1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ilk universitetin açılması haqqında qanun qəbul etmişdir. "Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi haqqında" adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirmişdir: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri. Qanunun onuncu maddəsində deyilirdi ki, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunur.

1919-1930-cu illərdə Bakı Dövlət Universitetində Tibb fakültəsinin yaranması ilə əlaqədar xüsusi biologiya kursları təşkil edilmiş, 1930-cu il 19 iyunda Bakı Dövlət Universitetinin tibb fakültəsi müstəqil, 2 fakültədən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) Azərbaycan Tibb İnstitutuna çevrildikdən sonra 1930-1964-cü illərdə biologiya kafedrası (sonradan ümumi biologiya adlandırılmış) fəaliyyət göstərmiş, daha sonra isə həmin kafedranın adı dəyişdirilərək “Tibbi biologiya və genetika” kafedrası adlandırılmışdır. Kafedra hazırda fəaliyyətini yeni tədris metodlarından istifadə etməklə, eyni zamanda elmi-tədqiqat işlərinə üstünlük verməklə davam etdirir.

1930-cu ildən başlayaraq kafedraya rəhbərlik etmiş şəxslər:

  1. 1930-1933-cü illərdə və 1946–1964-cü illərdə professor Fətulla Əzizoğlu Rzabəyli (1885-1964).

Professor 1911-ci ildə Odessanın Novorosiya Universitetini bitirmiş və 1913-cü ilə qədər həmin Universitetdə işləmişdir. Professor F.Ə. Rzabəyli kollektivin köməyi nəticəsində elmi-tədqiqat laboratoriyası, tələbə elmi dərnəyi yaratmış, bioloji preparat və tablolar əldə edərək kafedranı tədris vəsaitləri ilə zənginləşdmişdir. F.Ə. Rzabəyli parazitologiyanın tibbi biologiyadakı böyük rolunu göstərərək tədris zamanı bu sahəyə üstünlük verməyi məsləhət görmüşdür. O, 1950-ci ildə professor, 1960-cı ildə isə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

  1. 1933-1944-cü illərdə professor Yelpatevskiy Vladimir Sergeyeviç (1877-1948).
  2. 1944-1946-cı illərdə professor Zəhra Mustafa qızı Şahtaxtinskaya (1895-1978).

Professor Z.M. Şahtaxtinskaya bu qısa dövr ərzində kafedranın elmi və pedaqoji potensialının genişləndirilməsi istiqamətində yorulmadan çalışmışdır.

  1. 1964-1999-cu illərdə Azərbaycan SSR EA-nın müxbir üzvü (AMEA), əməkdar elm xadimi, professor Dəmir Vahid oğlu Hacıyev (1929-1999).

Professor D.V. Hacıyev kafedraya rəhbərlik etdiyi dövrdə fəaliyyətini kafedranın elmi pedoqoji istiqamətdə inkişafına, nüfuzunun yüksəkdirilməsinə, elmi-tədqiqat və tədris sahəsində işlərin təkmilləşdirilməsinə sərf etmişdir. Onun rəhbərliyi ilə kafedranın əməkdaşları tərəfindən çoxlu dərslik və dərs vəsaitləri yazılaraq tələbələrin istifadəsinə verilmişdir. O, 1964-cü ildə professor elmi adını almış, 1972-ci ildə əməktar elm xadimi fəxri adına layiq görülmüş və Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir.

  1. 1999-2002-ci illərdə akademik Məmməd Əhəd oğlu Salmanov (1932-il təv.).

O, 1996-cı ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

  1. 2003-2006-cı illərdə professor Əkbər Əskər oğlu Mehrəliyev (1940-2006).

Professor Ə.Ə.Mehrəliyevin kafedraya rəhbərlik etdiyi dövrdə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə proqramda dəyişikliklər edilmiş, yeni dərslik və dərs vəsaitlərinin nəşrinə nail olunmuşdur. O, 1997-ci ildə professor elmi adını alıb.

  1. 2007-2017-ci illərdə professor Canbaxış Əli oğlu Nəcəfov (1949-cu il təv.).

Professor C.Ə.Nəcəfov kafedraya rəhbərlik etdiyi dövrdə kafedranın bir neçə əməkdaşının fəlsəfə doktorluğu üzrə dissertasiya işinə rəhbərlik etmiş, tədris proqramında dəyişikliklər edilərək, yeni dərslik və dərs vəsaitləri nəşr olunmuşdur. O 1997-ci ildə professor elmi adını alıb.

8. 2018-2023-cü illərdə dosent Vaqif Məhəmməd oğlu Kərimov (1951-ci il təv.).

Onun kafedraya rəhbərlik etdiyi dövrdə “Tibbi biologiya və genetika” adlı dərs vəsaiti nəşr olunub.

  1. Hazırda 2023-cü ilin payız smestrindən professor Yeganə Vaqif qızı Şəkərəliyeva (1976-cı il təv.).

Professor Y.V.Şəkərəliyeva 2022-ci ildən kafedranın professorudur. Kafedrada 23 nəfər müəllim-laborant heyəti çalışır.

Professor Y.V.Şəkərəliyevanın rəhbərliyi ilə qısa dövr ərzində kafedranın elmi və pedaqoji potensialının genişləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün mühazirə zalı yaradılmışdır. Kafedrada tədris prosesi üç dildə - azərbaycan, rus və ingilis dillərində aparılır. Bunlar nəzərə alınaraq  hər 3 dildə dərslik və dərs vəsaitləri nəşr edilərək tələbələrin ixtiyarına verilmişdir

Kafedranın fəaliyyəti dövründə əməkdaşlar tərəfindən çoxsaylı dərslik və dərs vəsaitləri, metodik vəsaitlər və monoqrafiyalar nəşr olunmuş, elmi tədqiqat işlərindən alınmış nəticələr üzrə ölkəmizdə və xaricdə müxtəlif elmi jurnallarda mütəmadi olaraq məqalə və tezislər dərc edilmişdir.