Daxili xəstəliklərin propedevtikası kafedrası əsası 1919-cu ildə qoyulmuşdur. O vaxt prof.A.M.Levin eyni vaxtda həm "Daxili xəstəliklərin diaqnostikası (propedevtikası)", həm də "Fakültətiv terapiya" kafedrasına rəhbərlik edirdi. 1933-cü ildən isə "Daxili xəstəliklərin propedevtikası" kafedrası sərbəst fəaliyyətə başlamış və onun müdiri vəzifəsinə prof. V.A.Tarnoqradski təyin edilmişdir. 1935-si ildə klinik bazanı genişləndirmək məqsədilə indiki M.M.Əfənliyev adına 2 saylı klinik xəstəxananın bazasında kafedranın filialı yaradıldı və filiala rəhbərlik etmək prof.P.S.Şteynə tapşırıldı. 1938-ci ildən "Daxili xəstəliklərin propedevtikası" kafedrası bu klinikada sərbəst fəaliyyətə başladı və 1944-cü ildən kafedranın müdiri vəzifəsinə əməkdar elm xadimi, professor, tanınmış korifey-terapevt M.M.Əfəndiyev secilmişdir. M.M.Əfəndiyev bu kafedraya 40 il ərzində rəhbərlik etmişdir.

1970-ci ildə “Daxili xəstəliklərin propedevtikası” kafedrası 2 kafedraya bölünmüşdür: “I Daxili xəstəliklərin propedevtikası" M.M.Əfənliyev adına 2 saylı klinik xəstəxananın bazasında, “II Daxili xəstəliklərin propedevtikası” kafedrası isə  5 saylı klinik xəstəxananın bazasında fəaliyyət göstərmişdir.

“I Daxili xəstəliklərin propedevtikası" kafedrasına 1984-1985-ci illərdə prof.R.T.Fərmanov, 1987-1992-ci illərdə respublikanın əməkdar elm xadimi A.A.Mirzəzadə, 1992-2013-cü illərdə isə  Azərbaycan Respublikasının baş terapevti  prof.Y.Z.Qurbanov rəhbərlik etmişdir.

“II Daxili xəstəliklərin propedevtikası” kafedrasına 1970-1989-cu illərdə prof.Bayşeva-Zeynalova G., prof. M.M.Abdullayev, prof. Ə.Yusifov, prof. M.Sultanov, dos T.S. Ağamalıyev (müxtəlif illərdə) rəhbərlik etmişdirlər. 1989-2013-cü illərdə kafedraya əməkdar elm xadimi, prof. C.T.Məmmədov rəhbərlik etmişdir.

1934-cü ildə tibb institutunda pediatriya fakültəsində Uşaq xəstəlikləri fənni tədris edilməyə başlanılmışdır. 1946-cı ilə qədər pediatriyaya aid bütün fənnlər «Uşaq xəstəlikləri kafedrasında» tədris edilmişdir. Həmin ildən pediatriya fakultəsi tələbələri üçün «Uşaq xəstəliklərinin propedevtikası» kafedrası yaradılmışdır. Kafedra 1946-cı ildə yaradılmış və kafedraya rəhbərlik tibb e.n. S. Hacıyevaya həvalə edilmişdir. 1948-ci ildə kafedraya rəhbərlik dos. Ə.M. Cabbarzadəyə tapşırılmışdır. Əvvəllər E.Əfəndiyev adına Klinik xəstəxanada fəaliyyət göstərən kafedra 1963-cü ildə Ə.Qarayev adına 2№-li Klinik Uşaq Xəstəxanasına köçürülmüş və burada 1981-ci ilə qədər yerləşmişdir. 1981-ci ildən kafedra Ana və uşaqların mühafizəsi Elmi Tədqiqat İnstitutunda (indiki Pediatriya İnstitutu), 1986-cı ildən Ə.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanasında fəaliyyət göstərmiş, 2011-ci ilin fevral ayında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına köçürülmüşdür. 1970-1990-cı illərdə kafedranın müdiri tibb e.d., prof. M.I.Livanov, 1990-1995-ci illərdə tibb e.d., prof. Ə.A. Hacıyev olmuşdur. 1995-2013-cü illərdə kafedraya tibb e.d. prof., əməkdar həkim, əməkdar elm xadimi İ.İ.İsayev rəhbərlik etmişdir.

Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 24 iyun 2013-cü il tarixli  10 saylı qərarına əsasən “I Daxili xəstəliklərin propedevtikası”,  “II Daxili xəstəliklərin propedevtikası” və “Uşaq xəstəliklərinin propedevtikası” kafedraları birləşdirilərək onların bazasında “Terapevtik və pediatrik propedevtika” kafedrası yaradılmış və kafedra müdiri tibb elmlər, doktoru, professor, əməkdar həkim, əməkdar elm xadimi İbrahim İsa oğlu İsayev seçilmişdir.

Kafedrada  58 nəfər əməkdaş - 5 professor; 11 dosent; 23 nəfər  assistent və 18 texniki işçi (baş laborant, laborant  və xadimə) fəaliyyət göstərir.