Anesteziologiya və reanimatologiya kafedrası N.Nərimanov ad. Azərbaycan Dövlət Tibb İnistitutunun (hazırda Azərbaycan Tibb Universiteti) nəzdində 1974-cü ildə yaradılmışdır. Gənc elmlər doktoru Abbas Əhməd oğlu Axunbəyli həmin kafedraya müdir təyin edilmişdir. Bu dövrdən anesteziologiya və reanimatologiyanın tədrisi yüksək səviyyədə təşkil edilmiş, geniş miqyaslı elmi-tədqiqat işləri planlaşdırılaraq həyata keçirilmişdir. O, cümlədən ilk 10 il ərzində ildə bir dəfə elmi konfrans keçirilmiş, orada anesteziologiya-reanimatologiyanın vacib və aktual problemləri müzakirə edilmişdir.
Anesteziologiya və reanimatologiya kafedrası 1991-ci ildə ATU-nun I daxili xəstəliklər kafedrası ilə birləşmiş (I Daxili xəstəliklər kafedrası 1969-cu ildə yaradılmış, 1969-1990-cı illər ərzində kafedraya professor Həsən Musa oğlu İsazadə, 1990-1991-ci tədris ilində professor Adil Baxşəli oğlu Baxşəliyev rəhbərlik etmişlər) və 2010-cu ilə qədər prof. A.Ə. Axunbəylinin rəhbərliyi altında fəaliyyət göstərmişdir. 2010-2018-ci illər ərzində kafedraya prof. A.Ə. Axunbəylinin tələbəsi, əməkdar həkim, t.ü.e.d., professor İsbəndiyar Səlimxan oğlu İsmayılov rəhbərlik etmiş, 2018-ci ilin sentyabr ayında anesteziologiya və reanimatologiya kafedrası (kafedra müdiri prof. İ.S. İsmayılov) yenidən təşkil olunmuşdur. I Daxili xəstəliklər və reanimatologiya kafedrasının terapiya üzrə əməkdaşları hazırda fəaliyyət göstərən I daxili xəstəliklər və III daxili xəstəliklər kafedralarına köçürülmüşlər.
Prof. A.Ə. Axunbəyli (1938-2014) Azərbaycanda Anesteziologiya və reanimatologiya elmi məktəbinin yaradıcısıdır. O, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə edərək respublikamızda bu ixtisas üzrə ilk elmlər doktoru elmi dərəcəsi almış, onun rəhbərliyi altında 30-dan çox namizədlik və doktorluq dissertasiyaları yerinə yetirilmişdir. Bu alimlərin böyük əksəriyyəti hazırda ölkəmizin tanınmış aparıcı mütəxəssisləridir və anesteziologiya-reanimatologiya bölmələrinə rəhbərlik edirlər. Onlardan ə.e.x., prof. N.C. Quliyevi, prof. N.Ə. Abbasovu, prof. E.Ə. Quliyevi, prof. E.E. Qorini, prof. S.N. Alimetovu, prof. İ.S. İsmayılovu, t.e.d. V.S. Rəhimovu göstərmək olar.
Prof. A.Ə. Axunbəyli AR SN anesteziologiya və reanimatologiya üzrə baş mütəxəssisi (1966-2010), ATU-nun Elmi Şurasının üzvü (1974-2011), Respublika Anestezioloqlar-reanimatoloqlar Elmi-tibbi cəmiyyətinin sədri (1976-2014), AR Prezidenti yanında AAK-in Tibbi ixtisaslar üzrə Ekspert Şurasının sədr müavini (1996-1998), “Anesteziologiya və reanimatologiya”, “Reanimatologiya”, “Azərbaycan tibb jurnalı”, “Sağlamlıq” jurnallarının redaksiya şurasının üzvü olmuşdur. Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür (2000).
Prof. A.Ə. Axunbəyli 350-dən çox elmi əsərin, o cümlədən çoxsaylı monoqrafiya, dərsliklər və metodik işləmələrin, səmərələşdirici təkliflərin müəllifidir. Onun rəhbərliyi altında tərtib edilmiş (1992) və yenidən nəşr (1998) olunmuş “Daxili xəstəliklər” kitabı tələbələr və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Hazırda kafedraya rəhbərlik edən professor İsbəndiyar Səlimxan oğlu İsmayılov 1952-ci ildə anadan olmuş, 1986-ci ildə namizədlik, 1999-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2010-2018-ci illər ərzində I Daxili xəstəliklər və reanimatologiya kafedrasına rəhbərlik edib, 2018-ci ildən etibarən yenidən yaradılmış anesteziologiya və reanimatologiya kafedrasının müdiri vəzifəsində çalışır. O, 204 elmi işin müəllifidir. Onun redaktəsi ilə ana dilində ilk “Reanimatologiya” dəsrliyi (müəlliflər: prof. A.Ə. Axunbəyli, prof. İ.S. İsmayılov, doc. İ.Ş. Məhərrəmbəyli, dos. T.B. Kərimova ) işıq üzü görüb (2014).
Elmi işlərin ümumi sayı 189, o cümlədən, 74 məqalə (15-i xaricdə) və 107-si tezis (12 xaricdə), 1 dərslik , 3 dərs vəsaiti, 2 tədris-metodik vəsait, 2 fənn proqramı dərc olunmuşdur. Son 1 il ərzində Anesteziologiya və reanimatologiya kafedrasında 26 elmi iş nəşr olnumuşdur ki, onlardan 12-ci məqalə (onlardan 2-si xaricdə) və 1-i “Uşaq anesteziologiyası” adlı dərs vəsaitidir (müəlliflər prof. İ.S. İsmayılov, dos. E.M. Nəsibova, prof. Ç.B. Quliyev, dos. R. Ş.Poluxov)
Kafedranın təşkilatçılığı ilə 30 noyabr 2018-ci ildə prof. A.Ə. Axunbəylinin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.