Normal fiziologiya kafedrası 1920-ci ildə ADU-nin tibb fakültəsində yaradılmış və bununla Azərbaycanda eksperimental təbabətin əsası qoyulmuşdur. Bu kafedraya ilk dəfə assistent N.V.Qarkavi-Landau, sonra 1921-ci ildən başlayaraq dosent A.M.Çernikov, ondan sonra isə 1925-ci ildən əvvəllər Azərbaycan dövlət universitetinin farmakologiya kafedrasında professor vəzifəsini tutan professor P.Y.Rostovtsev rəhbərlik etmişdi. Tibb fakültəsinin fiziologiya kafedrasının ilk əməkdaşları P.P.Popov, bir qədər sonra isə - D.N.Belenkiy, İ.İ.Qureviç, M.İ.Zaxarov və E.M.Makarov olmuşdular.1928-ci ildə İ.S.Sitoviçin səyi nəticəsində Azərbaycan universitetinin tibb fakultəsinin fiziologiya kafedrası yeni tibbi avadanlıqlarla təçhiz olunmuşdur, bu da qısa müddətdə təhsilin və elmi-tədqiqat işlərinin keyfiyyətinin artmasına səbəb olmuşdur.
1925-1930-cu illərdə P.Y.Rostovsev ADU-nin və 1931-ci ildən ömrünün sonuna qədər isə (1951-ci il) Azərbaycan Dövlət Tibb İnstitunun fiziologiya kafedrasına rəhbərlik etmişdir.Həmin illərdə kafedraya milli kadrlar—A.A.Əmirov, Q.Qəmbəroğlu , S.R.Ocaqverdizadə ,İ.M.Hacıyev,M.M.Mustafayev, Z.Muğanlinskaya ,V.Məmmədova cəlb olunmuşdur. Onlar qısa müddət ərzində P.Y.Rostovsevin rəhbərliyi altında kafedrada fizioloji eksperimentlərin texnikası və fənnin tədris olunması metodikasına yiyələnərək, Azərbaycanda fiziologiyanın inkişafına böyük əmək sərf etmişlər.
Azərbaycanda fiziologiyanın inkişafında akademik Abdulla İsmayıl oğlu Qarayevin ( 1910-1968 ) elmi işləri xüsusi yer tutur. 1942-ci ildə ATİ-nun fiziologiya kafedrasının professoru və ADU-nin “insan və heyvan fiziologiyası” kafedrasının müdiri olmuşdur.
P.Y.Rostovtsevdən sonra ATİ-nin fiziologiya kafedrasına (1951-1970) prof. S.R.Ocaqverdizadə(1895-1977) rəhbərlik etmişdir. Onun elmi-tədqiqat işləri “Böyrəküstü vəzi fəaliyyətində interoseptiv reflektor təsirinə həsr edilmişdir.
1971-1991-ci illərdə ATU-nun fiziologiya kafedrasına prof.Q.M.Qəhrəmanov rəhbərlik etmişdir. O 1966-cı ildə akademik P.K.Anoxinin rəhbərlik etdiyi laboratoriyada doktorluq dissertasiyasını başa çatdırmışdır.Onun elmi-tədqiqat işləri orqanizmin sistemli təşkilinin neyrohumoral və baş beyin fəaliyyətinin xolinergik və adrenergik mexanizmlərinin öyrənilməsinə həsr edilmişdir.Bu dövrdə müasir tədqiqat üsullarını tətbiq etməklə çoxsaylı elmi tədqiqat işləri aparılmışdır.Prof.Qəhramanovun rəhbərlik etdiyi kafedra,neyrofiziologiya və funksional neyrokimya problem laboratoriyasının elmi axtarışları bir çox ölkələrin elmi tədqiqat və ali təhsil institutlarının elmi problemləri ilə uyğunlaşırdı.Kafedra və laboratoriyanın tədqiqat işlərinin çox hissəsi mərkəzi sinir sistemi və ürək damar fəalliyətinin mediator mexanizmlərinə həsr olunub.
1991-ci ildən ATU-nin fiziologiya kafedrasına tibb elmləri doktoru,professor F.İ.Cəfərov rəhbərlik edir. Kafedra əməkdaşlarının əsas elmi tədqiqatları emosiya və motivasiyaların formalaşması realizə olunmasında opioid peptidlərin, mediatorların fizioloji rolunun öyrənilməsinə həsr edilmişdir.
2008-ci ildən kafedraya Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, REA-nın Xarici üzvü, biologiya elmləri doktoru, professor, Milli Avisiya Akademiyasının (MAA) “Aviasiyada insan amili” problem laboratoriyasının rəhbəri professor A.M. Məmmədov rəhbərlik edir.
Professor A.M.Məmmədov akademik P.K.Anoxinin sistem fiziologiyası elmi məktəbinin yetirməsidir. O, 1966-cı ildə AMEA-nın A.İ Karayev adına Fiziologiya İnstitunun “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə aspiranturasına daxil olmuş və Moskva şəhərinə ezam olmuşdur.
1966-cı ildən, təxminən 30 il ərzində, o İ.M.Seçenov adına 1-ci Moskva Tibb Akademiyasında və Rusiya Tibb Elmləri Akademiyasında P.K.Anoxin adına Normal Fiziologiya İnstitutunda təhsil almış və elmi tədqiqatlar aparmışdır. Burada o, P.K.Anoxinin rəhbərliyi altında “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə, elmlər namizədlyi (1969), mövzu “Корреляционный анализ ритма напряжения , в различных поведенческих ситуациях”, sonra isə elmler doktorluğu (1975), mövzu “Динамика корково-подкорковых взаимоотношений в условиях экспериметального эмоционального стресса”, dissertasiyaları müdafiə etmiş və elmi adlara layiq görülmüşdür. 1982-ci ildən Elmi nailiyyətlərinə görə, Moskvada, RTEA-nın, P.K.Anoxin adına Normal fiziologiya institutda saxlanılmışdır və laboratoriya müdiri vəzifəsində çalışmışdır. Çox qısa müddətdə evlə təmin olunmuşdur. Eyni zamanda onun rəhbərliyi və təşkilatçılığı ilə SSRİ-nin Elektron Sənayesi Nazirliyinin “Xromatron” müəssisəsində Dövlət proqramı əsasında, Böyük Elmi Sağlamlıq Mərkəzi təşkil edilir və Dövlət əhəmiyyətli yüksək nailiyyətlər alınır.Eyni zamanda onun İ.M.Seçenov adına 1-ci Moskva Tibb Akademiyasında, normal fiziologiya kafedrasında pedaqoji fəaliyyətinə görə, normal fiziologiya ixtisası üzrə professor (1988) elmi adı almışdır.
1988-ci ildə A.M.Məmmədov Azərbaycanın Milli Aviasiya Akademiyasının “Aviasiyada insan amili” problem laboratoriyasına rəhbərlik edir.
Qeyd etmək lazımdır, onun təşkilatı işinə gəldikdə hələ 1970-1982-ci illərdə, A.Məmmədov Moskvadakı elmi işləri ilə bərabər, AMEA-nın akademik A.İ.Qarayev adına Fiziologiya institutunda kiçik, baş elmi işçi olub, Neyrokibemetika laboratoriyasını təşkil edərək ona rəhbərlik edib.
O, akademik A.Paşayev tərəfindən 1998-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasına dəvət olunur. Burada o “Aviasiya psixofıziologiyası və reabilitasiyası” kafedrasına və “Aviasiyada insan amili” Problem laboratoriyasını ilk dəfə olaraq təşkil və başçılıq edir, aviadispetçerlərin üzərində uzunmuddətli işlər aparır, elmi-praktiki əhəmiyyətli nəticələr alınır.
2008-ci ildən B.E.D, professor A.M.Məmmədov Azərbaycan Tibb Akademiyasının Normal fiziologiya kafedrasına başçılıq edir.
Tibb universitetinin tələbələri üçün qısa bir müddət ərzində Normal fiziologiya (A.M.Məmmədov, K.V.Sudakov, 2010) A.M.Məmmədov, A.X.Əliyev 2016 və s. üzrə dərsliklər və praktiki kitablar yazılmışdır. Əlavə olaraq, təkmilləşdirilmiş variantları da çap olunmuşdur.
Eyni zamanda 2008-ci ildən prof.A.Məmmədov ATU-nin Normal fiziologiya kafedrasının müdiri vəzifəsini müsabiqə yolu ilə tutur.
Professor A.M.Məmmədov pedaqoji fəaliyyəti ilə birlikdə, aktiv sürətdə müxtəlif sahələrdə elmi tədqiqat işləri də aparır. İlk dəfə Azərbaycanda, Aviasiyada “İnsan amili” sahəsində elmi işlər psixoemosional gərginliyin mərkəzi və periferik mexanizmlərinə həsr olunub, aviadispetçerlərdə yaranan peşə psixoemosional stressin qarşısını almaq üçün tətbiq olunur və əhəmiyyətli nəticələr alınır.
Akademik A.M.Paşayevin təklifi ilə 2021-ci ildən, Milli Aviasiya Akademiyası ilə Azərbaycan Tibb Universiteti arasında qəbul olunmuş Memorandum əsasında, pilotların insan amilinin psixofizioloji göstəriciləri telemetrik cihazlarla real Uçuşu əks etdirən müxtəlif simulyatorlarda tədqiq olunur. Beləliklə həm dispetçer, həm pilotlar, üzərindən alınan nəticələr əsasında, onlar normal və risk qruplarına bölünür. Risk qruplarına qarşı, korreksiyaedici, qeyri medikamentoz tədbirlərin görülməsi həm psixofızioloji göstəriciləri normallaşdırır, həm də buraxılan səhvləri azaldır. Bu isə aviamütəxəssislərin sağlamlığını və uçuş təhlükəsizliyini qoruyur və yüksəldir.
Bundan başqa tibbi-bioloji sahələrində ATU-nin Normal fiziologiya kafedrasının laboratoriyalarında da elmi işlər aparır.
İlk dəfə olaraq, Azərbaycanda məktəblilərin somatometrik xüsusiyyətləri ilə ürək- damar sistemi göstəricilərinin qarşılıqlı əlaqələri öyrənilib.
Eyni zamanda ATU-də baş beyinin qabıq və qabıqaltı strukturlarında EEQ-nin koherent, spektral və krosskorrelyasiya göstəricilərinin tədqiqi əsasında, görmə analizatorunun endogen sistem mexanizmləri tədqiq olunur. Digər tərəfdən emosional stress vəziyyətdə, kompüterdə baş beynin strukturları arasında çox incə EEG faza sürüşmələrinin aşkarlanması və tədqiq olunması peysmeker tipli emosiogen oyanmalarının yaranması və reverberasiyaya keçməsi göstərilmişdir. Bunların əsasında yeni elmi istiqamətlər və konseptual əsasnamələr işlənib və dissertasiyalar hazırlanıb.
Prof.A.Məmmədov Moskvada REA-nın və Bakıda AMEA-nın Biologiya-Tibb elmləri bölməsinin və Rəyasət Heyətinin qarşısında çıxışlar etmiş, bu elmi işlər 2009-cu və 2014- cü illərin mühüm nəticəsi kimi qiymətləndirilmişdir. Çox saylı Beynəlxalq Elmi Forumların iştirakçısıdır.
2004-cü ildə fiziologiya ixtisası üzrə Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) xarici üzvü seçilmişdir.
2014-cü ildə Rusiya Elmləri Akademiyasının (REA) xarici üzvü seçilmişdir.
2017-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir-üzvü seçilmişdir.
2017- ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondunun 1 -ci Azərbaycan-Rusiya Beynəlxalq qrant müsabiqəsinin (EİF-BGM-YRFTF-1/2017) qalibi olmuşdur.
O, bir sıra Beynəlxalq və yerli Elmlər Akademiyalarının o cümlədən Rusiyanın akademikidir. Azərbaycanda, Beynəlxalq Elmlər Akademiyasının bölməsinin əsas təşkilatçılarından biri olub və həmin bölmənin uzun müddət həmprezidenti olub. Dövlətlər arası Aviasiya Komitəsinin Tibbi Koordinasiya Şurasının (Moskva), Rusiyanın aviakosmik, dəniz, ekstremal tibbi-ekoloji Assosiasiyasının, bir sıra elmi və müdafiə şuralarının üzvüdür.
Kafedrada tədrisi daha da təkmilləşdirmək üçün 4 komputer sinifləri təşkil olunub və fəaliyyət göstərir.Əlavə olaraq kafedranın Tədris laboratoriyası və eksperimental heyvanlarının üzərində əməliyyat aparmaq və saxlamaq üçün xüsusi yer düzəldilmişdir və avadanlıqla təchiz olunmuşdur.
Kafedrada, müəllim-tələbə heyəti üçün, xüsusi P.K.Anoxin adına Elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir. Laboratoriya ən müasir tibbi avadanlıqlar ilə təchiz olunub: komputerlə birləşmiş Neyrosoft –elektroensefoloqrafı və kardiovizor- 006, müxtəlif kardioqraflar, şagirdlərdə dəri piyi ölçmək üçün Kaliper cihazı, Transkranial elektrostimulyası üçün cihaz, oksigen konsentratoru və s.).
Kafedra əməkdaşlarının birlikdə, bir neçə yüz çap elmi məqalələri və tezisləri, metodik vəsaitləri və patentləri qeydə alınıb.
Kafedranın ölkə daxilində və xaricdə geniş elmi pedaqoji əlaqələri var: Milli Aviasiya Akademiyası, AMEA-nın Fiziologiya İnstitutu, Rusiya Elmlər Akademiyasının P.K.Anoxin adına Normal Fiziologiya E.T İnstitutu, AMEA-nın Kibernetika E.T. İnstitutu, İ.M.Seçenov adına 1-ci Moskva Tibb Akademiyası (normal fiziologiya kafedrası), Dövlətlərarası Aviasiya komitəsi (Tibbi Koordinasiya Şurası Moskva ), Ukraynanın Tibbi Sanitar Aviasiya Şöbəsi, Almaniya ( National Akademic der Wissenschaften, prof.K.Hecht) və s.
Hal-hazırda B.E.D. professor A.M.Məmmədov Rusiya elmləri akademiyasının fiziologiya üzrə üzvü və bir sıra xarici elmlər Akademiyalarının akademiki seçilmişdir.
Prof. A.M.Məmmədov akademik P.K.Anoxin - K.V.Sudakov sistem fiziologiyası məktəbinin tanınmış nümayəndəsidir. O, elmi işlərini innovativ texnologiyalar və multidissiplinar xarakterli üsullar əsasında aparır.
Bu dövr professor A.Məmmədov diplomlar, fəxri fərmanlar və medallarla, o cümlədən akademik P.K.Anoxin və akademik İ.P.Pavlov adına qızıl medallarla təltif olunmuşdur.
2020-ci ildə A.Məmmədov Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi adı verilib.
2021-ci ildə AMEA-nın Rəyasət heyyətinin Fəxri Fərmanı ilə təltif olunub.
2021-ci ildə ATU-nın Fəxri Fərmanı ilə təltif olunub.
2023-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı ilə təltif olunub.
Ən vacibi də odur ki, onun elmi nailiyyətləri Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.
A.Məmmədov çoxsaylı, 350-dən çox elmi əsərləri, daxildə və xaricdə çap olunmuşdur. Birlikdə 21 kitabların, dərsliklərin və normal fiziologiya üzrə test kitabların; 17 metodiki və dərs vəsaitlərin, tövsiyyələrin; 6 patent, şəadətnamələrin və 18-ə yaxın sertifikatların müəllifidir. Onun rəhbərliyi ilə birlikdə, 15 dissertasiya işləri; namizədlik (11) və doktorluq (4) dissertasiyaları müdafiə olunub və hazırlanır.