I Mamalıq-Ginekologiya kafedrası 1920-ci ildə Respublikanın yeqanə ali təhsil ocağı olan Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin nəzdində təşkil edilmişdi. Kafedranın yaradıcısı və ilk rəhbəri t.e.d., professor F.N.İlyin olmuşdur. O, istedadlı alim, yaxşı pedaqoq və təşkilatçı idi. Bu kafedra 4 saylı şəhər klinik xəstəxanasının bazasında yerləşmiş, 25 çarpayılıq olmuş, qadın məsləhətxanası və fizioterapevtik kabinetdən ibarət idi. Kafedranın təşkilində prof. İlyin və prof. M.M. Hacı-Qasımov iştirak etmişdir. Kafedrada işləmək üçün Leybzon, Rodionov, Atlas və başqaları dəvət olmuşdur. Kafedrada tədris işi ilə bərabər elmi, müalicə işi də aparılırdı. Amma, zamanın ən vacib məsələsi mama-ginekoloqların Milli kadrlarının hazırlanması idi.
1932-ci ildə tələbələrin sayının artması, həmçinin, ixtisaslaşmış elmi və praktik kadrların hazırlanması məqsədilə, prof. İlyin vəsadəti və Azərbaycan SSR-nin Səhiyyə Xalq Komitəsinin xüsusi göstərişilə Əzizbəyov adına doğum evinin bazası nəzdində 350 çarpayılıq I Mamalıq-Ginekologiya kafedrasının filialı təşkil olunmuş, rəhbəri M.M.Hacı-Qasımov olmuşdu. O zaman kafedranın ştatı yeni Milli kadrlar: A.K.Şahtahtinskaya, T.F.Ağabəyov, A.P.Atayev, K.X.Bağırbəyov, S.H.Nəzərli, M.Z.Mahmudbəyova, R.H.Hüseynov kimi əməkdaşlarla yeniləndi.
Kafedranın nəzdində tələbə elmi cəmiyyəti təşkil olunmuşdu. Cəmiyyətin üzvləri kafedranın əməkdaşlarının rəhbərliyi altında ayrı-ayrı mövzularla məşqul olur və mamalıq-ginekologiyaya aid aktual mövzularla çıxışlar edərək, diskussiyalarda fəal iştirak edirdilər.
1976-ci ildə kafedranın müdiri prof. F.N.İlyinin tələbəsi olan t.e.d., prof. T.D.Mehdiyeva seçilmişdir. Onun tərəfindən qadın və kişi sonsuzluğunun diaqnostika və müalicəsinə dair bir sıra elmi tədqiqatlar aparılmışdı. Onun rəhbərliyi altında tibb elmləri namizədliyi dərəcəsinə təqdim olunmaq üçün 6 dissertasiya işi yerinə yetirilmişdir.
1991-ci ildən 1 saylı klinik-doğum evinin təmiri ilə əlaqədaq olaraq I Mamalıq-Ginekologiya kafedrası Səhiyyə Nazirliyi nəzdində olan Respublika Doğum evinə köçürülmüşdür.
1991-1993 illər ərzində kafedraya dosent Z.M.Topçubaşova rəhbərlik etmişdir.
1993-2008-ci illər ərzində I Mamalıq-Ginekologiya kafedrasına dosent L.R. Kərimova başçılıq etmişdir. Eyni zamanda dosent L.R. Kərimova Respublikanın baş mama-ginekoloqu olmuş, doğumayardım komissiyasının rəhbəri kimi çalışmışdır.
Kafedra bu müddət ərzində 8 dissertasiya işi tamamlanmış, onların 2-i doktorluq dissertasiyasıdır.
2008-ci ildən 2011-ci illər ərzində kafedraya Respublikasının əməkdar pedaqoqu, Bakı şəhəri üzrə baş mütəxəssis, Prezident təqaüdçüsü, dosent Z.M.Topçubaşova rəhbərlik etmişdir.
2011-ci ildə ATU-nun rektoru Ə.T.Əmiraslanovun əmri ilə I və III Mamalıq-Ginekologiya kafedraları vahid I Mamalıq-Ginekologiya kafedrası kimi fəaliyyətə başlamişdır. 2011-ci ildən bu günə qədər kafedraya tibb elmləri doktoru, professor, əməkdar həkim E.M.Əliyeva rəhbərlik edir.
Bu müddət ərzində prof. E.M. Əliyevanın rəhbərliyi altında 40-dan yuxarı tibb üzrə fəlsəfə doktoru elmi adı almaq üçün dissertasiyalar işlənib və uğurla müdafiə olunub. Hal-hazırda kafedrada 18 iddiaçı namizədlik dissertasiyası üzərində və 13 iddiaçı doktorluq dissertasiyası üzərində çalışırlar. Bazaları ATU-nin Tədris Cərrahiyyə Klinikasında və 1 saylı Kliniki Tibbi Mərkəzdə yerləşən kafedra nəzdində I Mamalıq və Ginekologiya şöbəsi fəaliyyət göstərir.
I Mamalıq-Ginekologiya kafedrasında tibbin inkişafı istiqamətində bir sıra elmi-təcrübi araşdırılmalar aparılır. Əsasən reproduktiv sağlamlığa təsir edən mamalıq, ekstragenital və ginekoloji xəstəliklərin müasir diaqnostikası və korreksiya üsullarının tədbiqi kimi prioritet mövzu istiqamətində tədqiqat işləri görülür.
Hal-hazırda I Mamalıq-Ginekologiya kafedrasında 56 əməkdaş çalışır. Kafedrada 4 professor, 11 dosent, 23 assistent var, onların 5- tibb üzrə elmlər doktoru, 36-tibb üzrə fəlsəfə doktoru.
Kafedra əməkdaşları kafedranın və Tibb Universitetinin sosial-içtimai həyatında fəal iştirak edir. Respublikamızda və xarici ölkələrdə təşkil olunmuş Beynəlxalq Konfranslar və Simpoziumların daimi iştirakçılarıdılar. Əməkdaşlarımız Beynəlxalq əlaqələr çərçivəsində bir sıra tibbi cəmiyyətlərlə aktiv tərəfdaşlıq münasibətləri qururlar.