(+99412) 597-38-98

XIX əsrin axırı XX əsrin əvvəllərində Azərbaycanda əhaliyə ixtisaslaşmış otorinolarinqoloji yardım göstərilmirdi. Bakı şəhərində yerli əhalidən olmayan tək-tək həkimlər praktik fəaliyyət göstərirdilər.

Azərbaycanda otorinolarinqoloji kadrların planlı qaydada hazırlanması Sovet hökümətinin 1922-ci ildə qəbul etdiyi dekretdən sonra həyata keçirilmişdir. Bu dekretlə əlaqədar Qulaq, burun, boğaz xəstəlikləri (QBBX) ali təhsil ocaqlarında mütləq fənn olaraq tədris olunmağa başlamışdır.

Tədris planına otorinolarinqologiya fənni Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində 1922-1923-cü dərs ilində salınıb. Nəzəri kursun tədrisi müvəqqəti olaraq normal anatomiya kafedrasının professoru K.İ.Malinovskiyə tapşırılmışdı.

1925-ci ildə Azərbaycan Dövlər Universitetinin elmi şurası Saratov şəhərindən prof.İ.İ.Lukovu respublikaya dəvət etmiş, o, otorinolarinqologiya kafedrasının müdiri seçilmiş və tibb fakültəsində ilk dəfə QBBX kafedrasını təşkil etmişdir. 

1926-1927-ci tədris ilində ilk dəfə Bakı şəhərində Paster xəstəxanasında 10 çarpayılıq QBBX şöbəsi açıldı və kafedranın nəzdində poliklinik şöbə təşkil olundu.

Universitetin Tibb fakültəsinin Azərbaycan Dövlət Tibb İnstitutuna, Paster adına xəstəxananın isə Diyar Patologiyası İnstitutuna çevrilməsi ilə əlaqədar 1935-ci ildən QBBX kafedrasının klinik bazası Klinik İnstitutun QBBX şöbəsi oldu.

Prof.İ.İ.Lukov 1940-1941-ci tədris ilinə qədər klinikaya rəhbərlik etmişdir. 1941-ci ildə dos.A.Ö.Şıxlinski QBBX kafedrasının müdiri seçilmiş və o, 1970-ci ilə qədar  bu vəzifəni tutmuşdur.

1961-1962-ci illərdən başlayaraq prof.Ə.Qarayev adına 2 saylı Bakı Uşaq Klinik Xəstəxanasının yeni binasında LOR kafedra üçün 40 çarpayılıq filial verilmişdir. Filialın rəhbəri dos.Y.Ə.Qasımov təyin olunmuşdur.

Dos.Y.Ə.Qasımov ilk dəfə Azərbaycan dilində Tibb Universitetinin tələbələri üçün “Qulaq, burun, boğaz xəstəlikləri” dərsliyini yazmışdır.

1932-ci ildə Azərbaycan Tibb Cəmiyyətinin Otorinolarinqologiya bölməsi yaradılmış və ona sədr prof.İ.İ.Lukov seçilmişdir. 1946-ci ildə Otorinolarinqoloqların Ümumittifaq Cəmiyyətinin Azərbaycan şöbəsi yaradılmışdır. Cəmiyyətin rəhbəri dos.A.Ö.Şıxlinski seçilmişdir. O, 1970-ci ilə qədər cəmiyyətə rəhbərlik etmişdir. Dos.O.M.Hüseynov 1970-1982-ci, prof.Z.R.Cəfərov 1982-1995-ci illərdə QBBX kafedrasına müdirlik etmişlər.

1995-2017-ci ildə QBBX kafedrasına prof.Ə.M.Talışınskiy rəhbərlik etmişdir. Bu dövrdə Səhiyyə Nazirliyinin əmri ilə 4 saylı Şəhər Klinik xəstəxanasının QBBX şöbəsində uşaq çarpayıları açılmışdır. Onun klinikada işlədiyi dövrdə respublikada ümumi ağrısızlaşdırma altında otorinolarinqoloji operasiyaların aparılması xidməti, LOR-orqanların müxtəlif patologiyaları, yemək borusu, traxeya və bronxların yad cismləri və yanıqları zamanı ezofaqoskopiya, traxeobronxoskopiya, otorinogen kəllədaxili və orbital ağırlaşmalar zamanı operasiyalar geniş tətbiq edilməyə başlamışdır.

1990-cı ildə prof.Ə.M.Talışınskiy Respublika Otorinolarinqoloqlar Cəmiyyətinə sədri seçildi. Respublika Otorinolarinqoloqlar Cəmiyyəti Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyətinə  (IFOS) inteqrasiya etmişdir, Avropa Rinoloji Cəmiyyətinə üzv seçilmişdir.

2014-cü ildə kafedranın 4 saylı xəstəxanada yerləşən əsas bazası Tibb Universitetinin Tədris Cərrahi korpusuna köçmüşdur.

Kafedrada Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir.

2017-ci ilin dekabr ayından kafedraya prof.V.M.Pənahian rəhbərlik etməyə başlamışdır.

1992-ci ildə Ə.Əliyev adına AzDHTİ-nun Otorinolarinqologiya kafedrasına aspiranturaya daxil olmuşdur. 1995-ci ildə aspiranturanı bitirdikdən sonra həmin kafedraya assistent vəzifəsinə təyin olunmuşdur. Sonra dosent və professor vəzifəsində çalışmışdır. 1996-cı ildə namizədlik dissertasiyanı müdafiə etmış, 2001-2004-cü illərdə Rusiya Federasiyasının Moskva Elmi-Praktik Otorinolarinqologiya Mərkəzində qiyabi doktoranturasında olmuş, 2004-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyasından nostrifikasiyadan keçmiş.

92 elmi məqalənin müəllifidir, onlardan: 1- səmşələşdirici təklif, 1- metodik göstəriş, 1- dərs vəsaiti, 1- sorğu kitabıdır.

Rusiya Federasiyası, Fransa, Çexiya, Malaziya ölkələrində elmi konfranslarda və kurslada iştirak etmişdir.

Fənnin tələbələrə tədrisi kafedranın hər iki bazasında müalicə-profilaktika, ictimai səhiyyə və stomatologiya fakültələrində azərbaycan, rus və ingilis dilində,  hərbi fakültə və hərbi-tibbi feldşer fakültələrində isə azərbaycan dilində aparılır.   

Kafedrada aparılan elmi-tədqiqat işlərinin nəticələri ildə 10-12 məqalədə çap olunur.

Kafedrada prof.V.M.Pənahianın rəhbərliyi ilə 2018-2020-ci illərdə aşağıdakı mövzuda elmi-tədqiqat işinin aparılması planlaşdırılmışdır.