Azərbaycanda uşaq cərrahlığının tarixi 1920-ci il aprel inqlabından sonra N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun yaranması ilə bağlıdır. İnstitutun nəzdində bir çox cərrahi profilli kafedralar təşkil olunmuşdur ki, onlara da B.K.Finkelşteyn, A.İ.Okinşeviç, A.M.Mirqasımov, M.A.Topçubaşov və başqaları rəhbərlik edirdilər. Bu kafedralarda uşaqlar böyüklərlə birlikdə müalicə alır və böyük cərrahları tərəfindən də əməliyyat olunurdular. İlk dəfə olaraq Bakıda M.Ə.Əfəndiyev adına 2 saylı klinik xəstəxanasının 60 çarpayılıq travmatologiya şöbəsinin tərkibində uşaqlara cərrahi və travmatoloji-ortopedik yardım göstərmək üçün 20 çarpayı ayrılır. 1938-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Pediatriya fakultəsi açılmış və elə həmin ildə də uşaq cərrahlığı kafedrası təşkil olunmuşdur. Kafedraya prof. İssak Solomonoviç Qinzburq rəhbərlik etmişdir. İ.S.Qinzburq böyük alim və geniş diapazona malik bir cərrah idi. O, 1924-cü ildə «Fəqərə sütununda plastiki əməliyyatlar» mövzusunda doktorluq dissertasiyasına görə Azərbaycanın əməkdar elm xadimi kimi yüksək ada layiq görülüb. Kafedra ilk dəfə təşkil olunarkən 3 nəfər əməkdaşdan – kafedra müdiri professor İ.S.Qinzburqdan, dosent A.Qəmbərovdan və assistent R.Q. Əkbərovdan ibarət olub. Kafedranın yarandığı gündən professor İ.S. Qinzburq pediatriya fakultəsində azərbaycan və rus dillərində uşaq cərrahlığının tədrisini təşkil etmişdir. Kafedra yaranan ilk günlərdən uşaqlara travmatoloji, o cümlədən yanıqlar zamanı, irinli plevritlər, subtropik xəstəliklərin fəsadları (malyariya), sulu xərçəng, skarlatinanın ekstrabukal problemləri, yenidoğulmuşların inkişaf qüsurları və s. problemlərlə ətraflı məşğul olmağa başlamışdır. Kafedra uşaqlara cərrahi və travmatoloji praktiki yardımı göstərməklə bərabər həm də elmi –tədqiqat metodik-təşkilati işləri də həyata keçirirdi. Ancaq 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq uşaq cərrahlığı kafedrasının istər praktiki, istərsə də elmi-tədqiqat işlərinin intensivliyi nəzərəçarpacaq dərəcədə azalmağa başladı. Bu, hər şeydən əvvəl onunla əlaqədar idi ki, travmatologiya şöbəsi, müharibənin ilk günlərindən Qızıl Ordunun yaralı əsgərlərinə xidmət göstərən təliqə hospitalına çevrilmişdir. Digər tərəfdən respublikada olan cərrahlar, o cümlədən uşaq cərrahları dosent A.Qəmbərov, assistent Qlikşteyn, Q.Məmmədov cəbhəyə səfərbər olunmuş və müharibədə Vətən yolunda şəhid olmuşlar. Böyük Vətən müharibəsi qurtardıqdan sonra uşaq cərrahlığı kafedrası öz işini yenidən canlandırmağa başladı. Qeyd etmək lazımdır ki, İttifaqın Ali təhsil üzrə Komitəsinin və Azərbaycan respublikası Səhiyyə Nazirliyinin xüsusi qərarı ilə pediatriya və sanitar-gigiyena fakultələrində hospital cərrahlığının tədris olunması da uşaq cərrahlığı kafedrasına həvalə olundu. Bu isə əməkdaşların sayının artmasına və elmi-tədqiqat işlərinin planlaşdırılmasına böyük təkan verdi. Belə ki, kafedrada odlu silah yaralanmalarının fəsadlarının, osteoxondritlərin, döş qəfəsinin perixondritlərin, yara distrofiyalarının, qarın və döş boşluğu üzvlərinin odlu silah yaralanmalarının, fəsadlarının yaxın və uzaq nəticələri və s. məsələlərlə ətraflı məşğul olmağa başladı. 1952-ci ildə uşaq cərrahlığı kafedrası Semaşko adına xəstəxanaya 60 çarpayılıq şöbəyə köçürülmüşdür.
1946-cı ildən başlayaraq uşaq cərrahlığı kafedrası müharibənin ağrı-acısını görmüş dosent, assistent, ordinatorlarla öz sıralarını möhkəmləndirməyə başladı. Kafedranın elmi və praktiki bərpa olunmasında, İ.S.Qinzburqun elmi rəhbərliyi altında uşaq cərrahlığı üzrə ilk namizədlik dissertasiyası müdafiə etmiş dosent R.Q.Əkbərovun və Ə.M.Əlizadənin böyük xidmətləri olmuşdur. Professor İ.S.Qinzburqun elmi rəhbərliyi altında Ə.M. Əlizadə və N.Y. Axundov namizədlik və doktorluq, M.A. Lyaş, E.B. Qelfqard, J.Ş. Xəlilov, M.B. Vəzirəliyev, A.M. Mustafayev isə namizədlik dissertasiyalarını müdafiə etmişlər. 1970-ci ildən isə uşaq cərrahiyyəsi hospital cərrahiyyəsindən ayrılaraq sərbəst fəaliyyət göstərməyə başlamışdır. 1970-1976-cı illərdə kafedraya rəhbərliyi tibb elmlər doktoru, professor Ə.M. Əlizadə etmişdir. O, 1939-cu ildə N.Nərimanov adına ADTİ-nun müalicə-profilaktika fakultəsini bitirmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən sonunadək cəbhənin ön sıralarında olan Ə.M.Əlizadə müharibədən sonra yenidən kafedraya qayıdıb. 1949-cu ildən namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Ə.M. Əlizadə kafedranın assistenti, dosenti, professoru və 1970-ci ildən 1976-cı ilə kimi isə kafedranın müdiri işləmişdir. Ə.M.Əlizadə elmi-pedaqoji fəaliyyətlə yanaşı böyük ictimai işlə də məşğul olurdu. O, Azərbaycan uşaq cərrahlar cəmiyyətinin sədri, ümumittifaq cərrahlar cəmiyyətinin üzvü, N.Nərimanov adına ADTİ-nin tədris işləri üzrə prorektoru işləmişdir. Professor Ə.M.Əlizadə 100-dən çox elmi əsərin, ilk «Uşaq cərrahlığı» (1968) dərsliyinin və «Klinik cərrahlıq» kitabının müəllifidir. Onun rəhbərliyi altında bir neçə namizədlik dissertasiyası müdafiə olunmuşdur. Ə.M. Əlizadə 1976-cı ildə 61 yaşında qəflətən kəskin ürək çatışmamazlığından vəfat etmişdir.
1977-ci ildə uşaq cərrahlığı kafedrasının müdiri vəzifəsinə tibb elmləri doktoru, professor B.S.Babaşov seçilmişdir. Professor B.S. Babaşov 1929-cu ildə fəhlə ailəsində doğulmuşdur. O, 1952-ci ildə N.Nərimanov adına ADTİ-nun pediatriya fakultəsini bitirmişdir. Komsomolun göstərişi ilə Kazaxıstan şəhərinə işə göndərilmişdir. B.S. Babaşov Kazaxıstanda kənd xəstəxanasında ordinatorluqdan böyük Elmi-tədqiqat Eksperimental Cərrahiyyə Institutunun şöbə rəhbəri vəzifəsinə qədər yüksəlmişdir. O, Kazaxıstanın keçmiş paytaxtı Alma-Ata şəhərində Eksperimental və Klinik cərrahiyyə institutunda namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir. B.S. Babaşov geniş diapazona malik bir cərrah idi. Onun əsas fəaliyyəti döş boşluğu üzvlərinin cərrahi xəstəliklərinin müalicəsi olimuşdur. Rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə edilmişdir. Onun 2 monoqrafiyası və 170-dən çox elmi məqaləsi çap olunmuşdur. 1995-ci ildə səhəti ilə əlaqədar olaraq B.S. Babaşov öz ərizəsi ilə kafedra müdiri vəzifəsindən azad edilmişdir.
1996-cı ildən kafedra müdiri vəzifəsinə tibb elmləri doktoru , professor Ç.B. Quliyev seçilmişdir. Ç.B. Quliyev 1941-ci ildə ziyalı ailəsində anadan olmuşdur.1968-ci ildən N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirmişdir. O, klinik ordinaturanı və aspiranturanı Leninqrad şəhərində bitirmiş və 1973-cü ildə «Uşaqlarda kəllə-beyin travmasının kəskin və uzaq nəticələrinin klinika, diaqnostika və müalicəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ç.B. Quliyev 1974-cü ildə N.Nərimanov adına ATU-nun uşaq cərrahlığı kafedrasına assistent, 1976-cı ildə isə həmin kafedranın dosenti seçilmişdir. 1982-1984-cü illərdə Leninqrad Pediatriya İnstitutunun uşaq cərrahlığı kafedrasında doktoranturada olmuş və 1984-cü ildə «Uşaqlarda qarın boşluğu üzvlərinin kəllə-beyin travması ilə müştərək zədələnmələri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 1985-ci ildən 1995-ci ilə kimi N.Nərimanov adına ATU-nun uşaq cərrahlığı kafedrasının professoru, 1996-cı ildən isə həmin kafedranın müdiri işləmişdir. O, 290-dan çox elmi əsərin, o cümlədən «Uşaq cərrahlığı» dərsliklərinin (2000,2005), «Uşaqlarda qarın boşluğu üzvlərinin travmatik zədələnmələri», «Uşaq travmatologiyası» 2004, «Uşaqlarda exinokokkoz xəstəliyi» 2004, «Uşaqlarda kəllə-beyin travmaları» 2007 monoqrafiyalarının, «Uşaqlarda cərrahi patologiyaların atlası»2007, 7 tədris-metodik vəsaitin, 12 metodik-tövsiyyələrin, 1 ixtiranın 7 səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında çoxsaylı namizədlik və doktorluq dissertasiya yerinə yetirilmişdir. Professor Ç.B.Quliyev elmi praktiki fəaliyyəti ilə bərabər böyük ictimai fəaliyyətlə də məşğul olmuşdur. O, 1986-cı ildən 2013-cı ilə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş uşaq cərrahı, müxtəlif illərdə Səhiyyə Nazirliyinin Cərrahiyyə üzrə Problem Komissiyasının sədri, Azərbaycan cərrahlar cəmiyyəti, Respublika cərrahlarının attestasiyasının, ATU-nun cərrahiyyə üzrə Problem Komissiyasının, Səhiyyə Nazirliyinin Elmi Şurasının, Respublika Ali Attestasiya Komissiyasının doktorluq və namizədlik dissertasiyasının müdafiə şurasının Pediatriya fakultəsinin və Böyük Elmi Şuranın, Universitetin Metodik Şurasının, «Cərrahiyyə», «Travmatologiya və Ortopediya» və «Хирургия, Восточная Европа», jurnallarının redaksiya heyətinin üzvüdür. Professor Ç.B. Quliyev 2017-ci ildə öz ərizəsi ilə məsləhətci professor vəzifəsinə keçmişdir.
2017-ci ildən kafedra müdiri vəzifəsinə tibb elmləri doktoru, professor R.Ş. Poluxov seçilmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini adlı təqaüdlə bitirmir. 1992-1994-cü illərdə Uşaq cərrahlığı kafedrasında klinik ordinatura keçmiş, 1994-1998-ci illərdə kafedrada baş laborant, 1998-2007-ci illərdə assistent, 2007-2017-ci illərdə dosent vəzifələrində calışmışdır. Paralel olaraq 2000-2013-cü illərdə Uşaq cərrahlığı kafedranın tədris hissə müdiri olmuş, 2013-2018-ci illərdə ATU-nun Tədris Cərrahiyyə klinikasının Uşaq cərrahiyyəsi şöbəsinin müdiri, 2018-2022-ci illərdə ATU-nun Tədris Cərrahiyyə klinikasının baş həkimi vəzifələrində çalışmışdır.
2003-cü və 2009-cu illərdə Rusya Dövlət Tibb Universitetində endoskopik cərrahiyyə üzrə ixtisaslaşma kursu, 2011-ci ildə Secenov adına Moskva Tibb Akademiyasında Uşaq koloproktologiyası və endoskopik cərrahiyyə kursu, 2012-ci ildə Secenov adına Moskva Tibb Akademiyasında Torakoskopik və robortlaşmış endocərrahiyyə kursu, 2015-ci il- Secenov adına Moskva Tibb Akademiyasında Uşaq cərrahiyyəsi və uroandrologiyası üzrə kurs, 2019-cu ildə isə Seçenov Universitetində “İctimai sağlamlıq, səhiyyənin təşkili və idarəolunması” üzrə ixtisasartırma kursu keçmişdir.
1999-cu ildə “Uşaqlarda qaraciyər exinokokkozunun cərrahi müalicəsinin yaxşılaşdırma yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 2018-ci ildə “Uşaqlarda xroniki qəbizliyə səbəb olan cərrahi patologiyaların diaqnostikası və kompleks müalicəsi” mövzusunda doktorluq dissertasiyanı müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 2019-cu ildə professor 2019-cu ildə professor elmi adına layiq görülmüşdür. Onun rəhbərliyi altında 1 doktorluq və 2 fəlsəfə doktoru elmi işi yerinə yetirilir. Indiyədək 220-dən çox elmi məqalənin, həmçinin “Uşaqlarda exinokokkoz xəstəliyi”(2004), “Uşaqlarda xroniki qəbizliyə səbəb olan cərrahi patologiyalar. Diaqnostika və müalicə”(2022) monoqrafiyalarının və “Uşaq cərrahlığı fənninin tədris proqramı”-nın, 3 dərs vəsaitinin, 2 tədris metodiki vəsaitin, 3 metodiki tövsiyyənin və 1 səmərələşdirici təklifin müəllifidir. 80-dən artıq təlim, seminar, konqress, simpoziumlarda iştirak və məruzələr etmişdir. Azərbaycan Uşaq cərrahları assosiasiyasının sədr müavini, Russiya Uşaq cərrahları assosiasiyasının, Russiya Endoskopik Cərrahiyyə assosiasiyasının, Russiya Pediatrlar İttifaqının, Uşaq cərralığı ixtisası üzrə birdəfəlik müdafiə Şurasının, ATU-nun Cərrahiyyə ixtisası üzrə oprabasiya Şurasının, Cərrahiyyə üzrə problem komissiyanın, Universitet və I Müalicə-profilaktika fakültə Şurasının üzvüdür. Kafedrada uşaqlarda laparoskopik və torakoskopik cərrahiyyənin əsası məhz professor R.Ş. Poluxov tərəfindən qoyulmuşdur. Uşaq cərrahiyyəsinin və Azərbaycanda Tibb təhsilinin inkişafında xidmətlərinə görə prof. Ramiz Şamil oğlu Poluxov Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Cənablarının 9 aprel 2021-ci il tarixli sərəncamı ilə “Əməkdar həkim” adına layiq görülmüşdür.
Respublika uşaq cərrahlığının inkişafında tibb elmlər doktoru, professor M.A.Mustafayevin böyük xidmətləri olmuşdur. M.A.Mustafayev 1942-ci ildə ziyalı ailəsində doğulub. 1967-ci ildə N.Nərimanov adına ATU-nun müalicə-profilaktika fakultəsini bitirib. 1969-cu ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.M.A.Mustafayev 1986-cı ildən N.Nərimanov adına ATU-nun uşaq cərrahlığı kafedrasının professoru işləmişdir. O, 2005-ci ildə vəfat etmişdir. Professor M.A.Mustafayev Azərbaycanda kombustiologiyanın əsasını qoymuşdur. Onun rəhbərliyi altında uşaqlarda termiki yanıqların müxtəlif aspektlərinə həsr edilmiş 5 namizədlik dissertasiyası müdafiə edilmişdir. O, bir çox monoqrafiyanın, dərsliyin, dərs vəsaitinin, metodik tövsiyənin, 3 ixtiranın və 120-dən çox elmi məqalənin müəllifi olmuşdur.
Azərbaycanda uşaq cərrahlığını inkişafında professor N.Y. Axundovun, professor K.İ. Abdullayevin (uşaq uroloqu), professor E.Y. Hüseynovun (uşaq uroloqu), dosent M.B. Vəzirəliyevin, dosent C.Ş. Xəlilovun, dosent F.Q. Fərzanənin, dosent Z.Q. Səlimxanovanın, dosent Q.A. Əliyevin, dosent R.T. Həbiblinin, şöbə müdirləri: S.C.Ləmbəranskaya, t.e.n. A.N.Uluxanov, A.Əfəndiyev və t.e.n. Q.Cəfərovun, t.e.n. H.Ö. Əzizbəyovun, t.e.n. İ.M.Məmmədovun, Ə.M.Məmmədovun, t.e.n. N.A. Yusifzadənin, t.e.n. G.A.Poladovun, t.e.n. A.E .İsmayılovun, t.e.n. Y.Ş. Məmmədovun, t.e.n. G.X. Ağayevin, t.e.n. M.İ. İsmayılovun, R.A. Nəzirovun, T.Ə. Sultanovun, K.Tukanovun, İ.N. Haqverdiyevin, A.Z. Hüseynovun, P.Ə.Abdullayevin və digərlərinin böyük əməyi olmuşdur.
Hazırda kafedra Bakı şəhər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının IV mərtəbəsində 24 carpayılıq şöbədə fəaliyyət göstərir. Kafedra Respublika uşaq cərrahlığı mərkəzidir. Ona görədə bütün sutka ərzində Respublika üzrə uşaq əhalisinə planlı, təcili və həm də təxirəsalınmaz cərrahi xidmət göstərir. Uşaq cərrahlığı kafedrasının bazasında əməkdəşlar tərəfindən aşağıdakı istiqamətlərdə açıq və endoskopik əməliyyatlar icra edilir:
-Yenidoğulmuşların cərrahiyyəsi – ( öd yollarının atreziyası, qida borusunun atreziyası, nazik və yoğun bağırsağın atreziyası, ağciyərlərin adenomatoz malfarmasionu, diafraqmal yırtıq, omfasele, pilorostenoz, nekrotik enterokolit, yenidoğulmuşların nefrotik fleqmonası, epifizar osteomielit və s.).
-Təcili və təxirəsalınmaz cərrahiyyə - (kəskin appendisit, peritonit, kəskin bağırsaq keçməməzlikləri, boğulmuş qasıq yırtıqları, daxili qanaxma ilə müşayət olunan qarın boşluğu travmaları və s. ).
-Abdominal cərrahiyyə - ( qida borusunun axalaziyası, mədə-qida borusu reflyuksu, öd yollarının sistoz genişlənməsi, öd daşı xəstəliyi, qaraciyərin sistoz törəmələri, dalağın hemolitik xəstəlikləri, nazik bağırsağın inkişaf anomaliyaları (ikiləşmə, divertikul), yoğun bağırsağın adenomatoz polipozu, meqa- dolixokolon, Hişprung xəstəliyi, Kron xəstəliyi, xoralı kolit, qarnın ön divarının inkişaf anomaliyaları və s.)
-Torokal cərrahiyyə - ( ağciyərlərin exinokoku, emfizeması, anadangəlmə və qazanılma diafraqmal yırtıqlar, traxeo-ezofageal fistula, ağciyərlərin bacterial destruksiyasının fəsadları və s.).
-Uroloji cərrahiyyə - (kriptorxizm, varikosele, hidrosele, hipospadiya, epispadiya, hidronefroz, sidik kisəsi-sidik axarı reflyuksu, infravezikal obstruksiya və s.).
-Proktoloji cərrahiyyə - ( pararektal fistulalar, anusun və düz bağərsağın atreziyası, rektovaginal fistula, düz bağırsağın polipi, anal çat, anal sfinkter çatmazlığı, düz bağırsağın sallanması və s.).
-Travmatoloji – ortopedik cərrahiyyə - (anadangəlmə bud-çanaq oynağı çıxığı, əyripəncəlik, sindaktiliya, polidaktiliya, borulu sümüklərin sınığı, sümük kristalları və s.).
-Digər cərrahi əməliyyatlar – yumuşaq toxumaların inkişaf qüsurları (hemangioma, limfangioma, lipomalar, epidermoidlər, amniotic atmalar, dermoid sistlər, teratomalar və s.), irinli cərrahi infeksiya (osteomielit, fleqmona, furunkul, omfalit, hidroadenit, limfadenit, və s. ), üzün və boyunun inkişaf qüsurları (əyriboyunluluq, boynun ön və yan sist və fistulları, yuxarı dodağın defekti, ranula və s.), onurğa və baş beyin dəbəlikləri.
Bununla bərabər uşaq cərrahiyyə mərkəzi respublika üzrə elmi-metodik mərkəz hesab olunur. Burada ildə onlarla uşaq cərrahı hazırlanraq Respublikanın şəhər və rayonlarına praktiki işə göndərir. Kafedra əməkdaşları tərəfindən 100-dən çox elmi-metodik və elmi-tədris vəsaitləri çap etdirilərək praktiki səhiyyədə tətbiq edilmişdir. Kafedra əməkdaşları tərəfindən 30-dən çox monoqrafiya, 59 tədris vəsaiti, 5 ixtira və 14 səmərələşdirici təklif öz həllini təcrübi təbabətdə tapmışdır. Kafedra əməkdaşları böyük elmi-tədqiqat işləri ilə məşğul olurlar. Son 20 ildə kafedra əməkdaşları tərəfindən 1500-dən çox elmi məqalələr, o cümlədən 300-dən çoxu xarici mətbuatda dərc olunmuşdur. Hazırda uşaq cərrahlığı mərkəzində 3 tibb üzrə elmlər doktoru, professor (kafedra müdiri prof. R.Ş.Poluxov, məsləhətçi prof. Ç.B.Quliyev, prof. E.S.Pənahova), 1 tibb elmləri doktoru,, dosent (E.M.Nəsibova-uşaq anesteziologiya və reanimatoloqu), 2 tibb üzrə fəlsəfə doktoru, dosent (V.Ə. Məhəmmədov və S.F. Axundov), 2 tibb üzrə fəlsəfə doktoru, assisent (X.S. Rəhimova və M.A.Əlibəyov), 4 ixtisaslı uşaq cərrahları, assisent (F.V. Həsənov, M.Q.Bağırov, B.Ə.Sofuyev, N.C.Xəlilov) və 6 nəfər baş laborant (A.Ə. Məmmədov, G.M. Əliyeva, G.İ. Mustafayeva, H.F. Alışanov, K.B. Musayeva, L.L. Ələsgərli) fəaliyyət göstərirlər.