TİBBİ MİKROBİOLOGİYA VƏ İMMUNOLOGİYA KAFEDRASI
Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının əsası Azərbaycan Dövlət Universitetinin (ADU) Tibb Fakultəsinin fəaliyyətdə olduğu dövrdə qoyulmuşdur. ADU-da bu fənnin tədrisinə 1920-ci ildə başlanmışdır. O zaman mikrobiologiya fənnindən dərslər Patoloji anatomiya kafedrasının nəzdində olan Mikrobiologiya və epidemiologiya kursunda keçirilirdi və kursa dosent P.F.Zdrodovski rəhbərlik edirdi. Sərbəst Mikrobiologiya və epidemiologiya kafedrası 1926-cı ildə professor P.F.Zdrodvskinin rəhbərliyi altında fəaliyyətə başlamışdır. P.F.Zdrodovski 1926-1930-cu illərdə professor və kafedra müdiri vəzifəsində işləmişdir.
1930-cu ildə ADU-nun Tibb fakultəsinin əsasında Azərbaycan Tibb İnstitutu yaradılmışdır. 1930-1932-ci illərdə Azərbaycan Tibb İnstitutunun Mikrobiologiya kafedrasına Elmi-Tədqiqat Mikrobiologiya İnstitutunun direktoru vəzıfəsində çalışan görkəmli alim professor L.A.Zilber rəhbərlik etmişdir. Həmin ildən Mikrobiologiya kafedrası ET Mikrobiologiya İnstitutunda yerləşdirilmişdir.
Sonralar L.A.Zilber elmi fəaliyyətini SSRİ-nin mərkəzi şəhərlərində davam etdirmişdir, ona görə də 1932-1933-cü illərdə kafedraya professor V.A.Barıkin rəhbər təyin edilmişdir.
V.A.Barıkin Mockvaya köçdükdən sonra, yəni 1933-cü ildən Mikrobiologiya kafedrasının rəhbərliyi azərbaycanlı mikrobioloq, dosent F.A.Yaqubova həvalə edilmişdir. Dos. F.A.Yaqubov Mikrobiologiya kafedrasına 1933-cü ildən 1971-cı ilə qədər rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə kafedranın maddi-texniki bazası xeyli genişləndirilmiş, kadrların sayı artmış, elmi-tədqiqat işlərinin aparılması üçün lazımi şərait yaradılmışdır.
1971-ci ildə kafedraya dosent N.C.Əliyev rəhbər təyin edildi. Mikrobiologiya, virusologiya və immunologiya fənni Azərbaycan Tibb İnstitutunun bütün fakültələrində tədris edildiyindən, Elmi-Tədqiqat Mikrobiologiya İnstitutunda kafedra üçün ayrılmiş dərs otaqları azlıq edirdi. Buna görə, kafedra 1972-ci ildə yeni istifadəyə verilən IV tədris binasına köçürülmüşdür.
Əməkdar elm xadimi, professor N.C.Əliyev Azərbaycan dilində ilk dəfə “Tibbi mikrobiologiyanın əsasları” adlı dərslik yazaraq, onu 1975-ci ildə nəşr etdirmişdir. Bu dövrə qədər azərbaycanca təhsil alan tələbələrin sərəncamında Rusiyanın orta tibb məktəblərinin tələbələri üçun nəzərdə tutulmuş “Mikrobiologiya” dərsliyinin tərcüməsi var idi, lakin həmin kitab tədris proqramının tələbatın uyğun gəlmirdi. Bundan başqa 1986-cı ildə N.C.Əliyev kafedranın əməkdaşlarından H.A.Qədirova və S.Q.Zeynalova ilə birlikdə “ Tibbi virusologiya kursuna dair” tədris vəsaiti nəşr etdirmişdir.
1988-2003-cü illərdə Mikrobiologiya, virusologiya və immunologiya kafedrasına prof. H.H.İbrahimov rəhbərlik etmişdir. 1995-ci ildə onun Azərbaycan dilində “Tibbi mikrobiologiya” dərsliyi nəşr edilmisdir, 1998-ci ildə kafedranin bir qrup əməkdaşlarının (H.H.İbrahimov, S.Zeynalova, İ.Əhmədov, A.Bayramov) “Tibbi mikrobiologiyadan təcrübə məşğələlərinə dair” tədris vəsaiti çapdan çıxmışdır.
Professor H.H.İbrahimov dünyasını dəyişdikdən sonra, 2004-cü ildən kafedraya AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Z.Ö.Qarayev rəhbərlik etmişdir. Uzun illər SSRİ Elmi-Tədqiqat Dərin Mikozlar Mərkəzinə rəhbərlik etmiş professor Z.Ö.Qarayevin kafedraya rəhbərliyə başlaması ilə, kafedrada tədrisin müasir səviyyədə yenidən təşkilinə və elmi-tədqiqat işlərinə böyük diqqət yetirilmişdir. Kafedrada mühazirələr və təcrübi məşğələlər kompyuter texnologiyasının köməyi və elektron vasitələrin tətbiqi ilə aparılırdı.
2007-ci ildə professorlar Z.Ö.Qarayev, T.Ə.Əliyev və dosent A.İ.Qurbanovun müəllifliyi ilə “Tibbi Mikologiya” adlı dərs vəsaiti tələbələrin və həkimlərin istifadəsinə verilmişdir. Əvvəllər kiril əlifbası ilə nəşr olunmuş “Tibbi mikrobiologiyadan təcrübə məşğəllərinə dair” tədris vəsaiti latın qrafikası ilə yenidən nəşr edilmişdir. 2009-cu ildə professor E.M.Ağayevanın müəllifliyi ilə rus və azərbaycan dillərində «Biotexnologiya və gen mühəndisliyi» adlı dərslik nəşr edilmişdir. Professor Z.Ö.Qarayevin və t.e.d., dosent A.İ.Qurbanovun müəllifliyi ilə “Tibbi mikrobiologiya və immunologiya”, professor Z.Ö.Qarayevin və t.e.n., baş müəllim R.B.Bayramovun müəllifliyi ilə “Tibbi mikrobiologiya və immunologiyadan praktik məşğələlər ”adli dərslik hazırlanmışdır.
2018-ci ilin iyun ayında professor Z.Ö.Qarayevin səhhətində narahatlıq yaranmışdır. Bununla əlaqıdar olaraq 2018-ci ilin sentyabrından 2019-cu ilin martına qədər kafedranın müdiri vəzifəsinin icrası dosent S.Q.Zeynalovaya həvalə edilmişdir. 2019-cu ilin mart ayının 4-dən kafedraya professor H.Ə.Qədirova rəhbərlik edir.
Kafedrada Universitetin bütün fakultələrinin tələbələrinə «Tibbi mikrobiologiya və immunologiya» fənni tədris edilir. Tələbələr fənninin proqramına uyğun olaraq insanda xəstəlik törədən mikroorqanizmlərin xüsusiyyətləri, onların törətdiyi xəstəliklərin patogenezi, mikrobioloji diaqnostika, müalicə və profilaktikasının prinsiplərini öyrənir, kursun sonunda imtahan verirlər.
Uzun müddət kafedranın elmi fəaliyyəti müxtəlif preparatların antimikrob xüsusiyyətlərinin öyrənilməsinə həsr edilmişdir. Kafedra əməkdaşları yüzlərlə sintetik və təbii preparatların antimikrob xüsusiyyətlərini hərtərəfli tədqiq etmiş, Azərbaycan florasından alınan fitonsitlərin antimikrob xüsusiyyətlərini araşdırmışlar. Son illərdə «Şərti patogen mikroorqanizmlərlə törədilən xəstəliklərin etioloji strukturu, patogenetik xüsusiyyətləri, müalicə və profilaktika prinsipləri» mövzusunda elmi tədqiqatlar aparılmışdır. Hazırda kafedranın elmi-tədqiqat işi “Klinik əhəmiyyətli mikroorqanizmlərin antimikrob preparatlara qarşı rezistentliyinin tədqiqi ” nə həsr edilmişdir.
Kafedrada son 15 ildə (2009-2023-cü illər ərzində) çalışan əməkdaşlar tərəfindən 1000-dən artıq elmi məqalə, 10 dərs vəsaiti (1 dərs vəsaiti Rusiya Federasiyasında), 9 dərslik, 1 monoqrafiya və 18 metodik tövsiyyə nəşr edilmişdir. Bundan əlavə 22 patent əldə edilmiş, 2 qrant udulmuşdir.
Kafedra yaranandan bu günədək 9 elmlər doktorluğu, 46 fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilmişdir.
Hazırda kafedranın professor-müəllim heyəti 23 nəfərdən ibarətdir. Bunlar arasında 6 professor, 7 dosent, 8 baş müəllim, 2 assistent vardır. Bundan əlavə kafedrada 2 doktorant, 5 rezident və 5 magistr fəaliyyət göstərir.
Kafedranın ünvanı. Az. 1078 Azərbaycan, Bakı, Mərdanov qardaşları küçəsi, 98; 4-cü tədris binası, III mərtəbə.
Tel: 012 440 17 32; Е-mail: tmik atu @box.az