İnsan anatomiyası və tibbi terminologiya kafedrası 1919-cu ildə indiki Bakı Dövlət Universitetinin tibb fakültəsi nəzdində “İnsan anatomiyası” kafedrası adı altında fəaliyyətə başlayıb. Təşkil olunduğu gündən 1920-ci ilə qədər kafedraya universitetin ilk rektoru və tibb fakültəsinin “Anatomiya” kafedrasının ilk kafedra müdiri professor V.İ.Razumovski rəhbərlik etmişdir.
1920-1922-ci illərdə kafedra müdiri vəzifəsi müvəqqəti olaraq kafedranın prozektoru Corbəy Urusova həvalə edilmişdir. 1922-ci ildən 1926-cı ilə qədər kafedraya professor K.N.Malinovski, 1926-cı ildən 1937-ci ilə qədər isə professor N.İ.Anserov rəhbərlik etmişdir. 1937-ci ildən 1973-cü ilə qədər Azərbaycan Dövlət Tibb İnstitutunun İnsan anatomiyası kafedrasına ilk dəfə olaraq milli kadr - Azərbaycanda elmi anatomiyanın banisi, görkəmli alim və pedaqoq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Kamil Əbdül Salam oğlu Balakişiyev, 1973-1990-cı illərdə Əməkdar ali məktəb işçisi, tibb elmləri doktoru, professor Gülağa Şıxbala oğlu Hacıyev, 1990-1995-ci illərdə Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Rafiq Əşrəf oğlu Əsgərov rəhbərlik etmişdir. 1995-ci ildən 2020-ci ilə qədər ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasına Şöhrət ordenli, əməkdar elm xadimi, Rusiya Tibb elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, , tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinski rəhbərlik etmişdir. Hal-hazırda öz şərəfli elmi-pedaqoji fəaliyyətini məsləhətçi-professor olaraq kafedrada davam etdirən ə.e.x.,REA-nın akademiki V.B.Şadlinski həmçinin Nəsimi rayonu Ağsaqqallar Şurasının sədridir.
2020-ci ildən tibb üzrə fəlsəfə doktoru, dosent Anar Sərdar oğlu Abdullayev kafedra müdiri vəzifəsini icra etmiş, 2022 ci ildən isə kafedraya rəhbərlik edir.
Anar Sərdar oğlu Abdullayev “Azərbaycan Anatomiya, Embriologiya və Histologiya Cəmiyyəti”- İctimai Birliyinin, “Sabah qrupları” lahiyəsində tədris prosesinə cəlb olunmaq üçün müsabiqə komissiyasının, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramında doktoranturaya qəbul ekspert komissiyasının, Azərbaycan Tibb Universitetinin nəzdində Dissertasiya işlərinin ilkin sənədlərinin yoxlanılması komissiyasının üzvü və Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən FD2.08 qeydiyyat nömrəli Dissertasiya Şurasının 3241.01 – “İnsan anatomiyası” elmi seminarının katibidir.
Bundan əlavə kafedrada baş laborantlar, laborantlar, muzey müdiri, preparatorlar, kremator, texniki işçilər, xadimələr çalışır. Qeyd edilmiş hər bir əməkdaş üzərinə düşən işin öhdəsindən layiqincə gəlir və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirirlər.
Hal-hazırda İnsan anatomiyası və tibbi terminologiya kafedrasında mövzular üzrə mühazirələrin müxtəlif mühazirəçilər tərəfindən oxunması praktikası tətbiq edilmişdir ki, bu da oxunan mühazirələrin keyfiyyətini yüksəltmişdir.
İnsan anatomiyasının tədrisi əyani vəsaitlər, xüsusən də meyit və meyit preparatları olmadan mümkün deyildir. Bir sıra süni sümük preparatlarının və mulyajların alınmasına baxmayaraq meyit və meyit preparatlarının əldə olunmasında bir sıra çətinliklərlə qarşılaşırıq. Məhz, bizim səyimiz nəticəsində hal-hazırda tibbi məhkəmə və patoloji anatomik meyitxanalarla sıx əlaqə yarada bilmişik və son illər kafedranın meyit və meyit preparatları ilə təchizatı bir qədər yaxşılaşmışdır. Təcrübə dərslərində istifadə olunan meyit və meyit preparatlarının ötən illərə nisbətən çoxaldılması mənimsənilmənin yüksəlməsinə səbəb olmuşdur.
İldən ilə kafedrada nizam-intizam yüksəlmiş, mühazirə və təcrübə dərslərinin keyfiyyəti yaxşılaşmış, dərslərin meyit və meyit preparatı ilə təmini günün tələbinə uyğun olmuşdur. Dərslərə gecikmə, üzürsüz dərs buraxma halları xeyli azalmışdır.
Kafedrada təşkil olunmuş növbətçilik, müəllimlər tərəfindən davamiyyətin yoxlanılması nizam-intizamı artırmış, dərs mənimsəməsinin və keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olmuşdur. Kafedrada "Dayaq-hərəkət aparatı", "Daxili orqanlar", "Sinir sistemi", "Qan-damar sistemi", "Anomaliya və eybəcərliklər" tədris muzeyləri səliqə ilə saxlanılır, preparatlar yenilənir, onlara qayğı ilə yanaşılır və tələbələrin istifadəsinə verilir.
Kafedrada təhsil alan xarici tələbələr də daim diqqət mərkəzindədir. Hər semestr xarici tələbələrlə kafedra müdiri, dosent A.S.Abdullayevin iştirakı ilə görüşlər keçirilir, onlara anatomiya fənnini, əyani vəsaitlərdən istifadə etmək qaydalarını öyrənmək üçün məsləhətlər verilir.
2004-2005-ci tədris ilindən başlayaraq insan anatomiyası fənni xarici tələbələr üçün ingilis dilində tədris olunmağa başlanmışdır. Kafedranın müdiri dosent, tibb üzrə fəlsəfə doktoru Abdulllayev A.S., eləcədə, dosentlər tibb elmləri doktoru Şadlinskaya S.V., tibb üzrə fəlsəfə doktoru dosent Rüstəmova S.M., baş müəllimlər, tibb üzrə fəlsəfə doktorları Bayramova İ.Q.,Qafarova R.A.,Mustafayeva N. assistent, tibb üzrə fəlsəfə doktoru Əliyeva S.A.,Babayeva R.E. əcnəbi tələbələrə ingilis dilində təcrübə məşğələləri aparmış, mühazirələr oxumuşlar. Semestr imtahanlarının nəticələri və tələbələrlə aparılan söhbətlər bu dərslərin keyfiyyətinin qənaətbəxş olduğunu göstərir.
Tədris ilində müəllimlərin də daim bilik və bacarığının təkmilləşdirilməsi diqqət mərkəzində olmuşdur. Belə ki, müəllimlər arasında dərslərdə qarşılıqlı iştirak etmə praktikasından və açıq dərslərin təşkilindən də geniş istifadə olunur. Son 5 ildə demək olar ki, kafedranın bütün professor və müəllim heyətinin açıq dərsləri olmuşdur. Kafedra iclaslarında mütəmadi olaraq aparılmış açıq dərslərin müzakirəsi aparılmışdır. Bəzi qənaətbəxş olmayan açıq dərslərin yenidən təyin olunması tövsiyyə olunmuşdur. Bütün bunlar kafedranın hər bir əməkdaşının öz işinə ciddi və məsuliyyətlə yanaşmasına xidmət etmişdir.
Hər semestrin sonunda tələbələr arasında yazılı anonim sorğu aparılır. Tələbələr kafedranın işinə qiymət verir, nöqsanlarımızın aşkarlanmasında bilavasitə iştirak edirlər. Belə interaktiv sorğu fəaliyyətimizdə olan nöqsanların vaxtında aradan qaldırılmasında, ümumiyyətlə tədrisin daha da yaxşılaşdırılmasında bizə çox yardım etmişdir.
Kafedramızın professorları Mövsümov N.T., Allahverdiyev M.Q., Xıdırov E.Ə., Hüseynov B., Hüseynova G. və dosent Şadlinskaya S.V. tərəfindən həkim-rezident pilləsində təhsil alan gələcəyin peşəkar mütəxəsislərinin ixtisaslarına uyuğun olaraq müxtəlif mövzularda yüksək elmi səviyyəli mühazirələr oxunur və rotasiya keçirilir.
Kafedranı və onun muzeylərini respublikamızın müxtəlif sahələrində çalışan insanlar, ictimai xadimlər, ziyalılar və xarici ölkələrin - Türkiyənin, Fransa səfirliyinin, Macarıstanın, İsveçrənin, Gürcüstanın və digər ölkələrin nümayəndələri qonaq qismində ziyarət etmişlər. Qonaqların hamısı kafedramızdan, onun muzeylərindən, burada təhsilin və təlimin təşkilindən razı qaldıqlarını bildirərək öz fikir və arzularını qonaq kitabının səhifələrində qeyd etmişlər.
Tələbələrin sərbəst işləməsi üçün 1919-cu ildə yaradılmış Bakı universitetinin tibb fakultəsi nəzdində fəaliyyətə başlayan normal anatomiya kafedrasında tədris muzeyinin təşkil edilməsi böyük əhəmiyyət kəsb etmişdir. İncəliklə hazırlanaraq yaxşı ekspozisiya və annotasiya ilə müşayiət olunan muzey preparatları tələbələrin tədris materiallarını mənimsəmələrini xeyli asanlaşdırmışdır.
Hazırki Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının anatomik tədris muzeyi 1919- cu ildə V.İ.Razumovski tərəfindən “Ümumi sümük muzeyi” adı altında təşkil edilmişdir. Bu muzeydə tədris əhəmiyyətinə malik olan sümük preparatları kolleksiyası, həmçinin kəllələr və müqayisəli anatomiyaya aid sümük preparatları toplanılmışdır. O dövrdə tədris muzeyində anatomiyanın digər bölmələri hələ öz əksini tapmamışdır.
1923-cü ildən 1926-cı ilə qədər ki, dövrdə muzeyin daxili orqanlar və embriologiya ilə birlikdə müqayisəli anatomiya şöbələri yaradılmışdır. Muzeyin bu şöbələrinin yaradılmasına 1922-1926-cı illərdə Bakı Universitetinin tibb fakultəsinin normal anatomiya kafedrasına rəhbərlik edən professor K.N.Malinovski böyük əmək sərf etmişdir.
1937-ci ildən başlayaraq professor K.Ə.Balakişiyevin rəhbərliyi ilə anatomiya muzeyi intensiv surətdə böyüməyə başladı və yeni preparatlarla zənginləşdirildi.
Həmin dövrdə osteologiya, artrologiya ilə yanaşı sindesmologiya, miologiya, angiologiya və duyğu orqanları ilə birlikdə sinir sistemi muzeyi yaradıldı. Muzeyin daxili orqanlar və embriologiya ilə birlikdə müqayisəli anatomiya şöbələri yeni preparatlarla tamamlandı və fundamental muzey təşkil edildi. Fundamental muzeydə elmi-tədqiqat işlərinin, o cümlədən dissertasiya işlərinin materialları saxlanılırdı.
1995-ci il həm Azərbaycan Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasının, həm də anatomiya muzeyinin fəaliyyətində dirçəlişə doğru dönüş mərhələsinin başlanğıcını təşkil etmiş, bu ildən etibarən kafedraya rəhbərlik etməyə başlayan professor V.B.Şadlinski kafedranın əməkdaşları ilə birlikdə muzeyin yenidən qurulmasında əhəmiyyətli rol oynamışdır.
Hal-hazırda muzeydə hər bir preparata uyğun konsentrasiyada hazırlanmış müxtəlif məhlullarda saxlanılan 6000 –dən yuxarı eksponat var.
Muzeyin daimi seyirciləri ATU-nun birinci və ikinci kurs tələbələridir. Burada bütün preparatlar tədrisə müvafiq ardıcıllıqla yerləşdirilmə qaydası tələbələrin böyük miqdarda faktik anatomik materialını asanlıqla və şüurlu surətdə yadda saxlamalarına zəmin yaradır. Hər bir preparatın yanında anatomik törəmənin və hissələrinin adları Latın, Azərbaycan və rus dillərində qeyd olunmuşdur.
Muzeyin xidmətindən təkcə yuxarı kurs tələbələri,doktorantlar deyil, həmçinin müxtəlif ixtisaslı həkimlər, eləcə də elmi-tədqiqat işləri aparan mütəxəsislər, dissertantlar da istifadə edirlər.
İnsan anatomiyası kafedrasında bu müddət ərzində 8 tibb elmləri doktoru, 22 tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyası işləri müvəffəqiyyətlə müdafiə olunmuşdur, 1 namizədlik dissertasiyası işi ilkin müzakirədən keçərək Elmi Şuraya təqdim edilmişdir.
ATU-nun insan anatomiyası və tibbi terminologiya kafedrasının dünyanın bir sıra qabaqcıl tibb müəssislərinin morfologiya mərkəzləri, o cümlədən ABŞ-ın Atlanta Universiteti, İ.M. Seçenov adına Moskva Dövlət Tibb Universiteti, Rusiya Federasiyası - Samara Tibb İnstitutu, Ufa, Dağıstan Dövlət Tibb Universitetinin insan anatomiyası kafedrası (Maxaçqala); Gürcüstan - Tbilisi Tibb Universiteti; Morfologiya İnstitutu; Dövlət Tibb Universitetinin anatomiya departamenti, Türkiyənin bir sıra universitetlərinin tibb fakültələrinin anatomiya kafedraları ilə sıx elmi əməkdaşlıq əlaqələri vardır və hal-hazırda bu əlaqələr davam etdirilir.
İnsan anatomiyası kafedrasının əməkdaşları hər zaman xarici ölkələrdə, respublikada və ATU-da keçirdirilən elmi-praktik konfranslarda elmi tezislər, məqalələr və çıxışlarla iştirak etmişlər : Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Конституциональная анатомия: теория и приложения” beynəlxalq elmi-praktik konfrans, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən doktorantların və gənc tədqiqatçıların XXII Respublika Elmi Konfransı, 11-12 may 2019-cu ildə ATU-nun neyrocərrahiyə kafedrasının yaranmasının 50 illiyinə həsr olunmuş “Neyrocərrahlığın müasir problemləri” mövzusunda Beynəlxalq Elmi-praktik konfrans, “Tibbin görən gözü” beynəlxalq elmi praktik konfrans, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş otolorinqologiya üzrə Beynəlxalq Elmi-Praktiki Konqres”, BDU-nun Tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr “Təbabətin Aktual Problemləri” Beynəlxalq elmi-praktik konfrans və s.
21 dekabr 2019-cu ildə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi. Konfransda Azərbaycan Respublikası Təhsil Naziri C.Ə.Bayramov, Səhiyyə Nazirinin müavini E.N.Ağayev, Azərbaycan Prezidenti yanında AAK sədri F.F.Mustafayev, ATU-nun rektoru professor G.Ç.Gəraybəyli, AMEA-nin vitse-prezidenti D.B.Tagıyev, Nəsimi YAP sədri M.İ.Həsənova, keçmiş təhsil naziri, professor M.C.Mərdanov, Ankara Universitetinin anatomiya kafedrasının professoru İbrahim Təkdəmir, Tbilisi Tibb Universitetinin insan anatomiyası kafedrasının professoru M.A.Dqebuadze, Başqortıstan Tibb Universitetinin professoru V.Ş.Vaqapova və başqa məsul şəxslər (idarə rəhbərləri, baş həkimlər, kafedra müdirləri, professor müəllim heyəti) iştirak etmişdilər. İclasda adı çəkilən qonaqlar təbriklərlə çıxışlar etdilər. Plenar iclasdan sonra 2 gün seminarlarda elmi çıxışlar dinlənildi.
REA-nın akademiki ə.e.x., professor V.B.Şadlinski 24.01.2020-ci il tarixdə “Azərbaycan Dünyası” cəmiyyəti tərəfindən “Dədə Qorqud” “Dünya sülh naminə” “Vətən övladı” Altun Ordini ilə təltif olunub. Həmçinin professor V.B.Şadlinski Azərbaycan Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin qərarı ilə (22.01.2020-ci il tarixli 8b.2ə saylı Qərarı) “Həmkarlar ittifaqında xidmətlərinə görə” (vəsiqə №349) medalı ilə təltif olunub. Dünya elminin inkişafı və təhsildə xidmətlərinə görə professor V.B.Şadlinski UNCOPA (un council for publik awards) tərəfindən xüsusi diploma layiq görülüb.
24 yanvar 2020-ci ildə ATU-nun insan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dünya morfoloqları arasında özünəməxsus yüksək elmi ad qazanmış, Rusiya Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi professor Vaqif Bilas oğlu Şadlinskinin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş toplantı keçirildi. Toplantıda Tibb aləminin görkəmli nümayəndələrilə yanaşı, yaxın dostları, ailə üzvləri də iştirak etdilər. Toplantıda iştirak edənlər Vaqif Bilas oğlu Şadlinskinin Azərbaycan Respublikası Prezidenti Cənab İLHAM ƏLİYEV tərəfindən 2020-ci il 23 yanvar tarixli 1772 nömrəli Sərəncamı ilə “ŞÖHRƏT” ordeni ilə təltif olunmasını ona verilən ən yüksək qiymət kimi qəbul etdilər. Toplantıda iştirak edən 300-ə qədər qonaqlar ayaq üstə alqışlayaraq Vaqif Bilas oğlu Şadlinskiyə öz dərin ehtiramlarını bildirdilər.
2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş “Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin (№1118-Q63-3582) təsis olunmuşdur. REA-nın akademiki, ə.e.x., t.e.d., professor V.B. Şadlinski adı çəkilən ictimai birliyin sədri seçilmişdir. “Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin təsis etdiyi “Nəzəri, Klinik və Eksperimental Morfologiya jurnalı”nın ilk nömrəsi çapdan çıxıb. Jurnalın baş redaktoru və təsisçisi, müavini isə professor B. M. Hüseynovdur. Bu münasibətlə təqdimat mərasimi keçrilib. Cəmiyyətin əsas fəaliyyəti anatomiya, embriologiya və histologiya sahəsində məlumat mübadiləsinin təmin edilməsi, elmi araşdırmalar, təhsil, praktik təcrübələrin inkişaf etdirilməsi və dəstəklənməsidir.
REA-nın akademiki ə.e.x., professor V.B.Şadlinski «Sağlamlıq» (Azərbaycan), «Azərbaycan Tibb Jurnalı» (Azərbaycan), Sankt-Peterburqda dərc olunan «Морфология», Voronejdə dərc olunan «Анатомия и гистопатология», Ufada dərc olunan «Mедицинский вестник Башкордостана», Bazeldə dərc olunan «Jurnal of neuroendocrinology Research», «Archiv Euromedica» jurnallarının redaksiya heyətinin üzvüdür.
Kafedra əməkdaşlarından ə.e.x., professor V.B.Şadlinski Rusiya Elmlər Akademiyasının akademiki, 2 nəfəri (professor Əskərov R.Ə., professor Şadlinski V.B.) əməkdar elm xadimi, professor Şadlinski V.B. - əməkdar həkim, prof. Allahverdiyev M.Q. və dosent Məmmədova A.C. - əməkdar müəllim, professorlar V.B.Şadlinski, N.T.Mövsümov, E.Ə.Xıdırov, B.M.Hüseynov – Avropa Təbiət Elmləri Akademiyasının üzvləridir.
REA-nın akademiki ə.e.x., professor V.B.Şadlinski Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən (01.11.2019-cu il tarixli F-86 saylı əmri) təsdiq edilmiş FD 2.08 (İnsan anatomiyası ixtisası) Dissertasiya şurasının sədri, professor N.T.Mövsümov isə həmin şuranın nəzdində fəaliyyət göstərən elmi seminarın sədri təyin edilmişlər.
REA-nın akademiki ə.e.x., professor V.B.Şadlinski və professor M.Q.Allahverdiyev ATU-nun Böyük elmi şurasının üzvü; professor M.Q.Allahverdiyev rektorun müşaviri, I MPF-nin Elmi şurasının və Tibbi-boloji fənlər üzrə problem komissiyasının üzvü, professor A.B.İsayev ATU-nun Tibbi-boloji fənlər üzrə problem komissiyasının və I MPF-nin Elmi şurasının üzvü, professor E.Ə.Xıdırov I MPF-nin Elmi şurasının və Tibbi-boloji fənlər üzrə problem komissiyasının üzvü, professor B.M.Hüseynov AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin problem şurasının elmi katibi, I MPF-nin Elmi şurasının üzvüdürlər.
2016-сı il may ayının 24-də ATU-nun insan anatomiyası kafedrasının müdiri professor V.B.Şadlinski professor Vladimir Timinskinin imzası ilə Avropa Təbiət Elmləri Akademiyasının (Almaniya, Hannover) “Leonardo da Vinçi” medalı ilə və diplomla təltif olunub.
2019-cu ildə kafedranın baş müəllimi S.V. Şadlinskaya “World Research Council” (Ümumdünya tədqiqat şurası) tərəfindən “Best Scientist in Human Anatomy” (İnsan anatomiyası üzrə ən yaxşı alım) adına və həmin təşkilatın medalına layiq görülmüşdür.
Kafedranın professoru, ə.e.x. R.Ə. Əsgərov 65 il ərzində tibb kadrlarının hazırlanmasında göstərdiyi yüksək xidmətlərə görə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalına layiq görülüb.
2022 ci il iyunun 17-də ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasında ölkəmizdə ilk dəfə olaraq “Üzün inkişafı, quruluş xüsusiyyətləri və disseksiyası” mövzusunda elmi-təcrübi seminar keçirilib
Seminarı giriş nitqi ilə açan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyətinin sədri, Rusiya Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi, professor Vaqif Şadlinski tədbirin burada keçirilməsinin təsadüfi olmadığını bildirərək, qeyd olunan mövzunun əhəmiyyətinin aktuallığından bəhs etmişdir: “Tibb elmini anatomiyasız təsəvvür etmək mümkün deyil. Bu elm tibbin əsası sayılır və bəzi ölkələrdə fiziologiya ilə birlikdə tədris olunsa da, ölkəmizdə ayrıca elm sahəsi kimi fəaliyyət göstərir. Anatomiya insan orqanları, toxumaları, hüceyrələrinin quruluşunu və formasını öyrənən elmdir. Əgər kimsə yaxşı plastik cərrah və yaxud həkim-kosmetoloq olmaq istəyirsə, anatomiyanı mükəmməl öyrənməlidir
“Üzün müxtəlif deformasiyalarının estetik və rekonstruktiv əməliyyatları” mövzusunda çıxış edən Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, professor Vaqif Qələndərli bu günə kimi apardığı mürəkkəb dərəcəli plastik əməliyyatlar barədə məlumat verib və bu sahədə qazandığı nailiyyətləri, əldə etdiyi təcrübəni tədbir iştirakçıları ilə bölüşüb. O bildirib ki, bəzən travmalar nəticəsində insanda elə qüsurlar əmələ gəlir ki, bu, kompleks yaradır və gündəlik həyat tərzinə mənfi təsir göstərir. Lakin belə insanlar əməliyyatdan sonra özlərini daha rahat hiss edirlər.
Bundan sonra İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev “Üzün İnkişafı. Üz əzələlərinin formalaşması”, “Aesthetic & Wellness World Academy” və “Aesthetic & Wellness Association” ictimai birliyinin təsisçisi Həcər Cəfərova isə “Kosmetologiyanın inkişafı və əhəmiyyəti” mövzularında çıxış etmişdirlər. Məruzələrdə qeyd olunub ki, bu gün estetik kosmetologiyanın müəyyən aspektlərə görə cərrahi əməliyyatlarla rəqabət apara bildiyini söyləmək mümkündür. “Disseksiya kadavrası” kursu tətbiqi anatomiya sahəsində yeni biliklər əldə etməyə, inyeksiya texnikasını təkmilləşdirməyə, fəsadların mexanizmlərini və onların qarşısının alınması üsullarını başa düşməyə imkan verən praktiki öyrənmə yanaşmasıdır. Xaricdə, xüsusən də Avropa və Türkiyədə belə kurslar tez-tez təşkil olunur. Sonra kadavra kurs mütəxəssisi, həkim-stomatoloq, inyeksion kosmetologiya üzrə beynəlxalq təlimçi Səbuhi Əbilovun kursu keçirilib. Onun sözlərinə görə, kursda iştirak edən hər bir mütəxəssis öz peşə fəaliyyətində yüksək nəticələr əldə etmək imkanı qazanır: “Kursun iştirakçıları üz anatomiyasının quruluşunu, üzün qan damarlarının mürəkkəb quruluşunu, tənəffüs yollarının quruluşunu birbaşa öyrənir. Siz, əlbəttə bütün bunları kitablardan, video yayımlardan öyrənə bilərsiniz, lakin bu, heç bir halda praktik təcrübənizi əvəz edə bilməz. Müasir təhsil sistemində belə bir anlayış var ki, insan siması ilə, üz ilə işləyən mütəxəssislər mütləq şəkildə praktik təcrübə qazanmalıdırlar”. Sonda tədbir iştirakçıları “Anatomiya muzeyinə” ekskursiya etmişdir və meyit üzərində disseksiya nümayiş olunub.