Kafedra müdiri: ə.e.d., professor Cavanşir İsa oğlu İsayev
Əczaçılıq fakültəsinin profil kafedralarından olan farmakoqnoziya kafedrası 1938-ci ildə Azərbaycan Dövlət Əczaçılıq İnstitutunun nəzdində yaradılmışdır. Yarandığı gündən kafedraya professor Dəmirov İsrafil Adış oğlu rəhbərlik etmişdir. Kafedranın ilk müəllimləri dosentlər İslamova Nabat Ağaəli qızı, Manafov Ənvər Beydulla oğlu, Xəlilov Cəmil Səlahəddin oğlu olmuşlar. Kafedrada ixtisas fənni olan farmakoqnoziya ilə yanaşı, botanika və seçim fənni olan fitoterapiya tədris olunur. Kafedrada hər tədris ilində ikinci təhsil pilləsi olan magistratura üzrə 3 magistr təhsil alır. Eləcə də doktorantura xətti ilə əczaçılıq üzrə fəlsəfə doktorları hazırlanır.
Farmakoqnoziya kafedrasının ilk müdiri olmuş professor İ.A. Dəmirovun rəhbərliyi altında 8 elmlər namizədi, 1 elmlər doktoru hazırlanmışdır. İ.A.Dəmirov 1933-cü ildə Leninqrad əczaçılıq institutuna daxil olmuş, 1937-ci ildə institutu bitirib, Bakıya qayıtmışdır və Baş Apteklər İdarəsinin nəzarət-analitik laboratoriyasında sıravi işçi, sonra isə müdir vəzifəsində çalışmışdır. 1942-ci ildə Baş Apteklər İdarəsinin Naftalan təcrübə zavodunun elmi-tədqiqat laboratoriyasına müdir təyin olunmuşdur. Bir müddətdən sonra zavodun direktoru kimi fəaliyyət göstərmişdir. İ.A.Dəmirov 1939-cu ildən həmçinin pedaqoji fəaliyyətlə də məşğul olmağa başlamışdır. O, əvvəlcə Azərbaycan Dövlət Tibb İnstitutunun farmakoqnoziya və botanika kafedrasında assistent kimi işləmiş, 1941-ci ildən 1990-cı ilə kimi isə kafedra müdiri vəzifəsində çalışmışdır. 1990-cı ildən isə kafedrada professor-məsləhətçi kimi fəaliyyət göstərmişdir. İ.A.Dəmirovun əmək fəaliyyətinin 55 ili Tibb universitetinin əczaçılıq fakültəsi ilə bağlı olmuşdur. O, uzun illər ərzində kafedranın əməkdaşları ilə birlikdə öz elmi-tədqiqat işlərini Azərbaycanın dərman bitkilərinin öyrənilməsinə sərf etmişlər. İ.A.Dəmirov xalq təbabətinin təcrübəsindən Azərbaycan təbabətində istifadə olunmasına və onun elmi təbabətə daxil edilməsinə böyük diqqət yetirmişdir. Eləcə də mühüm yabanı dərman bitkilərinin yayılması, onların xammal ehtiyatı və tədarükü məsələlərini öyrənmişdir. 1941-45-ci müharibə illərində İ.A.Dəmirovun işləyib hazırladığı üsulla yabanı nardan limon turşusunun və sonra ondan da hematologiyada geniş istifadə olunan natrium-sitratın istehsalı təşkil edilmişdir. İ.A.Dəmirovun təklif etdiyi üsul əsasında acı yovşan bitkisindən santoninin istehsalı zavod miqyasında həyata keçirilmişdir.
Professor İ.A.Dəmirov respublikada orta və ali əczaçılıq təhsilinin təşkilatçılarından biri olmaqla, yüksək ixtisaslı elmi əczaçı kadrların hazırlanmasında da böyük rol oynamışdır. Onun yetirmələri nəinki respublikada, həmçinin keçmiş SSRİ-nin müxtəlif şəhərlərində də fəaliyyət göstərirlər.
İ.A.Dəmirov 1952-ci ildə “Azərbaycanın yovşan bitkisinin bəzi növləri santonin almaq üçün yeni xammal mənbəyi ola bilər” mövzusunda namizədlik dissertasiyası mövzusu və 1970-ci ildə “Azərbaycanın dərman bitkilərinin öyrənilməsi və istifadəsinə dair materiallar” mövzusunda dissertasiya müdafiə edərək əczaçılıq elmləri doktoru elmi dərəcəsi almışdır. Ona 1954-cü ildə dosent, 1972-ci ildə professor elmi adı, 1990-cı ildə isə “Azərbaycanın əməkdar əczaçısı” fəxri adı verilmişdir.
İ.A.Dəmirov Böyük Vətən müharibəsi illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığının tapşırığı ilə Naftalan təcrübə zavodunun bazasında az tapılan bir sıra dərman preparatlarının istehsalını təşkil etdiyinə görə “Qafqazın müdafiəsi”, “Böyük Vətən müharibəsindəki rəşadətli əməyinə görə” medalları ilə və “Səhiyyə əlaçısı” nişanı ilə təltif edilmişdir.
Professor İ.A.Dəmirovun 250-dən artıq elmi əsəri respublikada və xarici ölkələrdə dərc edilmişdir. Əsərlərinin siyahısı onun məhsuldar alim olmasını sübut edir. Onun elmi əsərləri sırasında 10 monoqrafiya, 2 dərslik, 2 dərs vəsaiti və 3 tədris-metodik vəsait var.
1990-cı ildən 2017-ci ilə qədər kafedraya İ.A.Dəmirovun yetirməsi olan professor Kərimov Yusif Balakərim oğlu rəhbərlik etmişdir. Professor Y.B.Kərimov 51 ildir ki, ATU-da fəaliyyət göstərir. 26 il farmakoqnoziya kafedrasının müdiri vəzifəsində çalışıb. Aspiranturanı və doktoranturanı bitirib, sonra isə həmin kafedrada assistent, dosent, professor və kafedra müdiri vəzifəsini tutub. Onun rəhbərliyi altında 5 əczaçılıq üzrə fəlsəfə doktoru və 2 əczaçılıq üzrə elmlər doktoru hazırlanıb. 160-dan çox elmi əsərin müəllifidir. Ümumilikdə 13 ixtiranın sahibidir ki, bunlardan da 4-ü istehsal prosesində tətbiqini tapmışdır. “Əczaçılıq və farmakoterapiya” jurnalının redaksiya heyətinin üzvü, “Farmakom” jurnalının və “Çelovek i lekarstvo” nəşrinin redaksiya şurasının üzvüdür. “SSRİ-nin ixtiraçısı” medalına layiq görülmüşdür. “Beynəlxalq Naturapatiya Assosiasiyasının üzvüdür və həmin assosiasiyanın “Qalen medalına” layiq görülmüşdür. Onun kafedraya rəhbərliyi dövründə Fransanın Aralıq Dənizi Tibb Universitetinin Farmakoqnoziya laboratoriyasının əməkdaşları ilə, Gürcüstan Respublikasının İ.Q.Kutateladze adına Farmakokimya Elmi Tədqiqat İnstitutu, Rusiyanın Sankt-Peterburq Əczaçılıq Akademiyası və Ukraynanın Milli Əczaçılıq Universiteti ilə sıx elmi əməkdaşlıq həyata keçirilmişdir. Əczaçılıq elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, professordur.
2017-ci ildən kafedraya Y.B.Kərimovun yetirməsi olan Cavanşir İsa oğlu İsayev rəhbərlik edir. İsayev C.İ.1988-ci ildən kafedrada baş laborant kimi fəaliyyətə başlamışdır. O, 1989-cu ildə «farmakoqnoziya» ixtisası üzrə aspiranturaya daxil olmuş və 1992-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirmişdir. Həmin ilin noyabr ayında farmakoqnoziya və botanika kafedrasına assistent vəzifəsinə təyin olunmuşdur və hal hazıra qədər həmin kafedrada çalışır. İsayev C.İ. 1995-ci ildə «əczaçılıq kimyası və farmakoqnoziya» ixtisası üzrə namizədlik dissertasiyasını, 2008-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edərək əczaçılıq üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakopeya və Farmakologiya Ekspert Şurasının üzvüdür. Əczaçılıq və Farmakoterapiya jurnalının redaksiya şurasının üzvüdür. O, 180-dən artıq elmi məqalə və tezisin, 3 dərsliyin, 1 monoqrafiyanın, 5 dərs vəsaitinin, həmçinin 6 ixtiranın müəllifidir.
Kafedranın əməkdaşları tərəfindən tədris olunan fənnlər üzrə dərslik, dərs vəsaiti, həmçinin monoqrafiyalar, metodiki göstərişlər hazırlanır və nəşr olunur. Əczaçı kadrların hazırlanması ilə yanaşı kafedrada Azərbaycan florasından olan bitkilərdə bioloji fəal maddələrin aşkar edilməsi, tədqiqi və tibbdə istifadəsi, bəzi yabanı bitkilərin xammal ehtiyatının öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri də aparılır.
Hazırda kafedrada “Tərkibində bioloji fəal maddələr olan bəzi bitkilərin farmakoqnostik tədqiqi və yeni fitopreparatların hazırlanmasında istifadəsi” mövzusu üzrə elmi tədqiqat işləri yerinə yetirilir.
Kafedranın əməkdaşları Azərbaycanın müxtəlif ərazilərində bitən yabanı dərman bitkilərinin farmakoqnostik tədqiqi ilə məşğul olurlar. Kafedra əməkdaşlarının qarşısında duran əsas vəzifələrdən biri də yerli bitki xammallarının tədqiqi, onlardan alınan bioloji fəal birləşmələr əsasında əhalinin təlabatına müvafiq keyfiyyətli və zərərsiz fitopreparatlar yaratmaqdır.
Kafedranın tarixi boyu əməkdaşlar tərəfindən 9 dərslik, 8 dərs vəsaiti, 30-dan çox metodik vəsait və 20-dən artıq monoqrafiya tərtib edilmişdir. Ölkəmizdə və xaricdə müxtəlif elmi jurnallarda 750-dən çox məqalə dərc edilmiş və 16 ixtira (patent) alınmışdır. İxtiralardan dördü: "Fitotussin" şərbəti, "Faqolin" məlhəmi, "Qobustan" və "Şəfa" balzamı müxtəlif əczaçılıq şirkətlərində istehsal edilir və aptek şəbəkəsində realizə olunur.
Kafedra müdiri C.İ.İsayev, professor-məsləhətçi Y.B.Kərimov, dosent N.H.Məmmədova və dosent S.E.Əliyeva əczaçılıq fakültəsinin Elmi Şurasının üzvləridir.
Dosent N.H.Məmmədova AMEA-nın Mərdəkan Dendrologiya İnstitutunun Elmi Şurasının üzvüdür. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nəzdində olan Analitik Ekspertiza Mərkəzinin fitopreparatlar üzrə ekspertidir.
Kafedranın əməkdaşları müntəzəm olaraq müxtəlif təşkilatlardan daxil olan dissertasiya işlərinə və avtoreferatlara rəy verirlər.
Hal hazırda Boloniya sistemi ilə təhsilə keçid ilə əlaqədər olaraq, farmakoqnoziya və tibbi botanika fənnləri üzrə proqramlar yenidən işlənilmiş, daha da təkmilləşdirilmişdir. Gələcəkdə kafedranın əməkdaşları tərəfindən Azərbaycanda bitən yeni dərman bitkilərinin axtarışı, toplanması, tədqiqatı işləri ilə daha ətraflı məşğul olmağı, AMEA-nın Botanika İnstitutu ilə birlikdə dərman bitkilərinin yayılma əraziləri, onların yayılmasını göstərən geniş maştablı xəritənin yaradılması, dərman bitkilərinin ehtiyatının təyini və yeni bitki mənşəli dərman preparatlarının yaradılması planlaşdırılır.
Kafedranın əməkdaşları 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Yanında Elmin İnkişafı Fondunun qrant layihəsində: Böyük maliyyə həcmli pilot layihəsi müsabiqəsində “Respublikanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıq üzrə müasir elmi-tədqiqat laboratoriyasının təşkili” adlı işlə iştirak etmiş və qrant layihəsi udulmuşdur. Layihənin rəhbəri professor Y.B.Kərimov, layihənin iştirakçıları: T.A.Süleymanov, C.İ.İsayev, F.İ.Əliyev, N.H.Məmmədova, E.H.Kərimli, A.S.Şükürova, H.M.Qurbanov olmuşdur. Qrant layihəsinə uyğun olaraq elmi tədqiqat laboratoriyası qurulmuş, müvafiq avadanlıqlarla təchiz edilmiş və fəaliyyətə başlamışdır.
Farmakoqnoziya kafedrası beynəlxalq əlaqələr və müqavilələrə əsasən Fransanın Aralıq Dənizi Tibb Universitetinin Farmakoqnoziya laboratoriyasının əməkdaşları ilə, Türkiyənin Hacettepe və Əskişəhər Anadolu Universitetinin farmakoqnoziya kafedrasının fitokimyəvi laboratoriyası ilə, Gürcüstan Respublikasının İ.Q.Kutateladze adına Farmakokimya Elmi Tədqiqat İnstitutu ilə, Rusiyanın Sankt-Peterburq Əczaçılıq Akademiyası və Ukraynanın Milli Əczaçılıq Universiteti ilə sıx elmi əməkdaşlıq həyata keçirir.
Farmakoqnoziya kafedrasında mütəmadi olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin və ölkənin müxtəlif Tibb kolleclərinin farmakoqnoziya fənnini tədris edən mütəxəssisləri üçün təkmilləşmə kursları təşkil edilir.
Son illər kafedra əməkdaşları tərəfindən tədris olunan ixtisas fənni – farmakoqnoziya üzrə 2 dərslik və 1 dərs vəsaiti tərtib edilmiş və nəşr edilmişdir.
Elmi tədqiqat işlərində alınmış nəticələr müxtəlif ölkələrin nüfuzlu jurnallarında dərc edilir.
Universitetin digər qabaqcıl kafedralarında olduğu kimi farmakoqnoziya kafedrasında da son illər tədris prosesi xeyli müsbət dəyişikliyə uğramışdır. Tədris olunan bütün fənnlər üzrə mövcud proqramlar elmi cəhətdən yenidən əsaslandırılmış və metodik baxımdan məqsədəuyğun formalarla zənginləşdirilmişdir. Kafedrada bütün fənnlər üzrə tədris prosesi ixtisaslı mütəxəssislər tərəfindən üç dildə - azərbaycan, ingilis və rus dillərində aparılır. Tədris olunan fənnlərin tələbələr tərəfindən daha asan öyrənilməsi üçün kafedrada mühazirə və təcrübə məşğələlərinin təqvim-mövzu planları əsaslı şəkildə yenidən işlənib hazırlanmış, müvafiq olaraq ayrı-ayrı mühazirə və məşğələ dərsləri üçün tədris materialları, onların məzmunu və funksional quruluşu müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, tədris olunan mövzular üzrə bütün tədris-metodik işləmələr yenidən hazırlanmışdır.
Farmakoqnoziya kafedrasının texniki fondu, xüsusilə mikroskop fondu xeyli artmış, demək olar ki, bütün dərs otaqları mikroskopla təchiz edilmişdir. Kafedrada mühazirələrin gedişi, eləcə də təcrübə dərslərində tələbələrin hazırladığı sərbəst işlərə aid slaydların nümayişi multimedia sisteminin köməkliyi ilə həyata keçirilir.
Farmakoqnoziya kafedrasının baş müəllimi Şükürova Aytən Sadiq qızı dissertasiya işinin bir hissəsini Türkiyənin Hacettepe və Anadolu Universitetlərində yerinə yetirmişdir.
Kafedranın əməkdaşı Babayeva Nərmin Təyyar qızı Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Hacettepe Universiteti arasında bağlanmış müqaviləyə əsasən, eləcə də TÜBİTAK (Türkiyə elm və texnoloji araşdırma qurumu) xətti ilə 2216 saylı təqaüd proqramından yararlanaraq “Hedysarum cinsinə aid bitkilərin farmakoqnostik xüsusyyətləri” mövzusunda elmi işini Hacettepe Universitetinin əczaçılıq fakültəsinin elmi tədqiqat laboratoriyasında yerinə yetirir.
Hazırda kafedrada 2 doktorant var. Onlar Azərbaycan florasından olan yabanı dərman bitkilərinin farmakoqnostik tədqiqi ilə məşğul olurlar. Onların tədqiqat işlərinin bir hissəsi Türkiyə universitetlərində, digər bir hissəsi isə Ulan-Ude şəhərində yerləşən Rusiya Federasiyasının Elmlər Akademiyasının Sibir Şöbəsinin ümumi və eksperimental biologiya İnstitutunun təbii kimyəvi birləşmələrin tədqiqi laboratoriyasında yerinə yetiriləcək, eləcə də həmin institutun əməkdaşları ilə birlikdə müştərək tədqiqatların aparılması, qrant layihələrində birgə iştirak, beynəlxalq və milli konfranslarda iştirak etmək, ekspedisiyaların təşkil olunması planlaşdırılır.
Son illər farmakoqnoziya kafedrasının əməkdaşlarının əldə etdiyi nailiyyətlərdən C.İ.İsayevin və T.A.Süleymanovun əczaçılıq üzrə elmlər doktoru dissertasiyası müdafiə edilməsini, professor elmi dərəcəsi almasını, dosent S.E.Əleyevanın və baş müəllim E.H.Kərimlinin əczaçılıq üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etməsini göstərmək olar.
Kafedranın dosenti Məmmədova Nərgiz Həbib qızı tədris işləri üzrə kafedra müdirinin köməkçisidir, əczaçılıq fakültəsinin TEC-in rəhbəridir. 1990-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutununun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildə “Botanika” ixtisası üzrə “Azərbaycan florasının Chenopodium L. cinsi və onun əhəmiyyətli növlərinin istifadə perspektivləri” mövzusunda namizədlik dissertasiyasın müdafiə etmişdir. 1997-ci ildən kafedrada çalışır. 30-dan çox elmi məqalə, 2 metodiki vəsait, 1 dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 1 fəlsəfə doktoru dissertasiya işi müdafiə edilmişdir.
Əliyeva Səbinə Şahmərdan qızı kafedrada 1999-cu ildən işləyir. Hal hazırda dosent vəzifəsində çalışır. 2000-ci ildə “Qırmızı ardıcın farmakoqnostik tədqiqi” mövzusunda dissertasiya işi müdafiə etmiş və əczaçılıq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 17 məqalə, 8 tezis, 1 tədris-metodiki vəsaitin, 1 patentin və 1 dərs vəsaitinin müəllifidir.
Əliyeva Sənəm Eldar qızı 2002-ci ildən kafedrada işləyir. Hal hazırda dosent vəzifəsində çalışır. 2017-ci ildə “Salvia L. cinsinə aid bəzi növlərin farmakoqnostik tədqiqi” mövzusunda dissertasiya işi müdafiə etmiş və əczaçılıq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 11 məqalənin, 8 tezisin, 1 patentin və 1 dərs vəsaitinin müəllifidir.
Kərimli Elvin Hacı oğlu 2010-cu ildən kafedrada işləyir. Hal hazırda baş müəllim vəzifəsində çalışır. 2017-ci ildə “Fraxinus L. cinsinə aid bəzi növlərin farmakoqnostik tədqiqi və istifadəsi” adlı dissertasiya işi müdafiə etmiş və əczaçılıq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 17 məqalə, 7 tezis və 1 patentin müəllifidir.
Qocayeva Fəridə ƏhmədAğa qızı kafedrada 1984-cü ildən işləyir. Hal hazırda baş müəllim vəzifəsində çalışır. 2 məqalə, 3 tezisin müəllifidir, botanika üzrə tədris proqramının müəlliflərindən biridir.
Şükürova Aytən Sadiq qızı 2012-ci ildən kafedrada işləyir. Hal hazırda baş müəllim vəzifəsində çalışır. 2018-ci ildə “Phlomis (Odotu) cinsinə aid növlərin farmakoqnostik öyrənilməsi” mövzusunda dissertasiya işini tamamlamış və 2023-cü ildə əczaçılıq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.. Şükürova A.S. 10 məqalə, 8 tezis, 1 patent və 1 dərs vəsaitinin müəllifidir.
Mustafayeva Xuraman Niyazi qızı 2014-cü ildən kafedrada assistent vəzifəsində çalışır. O, 2009-cu ildə Fransanın Aralıq dənizi Universitetində “Cephalaria kotschyi bitkisinin fitokimyəvi tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmişdir və əczaçılıq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. Mustafayeva X.N. 5 elmi məqalənin müəllifidir.
Cahangirova İlhamə Rafiq qızı 2018-ci ildən kafedranın əməkdaşıdır. 2001-2018-ci illərdə Latın dili kafedrasında müəllim vəzifəsində işləmişdir. 2010-cu ildə “Ambrosia artemisiifolia L. və Telekia Speciosa Baung. (Asteraceae) növlərinin bioloji fəal maddələrinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 25 məqalənin, 5 tezisin, 1 dərs vəsaitinin və 2 patentin müəllifidir.
Hacıyeva Esmira Mirbaba qızı 1992-ci ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir, həmin ildən 1999-cu ilədək universitetin Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasının Farmakologiya şobəsində, 1999-2018 illərdə Latın dili kafedrasında çalışmışdır. E.M.Hacıyeva 2008-ci ildən AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı təsdiq edilmişdır. 2014-cü ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdində D.01.161 Dissertasiya Şurasının qərarı ilə 5506.00 – “İxtisaslaşdırılmış tarix” /tibb və əczaçılıq/ ixtisası üzrə E.M.Hacıyevaya tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında qərar qəbul edilmişdir. 2012-2018-ci illərdə Əczaçılıq fakültəsinin akademik məsləhətçisi, 2018-2020-ci illərdə Biofiziki və bioüzvi kimya kafedrasında müəllim, 2018-ci ildən etibarən Əczaçılıq fakültəsinin dekan müavini, 2021-ci ildən Farmakoqnoziya kafedrasının baş müəllimi vəzifəsində çalışır. 2012-2016-cı illər ərzində Əczaçılıq fakültəsinin bakalavr pilləsində Buraxılış işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasının katibi vəzifəsində çalışırdı. 2001-ci ildən YAP-ın üzvüdür. 40-dan çox məqalə və tezislərin, o cümlədən 3 dərs vəsaitinin müəllifidir: “Klinik terminlərin lüğəti” , “Latın dili və stomatoloji terminlər” , “Azərbaycanca-Latınca-Rusca lüğət” . Məqalələr Azərbaycan Respublikasının və nüfuzlu xarici (ABŞ, Türkiyə, Ukrayna, Rusiya) elmi nəşrlərində çap edilmişdir.
Kərimova Zeynəb Kərim qızı 2018-ci ildən kafedranın əməkdaşıdır. 2002-2018-ci illərdə latın dili kafedrasında işləmişdir. 2016-cı ildə “Çəhrayı izabella (Vitis labrusca L.) üzümünün sənaye tullantılarından müalicəvi-kosmetoloji məlhəmin alınma texnologiyasının işlənib hazırlanması” mövzusunda dissertasiya işi müdafiə etmiş və əczaçılıq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 13 məqalənin, 2 tezisin və 2 patentin müəllifidir.
Məmmədova Vaqidə Vaqif qızı kafedrada 1997-ci ildən işləyir. Bu illər ərzində 4 məqalə, 3 tezisin müəllifidir, botanika fənni üzrə tədris proqramının müəlliflərindən biridir.
Zülfüqarova Mehriban Balabəy qızı 2018-ci ildən kafedranın əməkdaşıdır. 2008-2018-ci illərdə latın dili kafedrasında işləmişdir. Hazırda “Gəndalaş növlərinin bioekoloji, fitokimyəvi və bəzi farmakoloji xüsusiyyətlərinin tədqiqi” mövzusunda dissertasiya işi üzərində çalısır. 8 məqalənin və 2 tezisin müəllifidir.
Hal hazırda farmakoqnoziya kafedrasının əməkdaşları əczaçılıq fakültəsinin digər ixtisas kafedraları ilə birlikdə Respublikada yüksək ixtisaslı əczaçı kadrların və magistrların hazırlanması istiqamətində, həmçinin ölkə florasında olan yabanı dərman bitkilərinin farmakoqnostik baxımdan tədqiqi sahəsində fəaliyyətlərini davam etdirirlər.