Ümumi gigiyena və ekologiya kafedrası 9 dekabr 1922-ci ildə BDU-nun Tibb fakültəsinin tərkibində «Ümumi gigiyena» kafedrası kimi təşkil olunmuşdur. Kafedranın yaranması ilə təbabətin profilaktik istiqamətinin nəzəri əsaslarını işləyib hazırlayan bir elm kimi gigiyenanın respublikada tədrisi başlanmışdır. 1930-cu ildə tibb fakültəsinin bazasında müstəqil Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılması ilə əlaqədar kafedra həmin institutun sanitariya-gigiyena fakültəsinin tərkibində fəaliyyətini davam etdirmişdir. Həmin dövrdə ali tibbi təhsil sahəsində milli kadrların olmamasına görə yarandığı ilk 10 il  ərzində (1922-1932) kafedraya Rusiyadan dəvət olunmuş mütəxəssislər - V.D.Malenyuk (1922-1926) və Ö.Ə.Bayraşevski (1926-1932) rəhbərlik etmişlər.

1932-ci ildən 1939-cu ilə qədər kafedraya ilk  milli kadr – BDU-nun tibb fakültəsinin ilk

məzunlarından olan dosent Cəfər Rəcəbli oğlu Nuriyev rəhbərlik etmişdir.

1939-cu ildən kafedraya professor Mustafa Məmməd oğlu Əfəndizadə müsabiqə yolu ilə müdir seçilmiş və 1963-cü ilə qədər bu vəzifədə çalışmışdır. 1925-ci ildə Xarkov Universitetini bitirən M.M.Əfəndizadə 1939-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş və 1940-cı ildə professor elmi adı almışdır. Professor M.M.Əfəndizadənin rəhbərliyi illərində kafedranın maddi-texniki bazasının  möhkəmlənməsi və elmi-pedaqoji kadrlarla təmin olunması sahəsində əhəmiyyətli irəliləyiş baş vermişdir. Həmin dövrdə tibb institutunun bütün fakültələrində ümumi gigiyena fənninintədrisi həyata keçirilməyə başlanmışdır. Haqlı olaraq professor M.M.Əfəndizadə Azərbaycanda Gigiyena elminin banisi sayılır.

1963-1965-ci illərdə professor M.M.Əfəndizadənin vəfatından sonra kafedraya rəhbərlik dosent Nağı Cəfərqulu oğlu Bağırova tapşırılmışdır. Qidalanma gigiyenası sahəsində görkəmli mütəxəssis və alim olan dosent N.C.Bağırov kafedraya 2 il rəhbərlik etmişdir.

1965-ci ildən 1992-ci ilə qədər isə kafedra  müdiri vəzifəsində əməkdar elm xadimi, professor

 İsmayıl Hacı Rza oğlu Səmədov çalışmışdır.  Həmin dövrdə professor İ.H.Səmədov kafedranın

 maddi-texniki bazasının möhkəmlənməsi, tədrisin,  tədris-metodik işin və elmi-tədqiqatların

keyfiyyətinin yüksəldilməsi istiqamətində bir təşkilatçı alim kimi səmərəli fəaliyyət göstərmişdir

Hazırda Universitetin ən böyük kafedralarından olan Ümumi gigiyena və ekologiya kafedrasına professor Mirzə Ağababa oğlu Kazımov rəhbərlik edir. 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən prof. M.A.Kazımov Moskvada gigiyena sahəsində sayılan şəxslərdən olan professor A.V.Roşşinin rəhbərlik etdiyi Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun (indiki Rusuya Diplomdansonrakı Təhsil Tibb Akademiyası) Sənaye gigiyenası kafedrasında namizədlik və doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmiş və 1992-ci ildə kafedra müdiri seçilmişdir..                        

1926-1932-cillərdən başlayaraq kafedranın maddi-texniki bazası möhkəmləndikcə, elmi-pedaqoji kadrların sayı artdıqca, onun fəaliyyəti də genişlənmiş, tədris prosesinin təkmilləşdirilməsilə yanaşı, elmi-tədqiqatların keyfiyyəti də yüksəlmişdir. Ümumi gigiyena kafedrasının bazasında sanitariya-gigiyena fakültəsinin tələbələrinə əmək gigiyenası, uşaq və yeniyetmələr gigiyenası və kommunal gigiyena kursları da tədris olunmağa başlamış, sonradan bu kursların bazasında müstəqil kafedralar yaranmışdır.

Kafedranın inkişafının 1946-1963-cü illəri əhatə edən mərhələsi onun tədris və  elmi tədqiqat fəaliyyətinin,  maddi-texniki bazasının əsaslı yaxşılaşması ilə səciyyələnir. Bu dövrdə kafedranın tədris bazası, laboratoriyaları xeyli genişlənmiş, onların texniki təchizatı, əyani vəsaitlərlə təminatı əhəmiyyətli dərəcədə yüksəlmiş, elmi-pedaqoji kadr potensialı da kifayət qədər güclənmişdir.

1960-cı illərdən başlayaraq kafedrada tədrisin, tədris-metodik işin daha da təkmilləşdirilməsi  istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlamış və bu işlər hazırda da müvəffəqiyyətlə davam etdirilir. 1992-ci ildən başlayaraq, bu sahədə kafedra müdiri kimi professor M.A.Kazımovun  çox mühüm rolu və əməyi vardır.  Onun rəhbərliyi altında tədris və tədris metodik işin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər sırasında tələbələrin tədris göstəricilərinin yaxşılaşdırılmasına, tədris-metodik  işin səmərəsinin artırılmasına və müəllimlərin peşə və pedaqoji hazırlığının yüksəlməsinə daha böyük önəm verilir. Bu işdə kafedrada tədrisin təşkilində müasir informasiya-kommunikasiya texnologiyaların tətbiqi geniş yer tutur.

Kafedrada artıq bütün fakültələrdə mühazirələr hər üç dildə (azərbaycan, rus, ingilis) kompyüter texnikasının tətbiqilə oxunur. Təcrübə məşğələləri üçün iki kompüter sinfi və iki kompyüterləşmiş (televizor vasitəsilə) sini fəaliyyət göstərir. Eyni zamanda tədris prosesində digər müasir texniki vasitələrdən, cihaz və qurğulardan geniş istifadə olunur. Bütün bunlar fənnin tədrisində elmin son nailiyyətlərindən, yeni metodlardan operativ istifadə etməyə imkan verir.

Azərbaycan Tibb Universitetinin Avropa təhsil sistemində  Bolonya  prosesinə qoşulması ilə əlaqədar ümumi gigiyena və ekologiya fənninin tədrisində ayrı-ayrı fakültələrdə kredit sistemilə təhsil müvəffəqiyyətlə həyata keçirir. Kafedrada fənnin tədrisinin müasir səviyyədə həyata keçirə bilən böyük elmi-pedaqoji potensiala malik professor-müəllim heyəti formalaşmışdır.  Keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində dəfələrlə ixtisasartırma kurslarında olmuş yaşlı nəslin nümayəndələrilə tükənməz enerjiyə və yaradıcılıq həvəsinə malik gənc əməkdaşların birgə fəaliyyəti kafedranın bir elmi-pedaqoji qurum kimi tədris   sahəsində qarşısında duran çoxsaylı  problemlərin həllini asanlaşdırır.                          

Tədris və tədris-metodik işin müasir tələblər səviyyəsinə qaldırılması işində kafedra kollektivi yüksək keyfiyyətli dərsliklər və tədris vəsaitlərinin hazırlanmasını özünün əsas vəzifələrindən hesab edir. Bu baxımdan son 10 ildə professor M.A.Kazımovun bilavasitə rəhbərliyi, redaktorluğu və iştirakı ilə universitetin bütün fakültələri üzrə fənnin tədris proqramını tam əhatə edən 5 irihəcmli dərslik və 5 dərs vəsaiti, ayrı-ayrı bölmə və mövzular üzrə tədris vəsaitələri hazırlanmış və tələbələrin istifadəsinə verilmişdir  (“Gigiyena”dərsliyi–670 s., “Ümumi gigiyena” dərsliyi – 575 s., “Radiasiya gigiyenası”dərsliyi–380 s. və b.).   

Respublikada  xarici  mühit obyektlərinin, əhalinin sağlamlıq və xəstələnmə vəziyyətinin, ayrı-ayrı istehsalat sahələrində əmək şəraitinin gigiyenik tədqiqi və profilaktik tədbirlərin elmi əsaslarının  işlənib hazırlanması kafedra  tarixinin ayrı-ayrı mərhələlərində kollektivin əsas elmi-tədqiqat obyektləri olmuşdur. İlk dövrlərdə Azərbaycanın təbii iqlim amilləri, kurort və istirahət zonaları gigiyenik cəhətdən ətraflı tədqiq edilmiş, Hacıkənd, Turşsu, İstisu kimi istirahət zonalarının sağlamlaşdırıcı imkanları tədqiq edilərək, gigiyenik cəhətdən əsaslandırılmışdır. Sonrakı illərdə respublikanın uşaq əhalisinin sağlamlıq problemləri də kafedranın elmi-tədqiqat obyekti kimi əhəmiyyətli yer tutmuşdur. Bu sahədə aparılan elmi axtarışlar uşaq və yeniyetmələrin fiziki inkişafının yaxşılaşmasını, sağlamlığının möhkəmləndirilməsini, uşaq -məktəbəqədər tərbiyə və təhsil müəssisələrinin sanitariya abadlığının təmin olunmasının nəzəri əsaslarını təşkil etmişdir.

Respublikanın xalq təsərrüfatının aparıcı sahələrindən olan neftçıxarma və neft emalı sənayesi obyektlərində istehsalat mühiti və əmək gigiyenası problemləri uzun illər ərzində əməkdaşların elmi tədqiqatlarının mərkəzində olmuş və böyük nəzəri və təcrübi əhəmiyyətli nəticələr əldə olunmuşdur.

Ətraf mühit obyektlərinin (atmosfer havası, şəhər mühiti, torpaq və s.) gigiyenik tədqiqi daim diqqət mərkəzində olmuş və şəhər havasının müxtəlif zərərli qaz qarışıqları ilə çirklənməsinin, gigiyenik cəhətdən qiymətləndirilməsi və mənzil gigiyenası sahəsində elmi araşdırmalar kafedra əməkdaşlarının elmi fəaliyyətində əhəmiyyətli yer tutmuşlar. XX əsrin 70-80-ci illərində respublikada kənd təsərrüfatının intensiv kimyalaşması ilə əlaqədar kafedra əməkdaşlarının elmi tədqiqatlarında zəhərli kimyəvi maddələrin tətbiqinin gigiyenik problemlərinin öyrənilməsi və həlli geniş yer tutmuş və meyvəçilik, tərəvəzçilik, pambıqçılıq və üzümçülük sahələrində pestisidlərin istifadəsi zamanı ətraf mühitin mühafizəsi və əmək gigiyenası məsələləri öyrənilmiş və tədqiqatların nəticələri bir neçə dissertasiya işi və 2 elmi-kütləvi nəşrdə öz əksini tapmışdır.

XX əsrin axırıncı 10 illiyindən başlayaraq professor M.A.Kazımovun rəhbərliyilə ətraf mühitin neft sənayesi və avtomobil nəqliyyatı tullantıları ilə çirklənməsinin əhali sağlamlığına təsiri problemləri kafedrada aparılan elmi araşdırmaların ana xəttini təşkil edir. Bu elmi  tədqiqatlarda əsas diqqət tullantıların tərkibində ətraf mühitə düşən ağır metalların dövranı, onların orqanizm və sağlamlığa təsir xüsusiyyətləri və bu təsirlərin profilaktikası ön plana çəkilmiş və müvafiq tədbirlər təklif olunmuşdur.

Təşkil olunduğu vaxtdan kafedra kollektivinin fəaliyyətində əsas prioritetlərdən biri profilaktik təbabət sahəsində milli elmi-pedaqoji kadrların və tədqiqatçı mütəxəssislərin hazırlanması olmuşdur. Kafedranın yetişdirdiyi elmi-pedaqoji kadrlar sırasında mərhum professorlar Ə.M.Məmmədov, R.O.Əmirov, İ.H.Səmədov və b. müəyyən müddət tibb universitetində və respublikanın elmi tədqiqat müəssisələrində elm və təhsilin təşkilində fəal iştirak etmişlər. Elmi-pedaqoji kadrların hazırlanması istiqamətində kafedra kollektivinin fəaliyyəti xüsusilə son 20 il ərzində daha məhsuldar olmuşdur. Belə ki, bu dövrdə professor M.A.Kazımovun elmi rəhbərliyi ilə 14, dos. A.M.Məmmədovun rəhbərliyi və məsləhətçiliyilə 3, dos. Ə.S.Qurbanovun rəhbərliyilə 1 namizədlik dissertasiyasıı müdafiə edilmişdir.

Kafedrada uzun illər ərzində aparılan  kompleks elmi tədqiqat işlərinin nəticələri 1000-dən çox elmi əsərlərdə, o cümlədən  1000-dən çox müxtəlif xarici və yerli jurnal və məcmuələrdə nəşr olunmuş, elmi məqalələrdə, tezislərdə, 30-a qədər müxtəlif  həcmli monoqrafiyalarda, elmi-metodik tövsiyələrdə, 10 gigiyenik normativlərdə və təkliflərdə öz əksini tapmışdır. Ümumilikdə, kafedrada yerinə yetirilən elmi tədqiqatların materialları 50-dən çox doktorluq və namizədlik dissertasiyalarının əsasını təşkil etmişdir.

Kafedra kollektivinin tədris-metodik və elmi-tədqiqat işi sahəsində fəaliyyəti müxtəlif təşkilatların (Səhiyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, ÜST və s.) diqqətini daim cəlb edir və bu da kafedranın bir sıra elmi-təcrübi idarələrlə əlaqələrini genişləndirmmişdir.

Kafedranın ölkədaxili və beynəlxalq əlaqələri Beynəlxalq Ekoenergetika Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumları ilə müştərək fəaliyyətdə,  ÜST-nın tədbirlərində təzahür edir. Kafedra müdiri professor M.A.Kazımov bu əlaqələrin reallaşmasında fəal iştirak etmiş və son vaxtlar Avropanın bir çox ölkələrində  ÜST-nın təşkil etdiyi beynəlxalq elmi-təcrübi müşavirələrdə respublika gigiyena elmini ləyaqətlə təmsil edir. Bu tədbirlər sırasında Bolqarıstan, Xorvatiya, Avstriya, İsveçrə, Almaniya, Macarıstan, İspaniya, Lüksemburq, Belçika, MDB ölkələrindən Rusiya, Qırğızstan, Tacikistan, Qazaxstan və b. ölkələrdə təşkil olunmuş müşavirələrdə prof. M.A.Kazımovun  məruzələri  kafedranın elmi fəaliyyəti haqqında ətraflı məlumatlar verilmişdir.