11. Gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması |
|||
5.11.1. |
Normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması |
Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, aidiyyəti qurumlar |
2017-2021 |
5.11.2. |
“Gənclər siyasəti sahəsinin Fəxri İşçisi” adının təsis edilməsi |
Gənclər və İdman Nazirliyi |
2018 |
5.11.3. |
Dövlət orqanlarında işləyən gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi |
Dövlət İmtahan Mərkəzi, Gənclər və İdman Nazirliyi, aidiyyəti dövlət orqanları |
2017-2021 |
5.11.4. |
Gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilmə mexanizminin təkmilləşdirilməsi |
Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu |
2017-2018 |
5.11.5. |
Gənclərlə iş sahəsində təlimçilərin hazırlanması mexanizminin təkmilləşdirilməsi və bu istiqamətdə mövcud olan beynəlxalq təcrübənin tətbiq edilməsi |
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi |
mütəmadi |
5.11.6. |
Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına yeni ixtisaslaşma kimi “Gənclərlə iş” ixtisasının əlavə edilməsinə dair təkliflərin hazırlanması |
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi |
2017-2018 |
5.11.7. |
Gənclərlə iş sahəsində çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması |
Gənclər və İdman Nazirliyi |
mütəmadi |
5.11.8. |
Gənclərə xidmət göstərən dövlət müəssisələrinin (Gənclər evləri və mərkəzləri) fəaliyyətinin inkişaf etdirilməsi |
Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.11.9. |
Gənclər siyasətinin həyata keçirilməsinə dair illik hesabatların hazırlanması |
Gənclər və İdman Nazirliyi |
hər il |
5.11.10. |
Gənclərin vəziyyətinin və onların inkişaf dinamikasının öyrənilməsi üçün elmi araşdırmaların və tədqiqatların aparılması |
Gənclər və İdman Nazirliyi |
2017-2021 |
5.11.11. |
Gənclərin inkişafına yönəlmiş proqram və imkanlar haqqında ictimaiyyətin məlumatlandırılması |
Gənclər və İdman Nazirliyi |
mütəmadi |