(+99412) 597-38-98

Azərbaycanda oftalmologiyanın ikişafı Azərbaycan Dövlət Universitetinin (1919) və onun nəzdində tibb fakültəsinin açılması ilə bağlıdır. 1922-ci ildə universitetdə göz xəstəlikləri kafedrası təşkil olundu. Həmin vaxt tədris işi müvəqqəti olaraq İ. K. Varşavskiyə tapşırıldı. Sonralar az müddət kafedranın rəhbəri K. X. Orlov oldu. 1923-cü ildən başlayaraq ömrünün sonunadək (1945) kafedranın rəhbəri professor A. Q. Trubin oldu.

1923-cü ildən Azərbaycan Dövlət Universitetinin tibbi fakültəsi tibb institutuna çevrildi. 1932-ci ilədək dərslər yalnız rus dilində aparılırdı, lakin dərslərin Azərbaycan dilində də aparılması vacib idi. 1932-ci ildə etibarən oftalmologiya üzrə mühazirələri U. Musabəyova oxumağa başladı. Professor Umnisə Musəbəyova 1945-ci ildən 1974-cü ilədək kafedraya rəhbərlik etdi.

1975-ci ildən 1991-ci ilədək kafedraya əməkdar elm xadimi, professor Z. T. Quliyeva rəhbərlik etmişdir. Professor Z. T. Quliyeva 1958-ci ildə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

1991-ci ildən kafedraya professor P. İ. Musayev rəhbərlik edir. onun namizədlik dissertasiyası "Buynuz qişanın bullyoz distrofiyası olan xəstələrdə interlamelyar kapsulokeratoplastika" mövzusunda olmuşdur. 1987-ci ildə professor Musayev "Gözün yarımkeçirici baryerləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Professor P. Musayev Azərbaycandan ilk dəfə Amerika oftalmologiya Akademiyasına həqiqi üzv seçilmişdir.

Professor P. İ. Musayev Qəlbinur və tibb elmləri doktoru S. İ. Əkbərova yeni çoxsahəli təsir mexanizminə malik virusəleyhinə "Aktipol" adlı preparat kəşf etmişlər. Həmin preparat 2002-ci ildə Brüsseldə Böyük Qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi mükafatına layiq görülmüşdür.