Kafedranın tarixi: "Şüa diaqnostikası və şüa terapiyası" kafedrası 1930 - cu ildə təşkil olunmuşdur. Ilk illərdə kafedra daxili xəstəliklər propedevtikası kafedrasının nəzdində kurs kimi fəaliyyətə başlamışdır. "Rentgen və Radiologiya" kursunun rəhbəri dosent M.T.Qasımlı olmuşdur. O, 12 il müddətində bu kursa rəhbərlik etmişdir. 1942 - ci ildə "Rentgen və Radiologiya" kursu həmin kafedranın nəzdindən ayrılaraq, sərbəst kurs kimi fəaliyyətə başlamışdır. Kursun müdiri V.N.Abgarov olmuşdur. 1950 - ci ildən "Rentgen və Radiologiya" kursu kafedra adına layiq görülmüşdür. 1969 - cu ildən Moskvada Rentgen və Radiologiya institutunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən B.Ə.Baxşıyev vətənə qayıtmış və həmin vaxtdan "Şüa diaqnostikası və şüa terapiyası” kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərmişdir. B.Ə.Baxşıyev Azərbaycan Respublikasında bu sahədə ilk elmlər doktor adını alan alimlərdəndir. Professor B.Ə.Baxşıyevin rəhbərliyi dövründə kafedranın imkanları genişlənmiş və tədris prosesinin keyfiyyətini yüksəltmək üçün mühim işlər görülmüşdür. Hal-hazırda "Şüa diaqnostikası və şüa terapiyası" kafedrası ATU - nun Tədris-Terapevtik və Tədris-Cərrahiyyə Klinikalarında yerləşir. Şüa diaqnostika şöbəsində müasir avadanlıqlar (rəqəmli rentgen, kompyuter tomoqrafiya, angioqrafiya, ultrasəs müayinə, mammoqrafiya) fəaliyyət göstərir. Kafedrada Azərbaycan Respublikasında ilk dəfə ana dilində və rus dilində dərsliklər, kafedra əməkdaşları tərəfindən 12 - dən çox dərslik və monoqrafiya, 30 - dan çox səmərələşdirici təklif və 700 - dən çox elmi məqalə dərc olunmuşdur. “Şüa diaqnostikası və şüa terapiyası” kafedrası Azərbaycan Respublikasında Rentgenologiya və Radiologiya sahəsində milli kadrların yetişdirilməsində çox böyük və səmərəli işlər görmüşdür. Bu gün ölkəmizdə fəaliyyət göstərən Rentgenoloq və Radioloq ordusunun böyük əksəriyyəti bu kafedradan keçərək bu sahədə böyük nailiyyətlər əldə etmişlər. Kafedrada 2 fənn tədris olunur: 1.Şüa diaqnostikası. 2.Şüa terapiyası.
2. Hal-hazırda kafedrada 21 nəfər professor-müəllim heyəti, bunlardan 1 professor, 4 dosent, 9 assistent, 7 baş laborant çalışır.