Fizioterapiya kursu ilk dəfə Azərbaycan Tibb İnstitutunda 1932-ci ildə təşkil olunmuşdur. Kursun ilk müdiri dosent R.Y. Sokolov təyin olunmuş və o, bu vəzifədə 1952-ci ilədək fəaliyyət göstərmişdir. İlk vaxtlar həmin kurs Bakı şəhər 1 № - li klinik xəstəxananın nəzdində fəaliyyət göstərmişdir. 1936-cı ildə Azərbaycan Elmi Tədqiqat Kurortologiya və Fizioterapiya institutu açıldıqdan sonra kurs öz fəaliyyətini həmin institutun nəzdində davam etdirməyə başlamışdır. Kursun müdiri professor P.Y. Sokolov kurortologiya və fizioterapiyanın inkişafında, gənc milli kadrların hazırlanmasında mühüm işlər görmüşdür. 1952-1974-cü illərdə kursa rəhbərlik edən tanınmış klinisist və fizioterapevt dosent Ə.A. Allahverdiyev respublikamızın müalicəvi mineral sularının və müalicəvi palçıqların daxili xəstəliklərin müalicəsində tətbiq olunmasına dair çoxlu elmi-tədqiqat işləri aparmışdır. 1974-1981-ci illərdə kursa dosent H.P. Bədəlov rəhbərlik etmişdir. Onun elmi-tədqiqat işləri yüksək dağ iqliminin ürək-qan damar sisteminə təsirinə həsr olunmuşdur. 1981-1986-cı illərdə Fizioterapiya kursu müalicə bədən tərbiyəsi kursu ilə birləşdirilərək Tibb institunun I Daxili xəstəliklər kafedrasının nəzdinə keçirilmişdir. 1994-cü ildə yenidən müstəqil kurs kimi 2011-cı ilədək fəaliyyətini davam etdirən Fizioterapiya kursuna görkəmli alim, əməkdar elm xadimi, professor Ə.V. Musayev rəhbərlik etməyə başlamışdır.
Müalicə bədən tərbiyəsi kursu isə 1987-2011-ci illərdə yenidən Həkim nəzarəti kursu ilə birləşdirilərək bədən tərbiyəsi kafedrası nəzdində fəaliyyətini davam etdirmişdir. Həmin kursun rəhbəri 2006-cı ilədək t.e.n. dosent Axundov K.M, 2007-2011 illərdə isə t.e.n., dosent Quliyeva S.Q olmuşdur.
2011-ci ildə Fizioterapiya kursu Həkim nəzarəti və müalicə bədən tərbiyəsi kursu ilə birləşib Fizioterapiya və idman təbabəti kafedrası yaradıldı. Bu kafedraya bu günədək prof. Ə.V.Musayev rəhbərlik edir. O, 2017-ci ildə tibb elmində əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın müxbir üzvü seçilmişdir. Onun eyni zamanda Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa institunun direktoru kimi çalışması tədris prosesi ilə yanaşı kurs əməkdaşlarının həmin institutun elmi işçiləri ilə birgə elmi-tədqiqat işlərinin aparılmasına böyük təkan verdi. AMEA-nın m.ü.,prof. Ə.V. Musayevin apardığı elmi-tədqiqat işləri əsasən periferik və mərkəzi sinir sisteminin müxtəlif xəstəliklərinin müalicəsində fiziki və balneoloji amillərin tətbiq olunmasına həsr olunmuşdur. Onun rəhbərliyi altında kursun əməkdaşları respublikamızın ərazisindəki müalicəvi palçıqların və mineral suların daxili üzvlərin müxtəlif patologiyalarında müalicəvi təsiri öyrənilmişdir. Bilavasitə prof. Ə.V. Musayevin rəhbərliyi altında dos. P.S. Mehdiyev «Peloidterapiya və Sirab mineral suyu tətbiq etməklə mədə və on iki barmaq bağırsağın xora xəstəliyinin müalicəsi» mövzüsunda dissertasiya müdafiə etmişdir.
Prof. N.İ. Hüseynovun elmi-tədqiqat işləri ankilozlaşdırıcı spondiloartritin diaqnostika və müalicəsinə həsr olunmuşdur. Hazırda o, müxtəlif fiziki amillərin bir sıra revmatoloji xəstəliklərin müalicəsində tətbiqini öyrənir.
Dos. S.Q.Quliyeva İ.M.Seçenov adına Moskva Tibb Universitetində idman təbabəti üzrə məqsədli aspiranturanı bitirib namizədlik dissertasiyasını müdafiə etmişdir (elmi rərbərlər ak. V.Q.Kukes və prof B.A.Siluyanova) və sonrakı illərdə İngiltərə, Fransa, ABŞ, Türkiyədə keçirilən bir neçə elmı-praktiki konfranslarda məruzələrlə çıxış etmişdir.
Assistent, t.e.n. N.V. Əliyevanın elmi-tədqiqat işi aşağı ətrafların trofiki xoralarının müalicəsinə həsr olunmuşdur.
Kurs əməkdaşlarının bir neçə patenti, səmərələşdirici təklifi, 600-dən çox çap olunmuş elmi işləri vardır. Prof. Ə.V. Musayev bir sıra beynəlxalq tibbi elmi cəmiyyətlərin üzvü, Rusiya Federasiyasında çıxan bin neçə nevrologiyaya və fizioterapiya, kurortologiya və reabilitasiyayahəsr olunmuş jurnalların redaksiya heyətinin üzvüdür.