Ortopedik stomatologiya kafedrasının tarixi 1954-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunda Stomatologiya fakültəsinin açılması ilə bağlıdır. Həmin ildə Stomatologiya fakültəsinin tərkibində Stomatologiya kafedrası yaradılaraq, kafedranın rəhbəri professor G.R.Qurbanov təyin edilmişdir. 1956-cı ildə bu kafedra 3 müstəqil kafedraya – Ortopedik stomatologiya, Terapevtik stomatologiya və Cərrahi stomatologiya kafedralarına ayrılmışdır.
1956-1965-ci illərdə Ortopedik stomatologiya kafedrasına əvəzçiliklə tibb elmləri namizədi, dosent Ə.İ.Həsənzadə rəhbərlik etmişdir.
1965-1985-ci illərdə Ortopedik stomatologiya kafedrasına tibb elmləri doktoru, professor Ə.A.Əhmədov rəhbərlik etmişdir.
1985-1990-cı illərdə Ortopedik stomatologiya kafedrasına tibb elmləri namizədi, dosent Ə.H.Hacıyev rəhbərlik etmişdir.
1990-2016-cı illərdə Ortopedik stomatologiya kafedrasına tibb elmləri doktoru, professor, E.E.Kərimov rəhbərlik etmişdir.
2017-ci ilin yanvar ayından Ortopedik stomatologiya kafedrasına tibb üzrə elmlər doktoru, professor N.A.Pənahov rəhbərlik edir.
1965-ci ildən Ortopedik stomatologiya kafedrasının bazası Bakı şəhəri 4 saylı stomatoloji poliklinikaya köçürülmüşdür. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyev cənablarının sərəncamı ilə Azərbaycan Tibb Universitetində ilk dəfə olaraq, Bakı şəhəri 4 saylı stomatoloji poliklinikanın bazasında Tədris Stomatoloji Klinika yaradılmış, stomatoloji kafedraların tədris bazaları əhəmiyyətli dərəcədə genişləndirilmiş, yeni, müasir avadanlıqlarla təchiz edilmişdir. Hal-hazırda da Ortopedik stomatologiya kafedrası Tədris Stomatoloji Klinikanın bazasında fəaliyyət göstərir.
Ortopedik stomatologiya kafedrasında tədris Azərbaycan, rus və ingilis dillərində kredit sistemi ilə aparılır.
1980-ci ildə professor Azərbaycan dilində “Ortopedik stomatologiyanın propedevtikası” adlı dərs vəsaiti, 1982-ci ildə professor Ə.A.Əhmədov və dosent Ə.H.Hacıyevin həmmüəllifliyi ilə “Ortopedik stomatologiya, I hissə” dərsliyi nəşr edilmişdir.
2008-ci ildə professor Z.İ.Qarayev və professor N.A.Pənahovun həmmüəllifliyi ilə “Ortopedik stomatologiya” dərsliyi nəşr edilmişdir.
Hal-hazırda kafedrada yeni tədris proqramına müvafiq surətdə, müasir elmi nailiyyətləri özündə əks etdirən yeni dərslik hazırlanmaqdadır.
Hal-hazırda kafedrada professor-müəllim və köməkçi heyyətində 56 əməkdaş çalışır. Onlardan 2 nəfər tibb üzrə elmlər doktoru, professor, 1 nəfər tibb üzrə elmlər doktoru, dosent, 6 nəfəri tibb üzrə fəlsəfə doktoru, dosent, 12 nəfər tibb üzrə fəlsəfə doktoru, assistent, 12 nəfər elmi dərəcəsi olmayan assistent vəzifəsində çalışırlar. Kafedrada 12 baş laborant, 7 laborant, 1 baş preparator fəaliyyət göstərir. 2 nəfər doktorant fəlsəfə doktorluğu dissertasiyası üzərində çalışır.