Azərbaycan Tibb Universiteti yarandığı ilk dövrdən xarici dil tədris edilmişdir. Yalnız 1943-cü ildə Xarici dillər kafedrası müstəqil fəaliyyətə başlamış və G.İ.Sidorçuk kafedra müdiri təyin edilmişdir.

   1960-1991-ci illər ərzində kafedraya Respublikanın Əməkdar müəllimi Ş.X.Cəbrayılbəyova, 1992-2001-ci illərdə isə professor A.H.Qarayev rəhbərlik etmişdir. 2002-ci ildən bu günə qədər Respublikanın Əməkdar müəllimi professor, filologiya üzrə elmlər doktoru Z.Ş.Məmmədova kafedraya rəhbərlik edir.

Son dövrdə Azərbaycan Ali Təhsilinin Avropa təhsil məkanına inteqrasiyası nəticəsində xarici dillərin, xüsusilə də ingilis dilinin öyrənilməsinə maraq və tələbat nəzərəçarpan dərəcədə artmışdır. Bu səbəbdən xarici dillərin tədrisində tamamilə yeni yanaşmalara istinad edilməsi və yeni texnologiyaların tətbiqi bir zərurət olmuşdur. Müasir tələblərə uyğun olaraq xarici dillərin (ingilis, alman, fransız, rus) tədrisinin məzmun və metodlarının təkmilləşdirilməsi kafedranın fəaliyyətinin başlıca istiqamətini təşkil edir.

   Hazırda kafedrada 49 əməkdaş fəaliyyət göstərir. Onlardan 42 professor-müəllim heyəti və 7 texniki işçidir. Professor-müəllim heyəti 1 professor, 1 professor-məsləhətçi, 1 f.e.d., 7 dosent, 13 baş müəllim, 19 müəllim, 5 baş laborant və 2 laborantdan ibarətdir.

   Hal-hazırda kafedra əməkdaşları tərəfindən hazırlanmış və çap edilmiş bir çox tədris materialları – “Русский язык” (Bakı, 2014, prof., f.e.d. T.Ə.Xəlilova) dərs vəsaiti, “Engilish for medical students (tibb tələbələri üçün ingilis dili dərsliyi)” (Bakı, 2015, prof. Z.Ş.Məmmədova) dərsliyi, “İngils, rus və Azərbaycanca danışıq nitqinin intensiv təlimi üzrə dərs vəsaiti” (Bakı, 2015, prof. Z.Ş.Məmmədova, baş müəl. T.M.Hüseynova) dərs vəsaiti, “Программа по русскому языку как иностранному (для студентов Медицинского Университета)” (Bakı, 2015, prof. Z.Ş.Məmmədova) rus dili proqramı, “Engilish for medical students (tibb tələbələri üçün ingilis dili)” (Bakı, 2015, dos. G.S.Rəhimova) dərs vəsaiti, “Русский язык” (учебное пособие для студентов стоматологического факультета) (Bakı, 2015, baş müəl. N.H.Hacıyeva, Ə.C.Əlizadə, N.A.Əliyeva) dərs vəsaiti, “Учебно-практический материал по русскому языку при обучении научному стилю речи студентов-медиков” (Bakı, 2016, prof. T.Ə.Xəlilova, prof. Z.Ş.Məmmədova, baş müəl. İ.İ.Kazımova, baş müəl. S.Ə.Səmədova) tədris vəsaiti, “Tests in English course for Medical Students” (Bakı, 2016, müəl. Ç.N.İsmayılova) tədris vəsaiti, “English” (Tibb Universitetinin hazırlıq şöbəsinin xarici dinləyiciləri üçün dərs vəsaiti) (Bakı, 2017, baş müəl., f.f.d. M.A.Gərayzadə) dərs vəsaiti və s. tədris fəaliyyətində səmərəli şəkildə tətbiq edilməkdədir.

   Eyni zamanda kafedra əməkdaşlarının hər bir təhsil pilləsi üçün müasir tələblərə uyğun proqram əsasında 2023-cü ildə hazırladıqları “Foreign Language (English) in business and academic communication for masters in Pharmacy” (Z.Ş.Məmmədova, S.Məmmədova, Ç.İsmayılova, K.İmanova, A.Qadaşova), “Foreign Language (English) in business and academic communication for masters in Clinical Psychology” (Z.Ş.Məmmədova, K.İmanova, A.Qadaşova, Ç.İsmayılova), Z.Q.Mustafayevanın 2024-cü ildə “Biznes und Kommunikation in der deutschen Sprachen” (Teil I) (Alman dilində işgüzar və akademik kommunikasiya) (I hissə) və “Kleine Geschichten Hauslektüre” (Ev oxusu) adlı 2 dərs vəsaitləri nəşr edilmişdir.

   Müasir biliklərə yiyələnmək məqsədilə müəllimlər mütəmadi olaraq ölkə daxilində və xaricdə ixtisasartırma kurslarında, təlimlərdə iştirak edirlər. Buna misal olaraq 2014-cü ildə Birləşmiş Krallığın Glazgo, Esseks universitetleri, həmçinin Avropa və Orta Asiyanın ixtisas təhsili verən bir çox universitetlərinin cəlb olunduğu Tempus FLEPP (Foreign Language Education for Professional Purposes) layihəsində Azərbaycan Tibb Universitetinin təmsilçisi olaraq Xarici dillər kafedrasının bir neçə əməkdaşı iştirak etmişdir.

   Bu istiqamətdə işin davamı olaraq 2023-cü ildə, ATU rəhbərliyinin təşəbbüsü və ABŞ səfirliyinin dəstəyi ilə mis. Tiffany Tillmanın müəllimlərin professional inkişafı yönümlü təlimlərində təhsilin ən aktual məsələlərinə (CLT – Communicative Language Approach to language teaching; Tech in the Student Centered Class” ,“How to use Quizlet for medical students?”, “Creating Google Classrooms”, “Teacher Professional Development at ATU”) dair müəllimlər çox dəyərli və lazımi məlumatlar əldə etmişdir.

   Ən son olaraq kafedranın əməkdaşları başda professor Z.Ş.Məmmədova olmaqla İstanbul şəhərində müəllimlər üçün təşkil olunmuş təlimdə iştirak etmiş və innovativ tədris metodları ilə tanış olmuşlar.

   Xarici dillər kafedrası gənc tibb mütəxəssislərinin hazırlığında müasir təhsil standartlarını həyata keçirmək üçün bundan sonra da əlindən gələni edəcəkdir.