Kafedra müdiri: biologiya elmləri doktoru, professor Əzizova Gülnarə İbrahim qızı: 2019-cu ildən kafedraya rəhbərlik edir.
Kafedraya 1921-1930-cu illərdə prof. V.D.Malenyuk, 1930-1936-cı illərdə H.İ.Səfərov, 1937-1972- illərdə Azərb. SSR EA-nın müxbir üzvü, prof. Ə.S.Həsənov, 1973-1981-ci illərdə ə.e.x., prof. N.A.Rzayev, 1981-2018-ci illər ərzində b.e.d., professor A.M.Əfəndiyev rəhbərlik etmişdir.
Bioloji kimya ümumi tibbi-bioloji fənn kimi ATU-nun bütün fakültələrində tədris edilir. Kafedranın əsasını 1921-ci ildə Bakı Dövlət Universitetinin nəzdində rus alimi V.D.Malenyuk (1868-1932) qoymuşdur.
Vasili Diomidoviç Malenyuk 1892-ci ildə Xarkov Universitetini bitirmiş və həmin Universitetin tibbi kimya kafedrasında əmək fəaliyyətinə başlamışdır; 1915-ci ildə Tbilisi şəhərində Ali Qadın Məktəbinə işə dəvət edilən V.D.Malenyuk həmin məktəbin əsasında Zaqafqaziya universiteti təşkil edildikdən sonra 1921-ci ilə qədər tibbi kimya və farmakologiya kafedralarına rəhbərlik etmişdir. V.D.Malenyuk 1921-ci ildə Bakıya dəvət edilmiş, ümumi gigiyena kafedrasının professoru və müdiri vəzifəsinə qəbul edilmişdir. Universitetin təşkilindən sonrakı 3 il ərzində fizioloji kimya kafedrasının müdiri vəzifəsi boş qaldığına görə, bu dərsin tədrisi V.D.Malenyuka tapşırılmışdır. O, sonrakı illərdə gigiyena kafedrasının müdiri vəzifəsindən imtina edərək, fizioloji (bioloji) kimya kafedrasında işləmək fikrində olduğunu bildirmiş və bu kafedraya keçirilmişdir. Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən olan M.M.Mirqasımov və M.M.Əfəndizadə öz doktorluq dissertasiyalarını V.D.Malenyukun rəhbərliyi altında işləmişlər.
Azərbaycan Tibb İnstitutu yarandıqdan sonra bioloji kimya kafedrasına bir neçə il ərzində H.İ.Səfərov rəhbərlik etmişdir. O, kafedra əməkdaşları ilə birlikdə insan və heyvan biokimyası (xüsusən mineral mübadiləsi) sahəsində tədqiqat aparmışdır. 1937-ci ildə kafedranın müdiri vəzifəsi həmin il dissertasiya müdafiə edərək, tibb elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüş Ə.S.Həsənova həvalə edilmişdir. Əbdüləhəd Səftər oğlu Həsənov 1972-ci ilə qədər kafedraya rəhbərlik etmiş, respublikanın əməkdar elm xadimi və əməkdar həkimi fəxri adlarına layiq görülmüş, 1962-ci ildə Azərb. EA-nın müxbir üzvü seçilmişdir. Respublika biokimyaçılarının bütöv bir nəsli Ə.S.Həsənovun elmi məktəbinin yetirmələridir. Onun rəhbərliyi altında 12 doktorluq, 42 namizədlik dissertasiyası işlənilib, uğurla müdafiə edilmişdir. Onun öz əməkdaşları ilə birlikdə apardığı elmi-tədqiqatların əsasını vitaminlərin maddələr mübadiləsindəki rolunun öyrənilməsi, respublikanın kurort amillərinin (o cümlədən «İstisu» mineral suyunun və Naftalan neftinin) müalicəvi təsirinin mexanizmlərinin tədqiqi, A vitamininin provitamini olan karotinin təklikdə və Naftalan nefti ilə kompleks şəkildə tətbiqi zamanı bir sıra patoloji proseslərin sağalma mexanizmlərinin araşdırılması təşkil etmişdir. Bu istiqamətlər üzrə aparılan elmi-tədqiqatlar sonralar əmək fəaliyyətini ya ATİ-nin (indiki ATU) bioloji kimya kafedrasında, ya da respublikamızın müxtəlif elmi-tədqiqat institutlarında davam etdirmiş bir çox biokimyaçı alimlərin namizədlik və doktorluq dissertasiyalarının əsasını təşkil etmişdir.
Ə.S.Həsənovun vəfatından sonra, 1973-cü ildən 1981-ci ilə qədər bioloji kimya kafedrasına Respublikanın əməkdar elm xadimi, prof. N.A.Rzayev (1927-1981) rəhbərlik etmişdir. O, zülal mübadiləsinin, qanın və limfanın bioloji kimyası, həmçinin gerontologiya və geriatriyanın biokimyəvi aspektləri üzrə bir sıra əsaslı elmi-tədqiqat işlərinin müəllifidir. Kafedranın əməkdaşları prof. N.A.Rzayevin rəhbərliyi altında maddələr mübadiləsinin orqanizmin yaşı ilə əlaqədar olan dəyişikliklərinin (gerontoloji aspektlərinin) öyrənilməsi üzrə tədqiqat aparmışlar. Bu tədqiqatlar sayəsində laktatdehidrogenaza, qələvi və turş fosfatazalar, qlükoza-6-fosfatdehidrogenaza və b. fermentlərin fəallığının ontogenezin müxtəlif mərhələlərindəki dəyişiklikləri aşkar edilmişdir. Bəzi vitaminlərin, mikroelementlərin və nadir metalların toxumadaxili oksidləşmə proseslərindəki rolunun (xüsusən karbohidratların pentozamonofosfat yolu ilə oksidləşməsi) ontogenez prosesində müqayisəli öyrənilməsindən maraqlı nəticələr əldə edilmişdir. Bu tədqiqatların nəticələri kafedra əməkdaşlarının (N.A.Rzayev, A.M.Əfəndiyev, F.Q.İslamzadə, A.N.Qarayev, M.A.Axundov, Z.Y.Əzimova, K.A.Quliyev, S.N.Məmmədxanlı, O.Y.Panova, S.F.Rəfibəyli, N.Q.Məmmədova, Ş.A.Əlimirzəyeva, R.A.Aslanova, S.A.Terequlova, G.B.Vəzirova, Z.Ə.Behbudova və b.) elmi məqalələrində öz əksini tapmışdır.
N.A.Rzayevin vəfatından sonra (1981) bioloji kimya kafedrasına 1984-cü ilə qədər dos. A.M.Əfəndiyev rəhbərlik etmişdir. 1984-cü ildə bu kafedra bioüzvi kimya kafedrası ilə birləşdirilmiş və birləşmiş kafedraya rəhbərlik Azərb. EA-nın müxbir üzvü, prof. R.A.Babaxanova həvalə edilmişdir. 1987-ci ildən etibarən kafedra yenidən sərbəst fəaliyyətə başlamış və kafedra müdiri vəzifəsinə 1986-cı ildə dissertasiya işini başa çatdırıb, biologiya elmləri doktoru alimlik dərəcəsi almış A.M.Əfəndiyev seçilmişdir.
A.M.Əfəndiyevin öz əməkdaşları ilə birlikdə yazdığı elmi işlər bir sıra inkişaf etmiş ölkələrin (ABŞ, İngiltərə, Niderland, Çexiya, Bolqarıstan, Yuqoslaviya və b.) 30-dan artıq nüfuzlu elmi mərkəzlərinin marağına səbəb olmuşdur. Həmin elmi-mərkəzlərin əksəriyyətinin bioloji kimya kafedrası ilə əməkdaşlığı indi də davam edir. A.M.Əfəndiyevin kafedraya rəhbərlik etdiyi müddətdə 2 doktorluq və 22 namizədlik dissertasiyaları müdafiə edilmişdir.
2019-cu ildən etibarən kafedraya rəhbərlik professor G.İ.Əzizova edir. 1982-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra M.M.Şemyakin adına Bioüzvi kimya Institutunun aspiranturasına daxil olmuşdur. 127 elmi əsər və 5 tədris metodik vəsaitin müəllifidir. 2016-cı ildə Pakistanın Karaçi Universitetinin Beynəlxalq Kimya Konqresi və 2017- ci ildə isə Sankt-Peterburqda keçirilən Beynəlxalq İmmunkimya Konqresində fəal iştirak etmiş və sertifikatla mükafatlandırılmışdır.
Kafedranın elmi-tədqiqat planının xronologiyasına nəzər saldıqda 1990-1995-ci illərdə əsas mövzusu «Toksik hepatozlar zamanı lipid mübadiləsinin və antioksidant təsirli ferment sisteminin pozulmaları və onların korreksiyası» olmuş, 1996-2000-ci illərdə «Azərbaycanda geniş yayılmış b-talassemiya mutasiyalarının daşıyıcıları olan xəstələrin qanında biokimyəvi dəyişikliklərin öyrənilməsi» mövzusunda elmi-tədqiqat işləri aparılmışdır.
2001-2005-ci illər ərzində kafedranın əsas elmi problemi «Xronik böyrək çatışmazlığı olan xəstələrin qanında biokimyəvi göstəricilərin öyrənilməsi» olmuşdur. 2006-cı ildən isə kafedrada «Müxtəlif mənşəli osteoporozlar zamanı xəstələrin qanında biokimyəvi dəyişikliklərin öyrənilməsi» mövzusunda işlər aparılır.
2011-2020- ci illər üçün 3 mühüm elmi istiqamət müəyyənləşdirilmişdir. Müxtəlif patologiyalar zamanı antimikrob endogen peptidlərin sekressiya səviyyəsinin dəyişmə dinamikasının öyrənilməsi mövzusunda işlər aparılmış və bu mövzuda kafedra müdiri professor G.İ.Əzizova, professor A.M.Əfəndiyev və kafedranın baş müəllimi Dadaşova A.R. –dən ibarət işçi qrup EİF-nun Qrand müsabiqəsinin qalibi olmuşlar və hal hazırda bu istiqamətdə təkminləşdirilmiş işlər davam etdirilir. Eyni zamanda, Ürək apoptozları zamanı apoptoz markerlərinin öyrənilməsi və Şəkərli diabet və böyrək patologiyası zamanı qan plazmasının zülal fraksiyalarının öyrənilməsi və proteinoqramın təhlili mövzularında mühüm işlər aparılır (2014-2019-cu illər).Kafedra müasir tələblərə cavab verən laboratoriya avadanlığı ilə təchiz edilmişdir. Bundan əlavə, kafedrada fəaliyyət göstərən «Hüceyrə patologiyasının biokimyası» problem elmi-tədqiqat laboratoriyasının yüksək səviyyəli bazasından elmi-tədqiqat işlərindən başqa, tədris məqsədilə də istifadə edilir. Bu laboratoriyada 2 doktorluq və 11 namizədlik dissertasiyası hazırlanmışdır. Laboratoriyada 1 elmlər doktoru və 7 nəfər elmlər namizədi çalışır.
Kafedranın əməkdaşları tədris prosesinin müasir tələbata uyğunlaşdırılması sahəsində vacib işlər görürlər. Mühazirələrin keyfiyyətinin yaxşılaşdırılmasına, onların bioloji kimya sahəsində əldə edilən yeni məlumatlarla zənginləşdirilməsinə, məşğələlərin əyani vəsaitlərlə təmin edilməsinə böyük diqqət və enerji sərf edilir. Tədris laboratoriyalarının hamısı müasir avadanlıqla təchiz edilmişdir. Kafedra əməkdaşlarının hazırladıqları əyani vəsaitlər tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına böyük imkanlar açır. Bioloji kimyanın müxtəlif sahələri üzrə kafedrada hazırlanıb çap edilmiş tablolar komplektini almaq üçün MDB dövlətlərinin 65 tibb institutu sifariş vermiş və bu tablolar görkəmli biokimyaçıların müsbət rəyləri ilə qiymətləndirilmişdir.
Kafedranın fəaliyyətdə olduğu müddət ərzində onun əməkdaşlarının 820 elmi məqaləsi və tezisi çap edilmişdir ki, onlardan 120-si son beş ildə çap edilmiş elmi işlərdir, o cümlədən 10-a yaxın monoqrafiyası, 6 dərsliyi, 40-dan artıq dərs vəsaiti çap edilmişdir. Kafedrada dərslik və dərs vəsaitləri hazırlanmasına böyük diqqət yetirilir. Kafedranın professorlarından A.S. Həsənov, N.A.Rzayev, F.Q.İslamzadə və A.M.Əfəndiyevin 1974-cü ildə çap edilmiş «Bioloji kimya» dərsliyi 1989-cu ildə F.Q.İslamzadə və A.M.Əfəndiyev tərəfindən yenidən işlənmiş və tamamlanmış şəkildə təkrarən çap edilmişdir. A.M.Əfəndiyev, F.Q.İslamzadə və A.N.Qarayevin yazdığı «Bioloji kimyadan laboratoriya məşğələlərinə rəhbərlik» 1992 və 1999-cu illərdə 2 dəfə çap edilmişdir. 1995-ci ildə rus dilində də «Laboratoriya işlərinə rəhbərlik» (A.M.Əfəndiyev, S.A.Cavadov, Z.A.Behbudova, Z.Y.Əzimova) çap edilmişdir.
2001-2004-cü illərdə kafedranın əməkdaşlarından biol.e.d., prof. A.M.Əfəndiyev, t. e. d., prof. F.Q.İslamzadə və t.e.n. F.İ.İslamzadənin «İnsan biokimyasının əsasları» adlı (Bakı, «Şirvannəşr») 4-cildlik əsaslı dərsliyi; 2004-cü ildə biol. e. d., prof. A.M.Əfəndiyev, t. e. d., prof. F.Q.İslamzadə biol.e.n., dos. A.N.Qarayev və t.e.n., dos. A.Ə.Eyyubovanın «Biokimyadan laboratoriya məşğələləri» və 2005-ci ildə biol. e. d., prof. A.M.Əfəndiyev, t.e.n., dos. A.Ə.Eyyubova və biol.e.n., dos. A.N.Qarayevin «Qanın klinik biokimyası» adlı dərs vəsaitləri çap edilmişdir. Tələbələrin və tibb mütəxəssislərinin böyük rəğbətlə qarşıladığı «İnsan biokimyasının əsasları» dərsliyi sonralar yenidən işlənərək 2004 və 2008-ci ildə təkrarən çap edilmişdir. «Bioloji kimyadan laboratoriya məşğələlərinə rəhbərlik» isə 2010-cu ildə ikinci dəfə çapdan çıxmışdır. Kafedranın əməkdaşlarından tibb elmləri namizədi, dosent F.İ.İslamzadə 2 dəfə (1989 və 2004-cü illərdə) çap edilmiş «Patoloji fiziologiya» dərsliyinin həmmüəlliflərindən biridir.
1993-cü ildən etibarən kafedrada tibbi biologiya ixtisasları üzrə təhsil alan, gələcəyin həkim-biokimyaçı və həkim-biofiziklərinə bioloji kimya və bioloji fizika ixtisasları üzrə xüsusi tədris kursu keçilməyə başlanmışdır. Biofizika üzrə dərsləri bu elm sahəsi üzrə Moskva şəhərində aspirantura qurtarmış və xüsusi hazırlıq keçmiş mütəxəssislər (biol.e.n., dos. H.A.Əbiyev, f.r.e.n., dos. Ş.Q. Babayev, f.r.e.n., dos. R.X.Cəfərov və R.Ə.Salmanova) keçirlər.
Tibbi biologiya ixtisası üzrə təhsil alan tələbələrin tədris proqramlarının digər ixtisasların proqramından fərqləndiyini nəzərə alan kafedra əməkdaşları proqramın müxtəlif bölmələri üzrə Azərbaycan və rus dillərində 25 tədris vəsaiti yazıb çap etdirmişlər. Bunlara aşağıdakılar misal ola bilər:
«Sinir toxumasının biokimyası» (A.M.Əfəndiyev və b. 1997); «Bioloji membranlar, membranların nəqlolunma sistemləri» (A.M.Əfəndiyev, G.İ. Əzizova, M.R.Quliyev, 1998; rus dilində); «İltihabi prosesin biokimyəvi aspektləri» (A.M.Əfəndiyev, A.A.Eyyubova, M.R.Quliyev, 1998, rus dilində); «Böyrəklərin biokimya və patobiokimyası» (A.M.Əfəndiyev, V.Qluşşenko, 1999, rus dilində); «Klinik vitaminologiyanın biokimyəvi aspektləri» (F.Q. İslamzadə, 1998); «Endokrin sistemin patobiokimyası» (Faiq İslamzadə və Fuad İslamzadə, 1999); «Qanın klinik biokimyası» adlı dərs vəsaiti (A.M. Əfəndiyev, A.Ə.Eyyubova, A.N.Qarayev, 2005); «Patoloji və klinik biokimya» (A.M.Əfəndiyev, A.Ə.Eyyubova, A.N.Qarayev, 2007); «Qidalanmanın və həzmin patobiokimyası» (A.Ə.Eyyubova, G.R.Vahabova, A.N.Qarayev, N.A.Yusifova, 2010); «Biochemical laboratore classes» (G.R.Vahabova, M.F.Əmirova, A.R.Dadaşova Baku, 2010).
Biofizika fənni üzrə Azərbaycan dilində dərslik «Biofizika kursu» (R.X.Cəfərov, 2007) və «Biofizikadan laboratoriya məşğələləri» adlı praktikum (H.Ə.Abıyev, M.S.İsmayılova və R.Ə.Salmanova, 2009) yazılaraq çap edilmişdir.
Kafedrada tələbə elmi cəmiyyəti fəaliyyət göstərir. Burada tələbələrin eksperimental tədqiqat aparması üçün hər cür şərait yaradılmışdır.
Hazırda bioloji kimya kafedrasının professor-müəllim heyəti 36 nəfərdən ibarətdir. Burada 2 nəfər biologiya elmləri doktoru, professor, 1 nəfər tibb elmləri doktoru, professor, 3 nəfər tibb elmləri namizədi, dosent, 24 nəfər biologiya elmləri namizədi (onlardan 6 nəfərin dosent elmi adı vardır) 2 nəfər dosent, fizika-riyaziyyat elmləri namizədi işləyir.
Kafedranın dosenti F.İ.İslamzadə 1994-2001-ci illərdə ATU-nun nəzdində fəaliyyət göstərən «Təbib» nəşriyyatının baş redaktoru vəzifəsində çalışmış, 1999-2008-ci illərdə universitetin nəzdində təşkil edilmiş N 01.013 Dissertasiya Şurasının elmi katibi olmuşdur. O, 2005-ci ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqanı olan «Azərbaycan Tibb Jurnalı»nın baş redaktorunun müavinidir.
Kafedranın əməkdaşlarından b.e.d., prof. A.M.Əfəndiyev, t.e.d., prof. F.Q.İslamzadə, t.e.n. M.R.Quliyev və t.e.n., dos. A.Ə.Eyyubova N 01.013 Dissertasiya Şurasının biokimya ixtisası üzrə üzvləridir.