I daxili xəstəliklər kafedrası tarixi baxımdan 1920-ci ildə Bakı Universitetində təşkil edilən hospital terapiyası kafedrasının varisidir. Bu kafedraya 1920-21-ci tədris ilində əvəzçilik üzrə prof. A.M.Levin, 1922-1926-cı illərdə prof. P.Q.Mezernitski, 1926-1951-ci illərdə prof. N.P.Afonski, 1951-1973-cü illərdə prof. C.M.Abdullayev rəhbərlik etmişdir.
Cahangir Məmməd oğlu Abdullayev (1901-1973) - əməkdar elm xadimi, Azərbaycan EA-nın həqiqi üzvü. Onun rəhbərliyi altında 13 elmlər doktoru, 47 elmlər namizədi hazırlanmışdır. C.M.Abdullayev 10 monoqrafiya və dərsliyin, 150-dən artıq elmi məqalənin müəllifidir.
1974-cü ildən 1989-cu ilə qədər II daxili xəstəliklər kafedrasına prof. S. M. Kərimov rəhbərlik etmişdir.
Sədrəddin Məmməd oğlu Kərimov (1924-2000) - 140-a qədər çap edilmiş elmi işin, o cümlədən 7 monoqrafiyanın və 1 ixtiranın müəllifidir. Onun rəhbərliyi ilə 3 doktorluq və 6 namizədlik dissertasiyası müdafiə edilmişdir.
1989-1999-cu illərdə kafedraya prof. E.E.Qorin rəhbərlik etmişdir.
Qorin Eldar Emiloviç (1947). Onun rəhbərliyi altında 2 doktorluq, 18 namizədlik dissertasiyası müdafiə edilmişdir.
1999-cu ilin dekabr ayından isə kafedraya prof. V. Ə. Əzizov rəhbərlik edir.
Vəsadət Əli oğlu Əzizov (22.12.1955) –1994-1998-ci illərdə akademik C.Abdullayev adına Azərbaycan Elmi-tədqiqat kardiologiya institutunun direktoru vəzifəsində çalışmışdır. V.Əzizov 650-dən çox çap olunmuş elmi işlərin, o cümlədən 36 dərslik, dərs vəsaiti, monoqrafiya, 6 metodik tövsiyə, 38 metodik işləmələrin, 3 müəlliflik şəhadətnaməsinin, 1 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 6 doktorluq və 28 namizədlik dissertasiyası müdafiə edilmişdir. Hazırda prof.V.Ə.Əzizovun rəhbərliyi altında 5 doktorluq və 2 namizədlik işi davam etdirilir.
V.Əzizov bir neçə beynəlxalq elmi cəmiyyətlərin, o çümlədən «Avropa Kardioloqlar cəmiyyətinin», «Dünyanın Ürək Dostları» cəmiyyətinin, «İmmunoreabilitasiya və Tibbdə Reabilitasiya» üzrə Beynəlxalq cəmiyyətin, «Türkdilli Xalqların Kardioloqlar Cəmiyyəti»nin təşkilat komitəsinin, «Avrasiya Ölkələri Kardioloqlar Assosiasiyası»nın və «Azərbaycan Kardioloqlar Cəmiyyətininı»nın rəyasət heyətinin, «Rusiya ultrasəs diaqnostikası mütəxəssisləri cəmiyyəti»nin üzvüdür.
O, «Kardioloqiçeskiy vestnik (Moskva), «Kardiologiya» (Moskva), «Vizualizasiya v klinike» (Moskva) jurnallarının redaksiya şurasının, «Evrasiyskiy kardioloqiçeskiy jurnal» (Moskva), «Sağlıq olsun», «Sağlamlıq» (Bakı) jurnalının redaksiya heyətinin üzvü, «Konsilium» jurnalının baş redaktor müavinidir.
Hazırda kafedranın professor-müəllim heyəti 32 nəfərdən (3 professor, 16 dosent, 13 assistent) ibarətdir. Onlar bundan sonra da tibb elmini inkişaf etdirmək və tibb kadrları yetişdirmək uğrunda fədakarlıq göstərmək əzmindədirlər.